27 C
Bakı
17 Avqust 2026 14:58
Tarix

“Biz insana insan kimi, qurd-quşa da öz dilində cavab veririk.”-Qaçaq Nəbi

Son günlər Qubadlının igid oğlu Nəbi Alıoğlu barədə sosial Mediada yenidən böhtanlar başlayıb. Onu “oğru”, “Quldur” kimi adlandırlar sanki Çar Rusiyasının polis dəftərxanasında işləyirlər və Azərbaycan oğluna Rusiya gözü ilə baxırlar. Qafqazda yerli əhaliyə divan tutan Rusiyanın dediklərini təkrar edənlər görəsən sadə məntiqdən niyə uzaqlaşırlar. Məlumdur ki, oğru və ya soyğunçu mənimsədiyi mal-dövlətlə özünə şərait qurur, zənginləşir. Nəbi isə varlılardan əldə etdiyi bütün pulları, taxılı və mal-qaranı Çar idarələrinin müsadirə etdiyi kasıb kəndlilərə paylayırdı.

Niyə qaçaq düşdü Nəbi? Kəndlər arasında yaylaq və torpaq üstündə düşən münaqişələrin birində baş verən toqquşmada Molla Bədəl adlı bir şəxs öldürülür. Tərəflər el adəti ilə barışsalar da, yerli pristav və bəylər bu fürsətdən istifadə edirlər. Qətldə heç bir iştirakı olmayan, hətta həmin vaxt ərazidə olmayan Nəbinin adını işə qatırlar. Nəbi günahsızlığına əmin olduğu üçün öz ayağı ilə Naxçıvana gedir. Orda onu tutub həbs edirlər, və həmin həbxsananın tarixində ilk dəfə olaraq Nəbi ordan qaçır.Sonra həbs edilib Şuşa həbsxanasına salınır. Ordan azad edləndən sonra Gorus həbsxanasında ona ölüm hökmü kəsirlər. Ordan da qaçmağı bacaran Nəbinin çıxış yolu Qaçaq həyatı olur.

Buna görə onu “Oğru” adlandıranlar sanki Çarın himayəsində yaşayan varlıların qisasını ondan almağa çalışırlar. Dünya tarixində Robin Hud, İtaliyada Françesko Anonimo, necə qəbul edilirdisə, Azərbaycan tarixində də Qaçaq Nəbi elə bir sosial ədalət simvolu idi.

Nəbini həbs edə bilməyən Çar Rusiyasının Tiflisdəki xüsusi idarəsi onun haqqında xalq arasında nüfuzdan düşürmə kampaniyası aparırdı. Onlar kəndlərə şayiələr yayırdılar ki, Nəbi əslində kəndlilərin pulunu götürüb özünə xəzinə yığır. Lakin Nəbi buna cavab olaraq müsadirə etdiyi hər bir kəndli borcunu rəsmi kənd kədxudalarının gözü qarşısında açıq şəkildə paylayırdı.

Nəbinin və dəstəsinin hər hansı bir yerdə gizlədilmiş xəzinəsi, qızıl ehtiyatı və ya daşınmaz əmlakı olmayıb. Onlar ömürlərinin sonuna qədər dağlarda, mağaralarda olduqca mürəkkəb və yoxsul bir həyat sürüblər. Əgər dəstə üzvlərindən biri adi kəndlinin toyuq-cücəsinə və ya bir tikə çörəyinə icazəsiz əl uzatsaydı, Nəbi həmin şəxsi dərhal dəstədən qovurdu.

Qaçaq Nəbi Türkiyə, İran, Gürcüstan ərazilərində xalq arasında çox böyük nüfuza malik idi. Bu səbəbdən həmin ölkələrə rahat gedib-gəlirdi: “Nəbi Güney Azərbaycanda haqqı tapdanan kasıblara, yoxsullara çox köməklik edib. Gürcüstana gedəndə zülmkarlar ondan çəkinirdilər. Gürcüstan, İran və Türkiyədə Nəbi haqda xeyli sənədlər, faktlar mövcuddur. İranda da qaçaq dəstələrinə kömək edir, kazaklardan aldıqları silahları onlara paylayardılar.

Nəbi hər kəsi dəstəsinə götürməzdi. Burada ancaq inanılmış qaçaqlar toplaşmışdılar. Nəbi yalnız inandığı adamları dəstəsinə cəlb edirdi. Bir maraqlı faktı da qeyd edim ki, onun dəstəsinin üzvlərinin sayı az idi. Bununla bağlı rəqəmlər müxtəlifdir. Bəzi mənbələrdə dəstə üzvlərinin sayının 18-25 olduğu bildirilir. Lakin onlar yaxşı döyüşçülər idi. Həmin səbəbdən də nizami ordunun əsgərlərinə inadlı müqavimət göstərə bilirdilər

Qaçaq Nəbinin özünəməxsus ənənəsi vardı: O, əsgəri öldürmürdü. Çalışırdı ki, əsgər itkisi olmasın. İlk atəşi atın ayağı altına atırdı ki, heyvan hürküb yıxılsın. Bununla da əsgərə “səni öldürmək istəmirəm” xəbərdarlığını edirdi.

Nəbi nadir hallarda adam öldürərdi: Bunlar kiminsə namusuna sataşan, kasıbın haqqını yeyən şəxslər olardı. O, bəyin, mülkədarın, yaxud onların övladlarının hansısa kənddə kasıbların namusuna sataşması barədə xəbər eşitdikdə həmin şəxsləri dərhal güllələdərdi, onlara aman verməzdi.

Nəbi kəşfiyyat şəbəkəsinə malik təşkilatçı idi. Zəngəzur, Naxçıvan və Ordubad kəndlərində çobanlar, bərəçilər və dəyirmançılardan ibarət xüsusi “xəbərçilər şəbəkəsi” var idi. Çar qoşunlarının hərəkəti haqqında məlumatlar Nəbiyə hələ qoşun yola düşməmişdən əvvəl çatırdı.

Zəngəzur qəza rəisinin Tiflisə göndərdiyi gizli məruzədə yazılırdı:

“Nəbini yerli əhalinin köməyi olmadan tutmaq qeyri-mümkündür. Çünki kəndlilər onu özlərinin yeganə müdafiəçisi və ədalət məhkəməsi hesab edirlər.”

Nəbinin ölümü ilə bağlı da yalan informasiyalar yayırlar. Guya Şah Hüseynin arvadı Nəbiyə vurulubmuş və ya Şah Hüseyn Nəbini öz namusunu qoruyub. Əzizlərim, Nəbini öldürən zaman Şah Hüseyn subay idi. Necə namus davası ola bilərdi bu? Nəbinin öldürülməsi tamamilə pul mükafatı ilə bağlıdır. Çar hakimiyyəti Nəbinin başına böyük məbləğdə qızıl pul mükafatı qoymuşdu. Arxiv sənədlərinə görə qətli törədən şəxslərin, Şah Hüseyn və Kərbəlayı İman bu pulu almaq və Çar hökumətindən sərbəst ticarət hüququ qazanmaq üçün namərdlik ediblər.

Sənədlərə görə, Nəbi “Qanlı Zəmi” adlı yerdə mühasirəyə alınmayıb, gecə saatlarında arxadan qəfil atəş açması nəticəsində qətlə yetirilib.

Nəbi 1896-cı ildə öldürüldükdən sonra Çar məmurları Zəngəzurda “Nəbi” adının uşaqlara qoyulmasına gizli qadağalar və nəzarət tətbiq edirdi. Çar idarəçiliyi ehtiyat edirdi ki, bu ad yeni nəsildə müqavimət və qaçaqçılıq ruhunu yaşadacaq.

 

Prof.Dr.Zaur Aliyev

Tacxeber.com

Oxşar xəbərlər

Bir fotonun izi ilə- erməni yalan təbliğatının qurbanı olan yaşlı qadın

redaktor

Danimarka şahzadəsi İzabella avqustun 3-dən etibarən orduda xidmətə başlayıb

redaktor

Təəssüf ki, almanların törətdikləri bu kütləvi qətllərdə azərbaycanlılar da iştirak etdilər

admin