28.2 C
Bakı
11 Avqust 2026 10:27
CəmiyyətHadisə

Ailəsi: “Ələsgər Məmmədli təcridxanada yenidən ürək tutması keçirib”

“Toplum TV”-nin həmtəsisçisi, 14 il azadlıqdan məhrum edilən Ələsgər Məmmədlinin Bakı İstintaq Təcridxanasında səhhətinin yenidən pisləşdiyi bildirilir.

Onun həyat yoldaşı Günay Məmmədli avqustun 9-da bildirib ki, Məmmədli avqustun 8-dən 9-na keçən gecə ürək tutması keçirib və bir müddət ağrılar içində qalıb.

Günay Məmmədlinin sözlərinə görə, həyat yoldaşının ürək döyüntüləri dəqiqədə 120-ni keçib. O, həmçinin Məmmədlinin qalxanabənzər vəzində olan şiş səbəbindən isti havalarda boğulma hissi yaşadığını deyib.

“Həftə sonu olduğu üçün həkim də yoxdur”, – Günay Məmmədli bildirib.

O deyib ki, bu səbəbdən Məmmədliyə təcridxanada həkim yardımı göstərilməyib.

Ələsgər Məmmədlinin qardaşı Nəsimi Məmmədli də onun həbsdən ailəsinə zəng edərək səhhəti barədə məlumat verdiyini bildirib.

“Heç bir təqsiri sübuta yetirilməmiş ziyalı bir insana 14 il həbs cəzası verib, onu faktiki olaraq ölüm təhlükəsi ilə üz-üzə qoyublar”, – Nəsimi Məmmədli deyib.

Penitensiar Xidmət Ələsgər Məmmədlinin səhhəti və ona tibbi yardım göstərilib-göstərilməməsi ilə bağlı hələlik açıqlama verməyib.

Günay Məmmədli bundan əvvəl də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proseslər zamanı həyat yoldaşının ürək ağrılarından əziyyət çəkdiyini bildirmişdi.

Onun sözlərinə görə, Məmmədli məhkəmə iclasları zamanı “Korvalol” və təzyiq dərmanları qəbul edib. Günay Məmmədli bildirib ki, məhkəmə proseslərində onun səhhəti ilə əlaqədar dəfələrlə vəsatət verilsə də, hakim tibbi sənəd tələb edib.

“65 məhkəmə prosesinin bəlkə də 60-da səhhəti ilə bağlı vəsatətlər verilib. Həkimlər şifahi şəkildə hər dəfə əməliyyat olunmalı olduğunu deyirlər”, – o bildirmişdi.

Ələsgər Məmmədli 2024-cü il martın 8-də Bakıda klinikalardan birindən çıxarkən mülki geyimli şəxslər tərəfindən saxlanılıb.

Həbsindən sonra ailəsi və vəkilləri onun səhhətindəki problemlərlə bağlı dəfələrlə narahatlıq ifadə ediblər. Vəkilləri səhhətini əsas gətirərək Məmmədlinin ev dustaqlığına buraxılması üçün vəsatətlər qaldırsalar da, onlar təmin edilməyib.

İyulun 27-də “Toplum TV işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub.

Hökmə əsasən, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov və siyasətçi Ruslan İzzətli 15 il, “Toplum TV”-nin həmtəsisçisi Ələsgər Məmmədli və IDI əməkdaşı Əli Zeynal 14 il, Ramil Babayev, İlkin Əmrahov və “Toplum TV” əməkdaşı Müşfiq Cabbar 13 il, Fərid İsmayılov 12 il, Elmir Abbasov isə 11 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

Onların hər biri, həmçinin 2 il 6 ay müddətinə müəyyən vəzifələr tutmaq hüququndan məhrum olunub. Elmir Abbasov məhkəmə zalında həbs edilib.

Məhkəmə iş üzrə qaldırılmış mülki iddianı da təmin edib. Dövlət ittihamçısının vəsatəti əsasında üzərinə həbs qoyulmuş avtomobillərin və daşınmaz əmlakın müsadirəsinə qərar verilib.

“Toplum TV işi” üzrə həbs olunan şəxslər əvvəlcə qaçaqmalçılıqda ittiham ediliblər. Sonradan onlara qarşı ittihamlar ağırlaşdırılıb.

Təqsirləndirilən şəxslər ittihamları qəbul etmir, cinayət işinin siyasi sifariş olduğunu və peşəkar, ictimai-siyasi fəaliyyətlərinə görə həbs edildiklərini bildirirlər. (AbzasMedia)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Pulemyotçu Tonka: nasist əlaltısı

admin

Allahımız birdirsə, bu nifrət nəyə lazımdır?

redaktor

“Şah İsmayıl bizimdir, biz Səfəvilər dövlətinin varisiyik” – İqbal Ağazadə

redaktor