Avqust 7-də Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan “Məkkə sazişi” və bu sazişin Azərbaycana təsirləri müzakirə olunmaqdadır. Sazişdə nəzərdə tutulan “üç ölkədən birinə silahlı hücumun digər iki ölkəyə də hücum kimi qiymətləndirilməsi” prinsipi NATO-nun 5-ci maddəsindəki kollektiv müdafiə mexanizminə bənzəyir. Ukrayna müharibəsi isə kollektiv müdafiə mexanizmlərinin real böhran şəraitində necə işləyə biləcəyi məsələsini yenidən gündəmə gətirib.
Azərbaycanın “Məkkə sazişi”nə qoşulmaq əvəzinə onun ayrı-ayrı mexanizmlərindən faydalanması (selektiv əməkdaşlıq) daha strateji addımdır.
Bəribaşdan qeyd edim ki, üç ölkəni və bundan sonra üzv olacaq ölkələri birləşdirən bu ititfaqın gələcəkdə ciddi hərbi-siyasi bloka çevriləcəyi ilə bağlı ehtimal çox azdır. Bu ittifaq Türkiyənin timsalında texnoloji imkanların, Pakistanın simasında nüvə ölkəsinin və Səudiyyə Ərəbistanının timsalında isə maliyyə resurslarının birləşdiyi kombinasiyadır. Heç şübhəsiz ki, bundan sonra Sazişə üzv ölkələr arasında birgə hərbi təlimlər, müdafiə sənayesi, texnologiya transferi, pilotsuz sistemlər, elektron müharibə və süni intellekt kimi sahələrdə əməkdaşlıqlar daha da dərinləşəcək. Amma Sazişin əhəmiyyətli hərbi təşkilata çevriləcəyi real görünmür.
“Məkkə sazişi”ndə ən diqqətçəkən detallardan biri digər dövlətlərin qoşulmasının açıq olduğunun qeyd olunmasıdır. Azərbaycanın Türkiyə və Pakistanla olan strateji münasibətləri vacib və ən çox müzakirə olunan sualı ortaya çıxarır:
Azərbaycanın bu sazişə qoşulması mümkündürmü, bu, nə dərəcədə realdır?
Bu suala cavab vermədən əvvəl qeyd etmək lazımdır ki, ittifaqlara qoşulmağın böyük üstünlükləri və ciddi riskləri də var. Bu məsələlərin hər birinə qısa şəkildə toxunacağıq.
Öncə risklərə toxunaq.
BİRİNCİSİ (xarici siyasətdə manevr imkanlarının daralması):
Azərbaycanın bu sazişə qoşulması strateji maraqlarımıza tamamilə ziddir. Çünki heç bir hərbi ittifaqa qoşulmamaq Azərbaycanın əsas strateji xətlərindən birini təşkil edir. Azərbaycanın xarici siyasətinin əsas üstünlüyü bir istiqamətə bağlanmamaqdır. Türkiyə ilə müttəfiqlik, Pakistanla strateji münasibətlər, Səudiyyə Ərəbistanı ilə inkişaf edən əlaqələr, Rusiya, Çin, ABŞ və Avropa ilə ayrıca münasibətlər paralel şəkildə saxlanılır. Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür. Hətta Qarabağın işğaldan azad olunmasının əsas səbəblərindən biri məhz ölkəmizin heç bir hərbi ittifaqda yer almaması idi. Daha dəqiq ifadə etsək, Azərbaycanın heç bir hərbi ittifaqa qoşulmaması Qarabağ məsələsində müstəqil hərbi-siyasi qərarlar qəbul etmək imkanını qoruyan amillərdən biri idi.
İKİNCİSİ (müstəqil siyasət imkanlarının azalması vıə regional qarşıdurmalara cəlb olunmaq):
Ankara Bakının əsas strateji müttəfiqi olsa da, dövlətimiz xarici siyasət kursunu hər hansı ölkənin, eləcə də Türkiyənin maraqları üzərindən formalaşdırmır. Şəksiz, Türkiyə ilə üst-üstə düşən hədəflərimiz var və həmişə bu məsələdə eyni mövqedən çıxış etmişik. Sonuncu dəfə İsraildə üzakirə olunan qondarma “erməni soyqırımı” məsələsini buna misal çəkmək olar. Əslində Pakistan və Səudiyyə Ərəbistanı arasında hələ 2025-ci ilin sentyabrında qarşılıqlı “müdafiə sazişi” imzalanmışdı və bu sazişə Türkiyənin də yeni qoşulması formatın genişləndirilməsi kimi qiymətləndirilə bilər. Bunda sonra da genişləndirilməsi hədəflənən formatın əsas praktiki mexanizmləri qarşılıqlı texnoloji və müdafiə sənayesi sahələrindən daha da irəliləyərək NATO tipli hərbi bloka çevrilməsi ehtimalı çox aşağıdır.
Əsas suallardan və risk yaradan amillərdən biri budur – Bu ittifaq Türkiyə-Pakistan-Səudiyyə Ərəbistanının təhlükəsizlik platforması olacaq, yoxsa qarşıdurma bloku?
Biz tərəddüdsüz əminik ki, ittifaqa qoşulan hər bir ölkə məhz öz milli maraqlarından çıxış edərək birləşiblər. Bəs bizim milli maraqlarımız buna nə deyir?
ÜÇÜNCÜSÜ (Kollektiv müdafiə öhdəliyi):
Azərbaycanın prioritetlərini bilmədiyimiz ittifaq qarşısında hərbi və siyasi öhdəlik götürməsi əlavə risk yaradar. Kollektiv müdafiənin alternativsiz öhdəlikləri var, Azərbaycanın hər hansı hərbi öhdəlik götürməsi strateji və milli maraqlarımıza zidd olardı. Biz bu ittifaqın gələcəkdə hansı istimqamətdə hərəkət edəcəyini də bilmirik. Ermənistanla hərib münaqişəmiz var idi və o da bitib. Əgər heç bir hərbi ittifaqa qoşulmamaq Azərbaycanın əsas strateji problemini – Qarabağın işğaldan azad olunmasını təmin edən əsas amillərdən biri kimi çıxış edibsə, bundan sonra da hər hansı hərbi riskləri olan ittifaqlarda yer almaq məqsədəuyğun olmazdı.
DÖRDÜNCÜSÜ (Rusiya və Qərblə münasibətlərdə əlavə həssaslıq yaranmış ola bilər): Yeni hərbi blok Azərbaycanın digər güc mərkəzləri ilə münasibətlərinə təsir göstərə bilər.
Bəs Azərbaycan üçün hansı variant daha sərfəlidir?
Üzv olmalıyıq, yoxsa…
Hesab edirəm ki, qəararlar qəbul etmək üçün Azərbaycanın əhəmiyyətli təcrübəsi var. Məsələn, Azərbaycan vaxtilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü idi, amma daha sonra bu təşkilatı tərk etdi. NATO-nun da üzvü deyil və belə bir təşəbbüsü də olmayıb. Amma NATO-nun proqramlarına qoşulub, bu təşkilatın üzvləri ilə ayrı-ayrılıqda hərbi sahədə əməkdaşlıqlar edib. Azərbaycan yeni yaradılan ittifaqa qoşulmaq əvəzinə, ittifaqın yaratdığı mexanizmlərə qoşulmaq təcrübəsindən istifadə edə bilər. Bu mexanizmlər isə müdafiə sənayesi, hərbi təlimlər, kəşfiyyat və informasiya mübadiləsi, pilotsuz sistemlər, kibertəhlükəsizlik, hərbi texnologiyalar və terrorizmlə mübarizə əməkdaşlıqları üzərindən qurula bilər.
Müzakirəni “Azərbaycan ittifaqa qoşulsun, ya qoşulmasın?” müstəvisindən çıxarıb “Azərbaycan bu yeni geosiyasi prosesdən necə maksimum faydalana bilər?” müstəvisinə qaldırmalıyıq.
İmkanlardan böyük üstünlüklər əldə etmək mümkündür?
Bakı həm Ankara-İslamabad-Riyad xəttindən maksimum faydalanmaq imkanlarını əldə saxlamalıdır, həm də özünün balanslaşdırılmış xarici siyasət imkanlarını qorumağı bacarmalıdır. İdeoloji təhlükəsizlik və milli-mənəvi dəyərləri qorumaq şərtilə Türkiyə və Pakistanın texnoloji-müdafiə imkanlarından, Səudiyyə Ərəbistanının isə maliyyə resurslarından istifadə məqbul hesab oluna bilər. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın Türkiyə və Pakistanla ayrı-ayrılıqda hərbi və təhlükəsizlik istiqamətində əməkdaşlıqlarını nəzərdə tutan razılaşmalar var.
Bəs “Məkkə sazişi”nin hərbi ittifaqa çevrilməsini məhdudlaşdıran əsas amillər hansılardır?
Üzv ölkələrin hər birinin strateji hədəfləri demək olar ki, tamamilə fərqlidir. Türkiyə NATO üzvü kimi Qərb hərbi və təhlükəsizlik sistemi ilə əlaqəlidir, Pakistan üçün əsas risk Hindistandır, Səudiyyə Ərəbistanı isə təhlükəsizliyinin qarantı kimi hələ də ABŞ-ı görür. Düzdür, İran-ABŞ/İsrail müharibəsi Səudiyyə Ərəbistanını ciddi suallar qarşısında qoydu, ABŞ-ın onun təhlükəsizliyini qoruyacağı ilə bağlı etimadı sıfırladı. Səudiyyə Ərəbistanı da başqa yollar axtarır. Amma burada əsas məqam NATO üzv olan Türkiyənin iştirakçılığıdır. Hədəflər, mexanizmlər qalır, yerlər dəyişir.
Yaradılan ittifaqa sırf hərbi-siyasi birlik mövqeyindən yanaşmamaq da olar. Lakin “müsəlman dünyası birləşirmi?” sualını vermək üçün hələ tezdir. Çünki bu ölkələrin heç birinin bütün müsəlman dünyasını öz ətrafında birləşdirəcək siyasi və geosiyasi imkanları yoxdur. Bu sual o zaman daha ciddi aktuallıq qazanacaq ki, həmin dövlətlər üzv olduqları mövcud hərbi-siyasi ittifaqlardan kənarda müstəqil təhlükəsizlik və xarici siyasət kursu formalaşdırmaq imkanına sahib olsunlar.
