26 C
Bakı
19 Avqust 2026 22:12
DünyaSiyasət

İlham Əliyev həqiqətən Putindən qorxur?

Azərbaycan siyasi mühitində illərdir təkrarlanan bir fikir var: İlham Əliyev Putindən qorxur, Kremlin dəstəyi ilə hakimiyyətdə qalır və buna görə Rusiyanın iradəsindən kənara çıxa bilməz.

Amma son illərin hadisələrini ardıcıllıqla yan-yana qoyanda bu tezislə faktlar arasında ciddi ziddiyyət yaranır.

2024-cü ildə Rusiya sülhməramlıları Qarabağdan çıxdılar. Halbuki 2020-ci il üçtərəfli bəyanatına görə onların ilk beşillik müddəti 2025-ci ilin noyabrında başa çatmalı idi. Rusiya hərbi kontingentinin vaxtından əvvəl çıxması Moskvanın Cənubi Qafqazdakı mövqeyi baxımından kiçik hadisə deyildi.

Ardınca başqa maraqlı məsələ ortaya çıxdı. Moskva Xankəndidə Rusiya Baş Konsulluğu açmaq istəyirdi. Rusiya rəsmiləri bunu açıq şəkildə bildirmişdilər. Amma konsulluq açılmadı. Bu gün Xankəndidə Rusiya konsulluğu yoxdur.

Sonra AZAL təyyarəsinin qəzaya uğraması Azərbaycan–Rusiya münasibətlərində daha ciddi sınaq yaratdı.

İlham Əliyev açıq şəkildə bildirdi ki, təyyarə Rusiya ərazisində yerdən açılan atəş nəticəsində zədələnib. O, Rusiyadan üzr istəməyi, məsuliyyəti etiraf etməyi, günahkarları cəzalandırmağı və kompensasiya ödəməyi tələb etdi. Hətta hadisənin ilk günlərində Rusiyanın məsələni ört-basdır etməyə çalışdığını söylədi.

Putindən qorxan dövlət başçısının davranışına bu, çox bənzəmir.

Gərginlik bununla da bitmədi.

2025-ci ildə Azərbaycan Rusiyanın dövlət mediasının bir hissəsi olan Sputnik Azərbaycan ofisində əməliyyat keçirdi. Rusiya tərəfinin etirazlarına və həbs olunan şəxslərin azad edilməsi çağırışlarına baxmayaraq Bakı geri çəkilmədi. Associated Press bunu Moskva ilə Bakı arasındakı münasibətlərin kəskin pisləşməsinin göstəricilərindən biri kimi qiymətləndirirdi.

İlham Əliyev həmin il Moskvada keçirilən 9 May paradına da getmədi.

İndi isə qarşıdurmanın başqa mərhələsini görürük.

Azərbaycan Baş Prokurorluğu Rusiya vətəndaşları İvan Knyazev, Semyon Uralov və Aleksey Çadayev barəsində konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırış, ərazi bütövlüyünün pozulması, etnik nifrətin qızışdırılması və terrorizmə açıq çağırışlarla bağlı cinayət işi çərçivəsində beynəlxalq axtarış elan edib.

Rusiya səfiri də XİN-ə çağırılıb və Rusiya mediasında Azərbaycan xalqına və dövlət rəhbərliyinə qarşı səslənən açıqlamalara görə ona sərt etiraz bildirilib.

Bütün bunlara ayrıca baxanda müxtəlif hadisələr təsiri bağışlaya bilər.

Amma ardıcıllıqla baxaq:

Rus hərbçiləri Qarabağdan çıxır.
Xankəndidə Rusiya konsulluğu açılmır.
AZAL məsələsində Bakı Moskvadan açıq şəkildə məsuliyyət tələb edir.
Əliyev Moskvadakı 9 May paradına getmir.
Sputnik Azərbaycanla bağlı əməliyyat keçirilir.
İndi isə Rusiya vətəndaşları beynəlxalq axtarışa verilir və Rusiya səfiri XİN-ə çağırılır.

Bunların heç biri Azərbaycanı “anti-Rusiya dövləti” etmir.

Azərbaycan Rusiya ilə diplomatik münasibətləri saxlayır, iqtisadi əməkdaşlıq edir, Putinlə danışıqlar aparır. Bakı Moskva ilə düşmənçilik siyasəti yürütmür.

Amma “Rusiya ilə münasibət saxlamaq” ilə “Rusiyadan asılı olmaq” eyni şey deyil.

Qərb mediasında da son illərdə Azərbaycan getdikcə Rusiyanın peyki kimi deyil, Moskvanın Cənubi Qafqazdakı zəifləməsindən istifadə edərək daha müstəqil siyasət aparan regional aktor kimi təsvir edilir. AP Qarabağdakı dəyişiklikləri Rusiyanın regiondakı təsirinin azalması ilə əlaqələndirirdi; Kremlin özü də münasibətlərin müəyyən mərhələdə çətinləşdiyini etiraf etmişdi.

Ona görə İlham Əliyevin daxili siyasətini necə qiymətləndirməyimiz ayrı söhbətdir. Demokratiya, insan haqları, siyasi məhbuslar, seçkilər barədə ona çox ciddi suallar vermək olar.

Amma bir siyasətçini tənqid etmək istəyiriksə, tənqid də faktlara söykənməlidir.

“İlham Əliyev Putinin adamıdır, Putindən qorxur və Kremlin göstərişi ilə hərəkət edir” tezisini də faktlarla sınamaq lazımdır.

Və onda çox sadə bir sual yaranır:

Əgər rus qoşunlarını ölkəsindən çıxaran, Rusiyanın Xankəndidə konsulluq açmasına imkan verməyən, AZAL məsələsində Putindən açıq şəkildə məsuliyyət tələb edən, Kremlin media strukturuna qarşı əməliyyat keçirən və indi Rusiya vətəndaşlarını beynəlxalq axtarışa verən hakimiyyət Putinin iradəsi ilə hərəkət edirsə, bəs Putindən müstəqil siyasət necə görünməlidir?

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Donald Trampın uda bilmədiyi CNN-i Azərbaycan uda bilərmi?

redaktor

Azərbaycanda doğum azalır, ölüm artır

redaktor

Türkiyədə müxalif “ovu” davam edir

admin