Şimali Koreya hərbçilərinin Rusiya ordusu tərkibində müharibədə iştirakları Ukrayna ilə yanaşı Cənubi Koreya üçün də ciddi təhlükə yaradıb.
Çünki, Şimali Koreya hərbçiləri müharibədə iştiraklarıyla təcrübə qazanır, yeni savaş üsullarını öyrənirlər. Şimali Koreya ordusundan fərqli olaraq Cənubi Koreya ordusunun 1950-ci illərdən bu yana döyüş təcrübəsi yoxdur. Şimali Koreya əvvəlcə Rusiyaya yüzlərlə, daha sonra minlərlə hərbçi göndərib, indi isə 30-50 min arasında hərbçinin Ukraynaya qarşı savaşa göndəriləcəyi barədə məlumatlar var. Kreml bu məqsədlə Rusiyanı Şimali Koreya ilə birləşdirən körpünün tikintisinə yüz milyon dollar xərcləyib.
Rəsmi Seul həmin hərbçilərin geri qayıtdıqdan sonra Cənubi Koreyaya təhdid formalaşdıracağı qənaətindədir. Şimali Koreya Rusiya-Ukrayna müharibəsindən təxminən 22 milyard dollar (bu sıraya raket və hərbi texnika satışını və işçi qüvvənin göndərilməsini də əlavə etmək lazımdır) qazanc əldə edib. Əhalisini dolandırmaqda çətinlik çəkən ölkə üçün bu böyük rəqəmdir.
Şimali Koreya əldə etdiyi gəliri əhalinin sosial problemlərinin həllinə deyil, hərbi gücünün artırılmasına – nüvə başlıqlı raketlərin modernləşdirilməsinə xərcləyəcək. Bu amil də beynəlxalq aləm üçün ciddi problemə çevriləcək.
