26 C
Bakı
19 Avqust 2026 21:12
DünyaSiyasət

Donald Trampın uda bilmədiyi CNN-i Azərbaycan uda bilərmi?

CNN dünyanın ən tanınmış media brendlərindən biridir. Bir vaxtlar ABŞ kabel xəbərlərinin az qala sinonimi idi. Bu gün isə Amerikada əvvəlki mövqeyində deyil.

2026-cı ilin ikinci rübündə gündəlik orta auditoriyada Fox News təxminən 1,6 milyon, MS NOW 655 min, CNN isə 496 min tamaşaçı toplayıb. Yəni CNN ABŞ kabel xəbər kanalları arasında ümumi auditoriyaya görə artıq üçüncü yerdədir.

Rəqəmsal sahədə də CNN əvvəlki dominant mövqeyini itirib: 2026-cı ilin mayında Comscore göstəricilərinə görə Fox News Digital 165 milyon, CNN isə 57 milyon unikal istifadəçi qeydə alıb.

Amma bu, CNN-in əhəmiyyətsizləşməsi demək deyil. Onun beynəlxalq nüfuzu və CNN brendinin çəkisi hələ də çox böyükdür. CNN-ın dəyəri təxminən 5 milyard dollar səviyyəsində göstərilir.

İndi bu media nəhəngini Azərbaycan Respublikası məhkəməyə verib.

Səbəb CNN-in 5 iyun 2026-cı ildə yayımladığı reportajdır. CNN mənbələrinə istinadən İsrail hərbi və kəşfiyyat əməkdaşlarının Azərbaycan ərazisindən İrana qarşı kəşfiyyat və hücum əməliyyatlarında istifadə etdiyini bildirib.

Azərbaycan bunu qəti şəkildə təkzib edir. Bakı bildirir ki, CNN material dərc olunmazdan əvvəl də Azərbaycanın mövqeyini bilirdi, sonradan təkzib və düzəliş tələblərinə baxmayaraq reportajını geri götürməyib.

Nəticədə Azərbaycan avqustun 18-də ABŞ-ın Delaver federal məhkəməsində CNN-ə qarşı defamasiya iddiası qaldırıb. CNN isə reportajının arxasında dayandığını açıqlayıb.

Azərbaycanın şansı varmı?

Var. Amma iş çox çətindir.

CNN-in məhkəmədə uduzduğu ən mühüm son nümunə 2025-ci ildə baş verib.

Keçmiş ABŞ Hərbi Dəniz Qüvvələri əməkdaşı Zachary Young CNN-i defamasiyaya görə məhkəməyə verdi. CNN onu Əfqanıstandan insanların çıxarılması ilə bağlı reportajda “qara bazar” kontekstində təqdim etmişdi.

Florida münsiflər heyəti CNN-i təqsirli bildi və Younga 5 milyon dollardan da əlavə təzminat ödədi.

CNN bundan əvvəl Nicholas Sandmann və Richard Jewell kimi şəxslərlə də defamasiya mübahisələrini məhkəmədənkənar, məbləği açıqlanmayan razılaşmalarla bağlayıb.

Amma CNN həmişə uduzmur. Əksinə, ABŞ-da medianı defamasiya işində məğlub etmək çox çətindir. Donald Trampın CNN-ə qarşı məşhur defamasiya iddiası məhkəmə tərəfindən rədd edilmişdi.

Azərbaycan işinin isə çox maraqlı bir nöqtəsi var:

CNN reportajı yayımlayarkən Azərbaycanın məlumatı qəti şəkildə təkzib etdiyini bilirdimi və buna baxmayaraq əlində iddianı sübut edəcək nə vardı?

Əgər iş discovery mərhələsinə qədər gedərsə, CNN-in mənbələri, məlumatı necə yoxlaması və daxili redaksiya qərarları mübahisənin mərkəzinə çevrilə bilər.

Amma Azərbaycanın qarşısında başqa, daha fundamental maneə də var: iddiaçı adi şəxs və ya şirkət deyil, xarici dövlətdir. ABŞ dövlət qurumlarının defamasiya iddiası qaldıra bilməməsi məlum hüquqi prinsipdir; indi məhkəmə həmin məhdudiyyətin xarici dövlətə də şamil olunub-olunmadığını araşdırmalı ola bilər. Bu səbəbdən iş hüquqi baxımdan da qeyri-adidir.

CNN-i məhkəmədə udmaq çox çətindir. Ancaq 2025-ci ildəki 5 milyon dollarlıq hökm göstərdi ki, mümkünsüz deyil.

İndi sual budur: Zachary Youngın bacardığını Azərbaycan dövləti də bacara biləcəkmi?..

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanda doğum azalır, ölüm artır

redaktor

Türkiyədə müxalif “ovu” davam edir

admin

Putin Ukraynanın Rusiyaya hücumlarının vurduğu ziyandan danışıb

redaktor