CəmiyyətHadisə

Təcridxanada həkim: “Bunu sənə verməyə ixtiyarımız yoxdur”

Ələsgər bəyin səhhəti ilə bağlı ciddi narahatlığımız davam edir.

Bu gün həbsxanada Ələsgər bəylə canlı görüşdüm. Səhhətində son günlər üzə çıxan ciddi problemdən sonra ilk dəfə idi ki, onunla üzbəüz görüşürdük. Bənizi solğun, özü yorğun və əsəbi görünürdü. Təngnəfəslikdən əziyyət çəkirdi.
“Son günlər heç halım yoxdur. Boğuluram, elə bil havam çatmır”, – dedi.
Soruşdum ki, bəlkə 14 il azadlıqdan məhrumetmə qərarı sənə psixoloji təsir edib?
Dedi: “Onsuz da 2 il 6 aydır qanunsuz və haqsız şəkildə həbsdəyəm. Bu qərar mənim üçün gözlənilməz olmadı. Sadəcə, orqanizmimdə nəsə ciddi neqativ dəyişikliklər baş verir.”
Əslində, Ələsgər bəyin həbsxanada olduğu müddətdə bir neçə ciddi sağlamlıq problemi yaranıb. Şəkərli diabetdən, yüksək təzyiqdən və qalxanabənzər vəzindəki şişdən əziyyət çəkir. Davamlı baş ağrıları onu izləyir.
Amma indi daha əvvəl heç vaxt yaşamadığı başqa bir ağrıdan danışır – ürəyindəki ağrıdan.
Deyir ki, bu, tanış ağrı deyil. Artıq ikinci dəfədir ki, sinəsində sanki qəfil zərbə hiss edir. Bundan sonra müvazinətini itirir və yerə çökməsə, ayaq üstə qala bilmir.
İlk dəfə bu hal məhkəmə prosesində baş verib. Hakim həmin vaxt məhkəmə iclasını bir müddət təxirə salıb. İndi isə eyni hal həbsxanada təkrar yaşanıb.
Dünən Ombudsman Aparatının nümayəndələri gəlib Ələsgər bəylə təxminən 20–25 dəqiqə söhbət ediblər. Dünən həmçinin təcridxananın həkimi onu müayinə edib, elektrokardioqramma (EKQ) çəkilib. Bu gün isə qan analizləri götürülüb. Lakin tibbi müayinənin nəticələri ona təqdim edilməyib. Sadəcə EKQ-nin şəkli bu səhər Ələsgər bəyə verilib.
Bir neçə saat sonra həkim yenidən onun yanına gəlib və həmin şəkili geri istəyib. Səbəb kimi isə “bunu sənə verməyə ixtiyarımız yoxdur” deyilib. Həkimin sözlərinə görə, Baş İdarədən sənədin geri alınması barədə göstəriş verilib.
Ələsgər bəy isə bundan imtina edib.
O, məhkumun öz sağlamlığı ilə bağlı tibbi məlumatları və müayinəsinin nəticələrini bilmək hüququnun olduğunu bildirib və həkimə deyib:
“Əgər burada qəfildən ürək tutmasından ölsəm, heç olmasa yaxınlarımın əlində bir sübut, bir sənəd olmalıdır.”
Bu sözləri eşitmək çox ağır idi. Çünki söhbət artıq sadəcə xəstəlikdən, tibbi müayinədən və ya bir sənədin verilib-verilməməsindən getmir. Söhbət həbsdə olan bir insanın həyatından gedir.
Həkimlə bu mübahisədən sonra görüşə gəldiyi üçün Ələsgər bəy olduqca gərgin və əsəbi vəziyyətdə idi.
Daha bir narahatedici məqam isə budur: onu müayinə edən digər həkim bildirib ki, nə exokardioqrafiya, nə də kardioqramma ürəkdəki real problemi tam göstərə bilər. Onun sözlərinə görə, Ələsgər bəyin mütləq angioqrafik müayinədən keçməsi lazımdır. Amma məlum olub ki, təcridxanada bunun üçün texniki imkan yoxdur.
Əgər həbsxananın özündə Ələsgər Məmmədlinin ürəyindəki problemin dəqiq müəyyənləşdirilməsi mümkün deyilsə, onda niyə onun kənarda lazımi tibbi müayinədən keçməsi üçün şərait yaradılmır?

İnsan həbsdə ola bilər. Amma həbs onun sağlamlığını qorumaq, tibbi yardım almaq və öz xəstəliyi barədə məlumat əldə etmək hüququnu əlindən almır. Məhkəmədə iştirak edən bütün şəxslər gördü ki, heç bir təqsiri sübut olunmayan şəxsə cinayətkarcasına 14 il həbs cəzası verildi. İndi isə onun həyatına real təhlükə yaranıb.

 

Nəsimi Məmmədli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Özünə xəyanət etmiş adamlara heç nəyi əmanət etmək olmaz

redaktor

“Sabah” Çempionlar Liqasının “pley-off”unda!

admin

Azərbaycan da Türkmənistan kimi?

redaktor