Adının önündə tarix elmləri doktoru, professor elmi ünvanları yazılan Nəsib Nəsibli “Səfəvi Müəmmasına Milli Baxış” başlıqlı yazısında Azərbaycan rəsmi tarixçiliyinin Sovet dönəmində formalaşdığını qeyd edərək Səfəvilər Dövlətinə və onun qurucusu Şah İsmayıl Səfəviyə müsbət münasibəti sovetlərin adı ilə bağlamağa cəhd edir.
Tarix fakultəsinin hər bir məzunu bilir ki, Azərbaycan dövlətçiliyinin Səfəvi dövrünün geniş tədqiqi , tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Azərbaycan Səfəvişünaslıq məktəbinin banisi Oqtay Əbdülkərim oğlu Əfəndiyevin adı ilə bağlıdır.
“Azərbaycan rəsmi tarixçiliyi Sovet dönəmində formalaşdı” kəşfini edən Nəsib Nəsibli açıq ifadə etməsə də Oqtay Əfəndiyevin Azərbaycan dövlətçiliyinin Səfəvi dövrünə həsr olunan findamental əsərlərinin-“XVI əsrin əvvəllərində Azərbaycan Səfəvilər dövlətinin yaranması (rusca), Bakı, 1961” və “Azərbaycan Səfəvilər dövləti XVI əsrdə , Bakı, 1981 (rusca)”-üzərinə kölgə salır.
Halbuki, Stalinin ölümündən sonra SSRİ-də cəmiyyət həyatının və siyasi sistemin mülayimləşməsi (“yumşalma”) bütün sahələrdə olduğu kimi tarixşunaslığa da təsir etdi.
Özbəkistan Elmlər Akademiyasının akademiki, tarix elmlər doktoru İbrahim Muminoviç Muminovun “Əmir Teymurun Orta Asiya tarixində rolu və yeri” kitabı 1968-ci ilin iyul ayında nəşr olunub. Bu kitab yalnız Sovet İttifaqında deyil, onun hüdudlarından kənarda geniş əks-səda doğurur. Özbəkistanın mühacirətdəki anti-sovet hərəkatının liderlərindən biri, ömrünün böyük hissəsini Türkistanın (Türkmənistan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Çinin Sincan əyaləti) tarixinin araşdırılmasına və yayılmasına həsr etmiş Bəymirzə Hayiti 1969-cu ilin aprelində Almaniya Federativ Respublikasında dərc etdirdiyi “Türküstanda Əmir Teymur haqqında yeni düşüncələr” adlı məqaləsində yazırdı ki, İbrahim Müminov sovet tarixşünaslığının hüdudlarını aşmış və Əmir Teymurun Orta Asiya tarixindəki görkəmli rolunu nümayiş etdirmişdir.
Heç şübhəsiz oxşar hallar digər sovet respublikalarında da baş verib. Gənc tarixçilərimiz bunu araşdırmaqla sübut edə bilərlər. Yəni, Nəsib Nəsiblinin “kəşf” etdiyi kimi Səfəvilər Dövlətinə münasibətin dəyişməsi sovet tarixşunaslığının nəticəsi deyil. Əksinə, görkəmli alim və böyük ziyalı Oqtay Əfəndiyevin İbrahim Muminov kimi sovet tarixşünaslığının hüdudlarını aşmışı ilə bağlıdır.
Şah İsmayıl Səfəvi və Səfəvilər Dövlətinin tarixi irsini şübhə altına almaq üçün Nəsib Nəsibli Azərbaycan rəsmi tarixçiliyinin Sovet dönəmində formalaşdığını iddia etməkləakademik Ziya Bünyadov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvləri Oqtay Əfəndiyev və Mahmud İsmayılov, professor Süleyman Əliyarov kimi nəhəng elm adamlarının fəaliyyətinin üzərinə kölgə salır. Süleyman Əliyarovun 1966-cı ilin yanvar ayının 8-də “Ədəbiyyat və İncəsənət” qəzetində məktub şəklində dərc olunan məqaləsi Azərbaycanın tarixi yer adlarının qorunub saxlanması və Gəncə şəhərinin tarixi adının özünə qaytarılması istiqamətində tarixi prosesin başlanğacı sayıla bilər. Əlfi Qasımövun fədakarlığı nəticəsində dərc olunan bu məqalə o qədər geniş əks-səda doğurmuşdu ki, səsi Türkiyə gedib çatmışdı. Türkiyədə çıxan “Yeni İstiqlal” qəzeti 1966-cı ilin mart ayının 30-da Süleyman Əliyarovun məqaləsindən bəhs edərək onu azərbaycanlı aydının ruslaşdırmaya qarşı mübarizəsi kimi təqdim etmişdi.
Mahmud İsmayılov 1967-ci ildə Moskvada çap olunan “SSRİ tarixi” kitabının “Qafqaz xalqlarının azadlıq mübarizəsi” və “Çarizmin milli-müstəmləkə zülmünün forma və metodları” adlı bölümünün müəlliflərindən biri kimi çarizmin işğalçı siyasəti, Qafqaz xalqlarının qəhrəman mübarizəsi və çarizmin milli-müstəmləkə zülmündən bəhs etmiş, hadisələrə obyektiv qiymət vermişdir.
Akademik Ziya Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə” və Azərbaycan Atabəylər dövləti (1136–1225-ci illər) əsərləri Azərbaycan tarixşunaslığına istiqamət verən əsərlərdəndir.
Oqtay Əfəndiyev, Süleyman Əliyarov, Mahmud İsmayılov, Ziya Bünyadov, İbrahim Muminov və adlarını burada qeyd etmədiyim görkəmli alimlərdən mənsub olduqları xalqların tarixi ilə bağlı fundamental əsərlər yadigar qalıb. Bu alimlərin irsinin üzərinə kölgə salmağa çalışan Nəsib Nəsiblidən nə qalacaq?

