Serbiya Prezidenti Aleksandr Vuçiç bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin səfəri Serbiyaya zərər verməyib və Belqradın Rusiya ilə münaqişədə Kiyevin tərəfini tutması demək deyil.
Bir gün əvvəl Vuçiç Zelenskini Belqraddakı “Palata Srbiya” hökumət kompleksində qəbul etmişdi. Görüşdən sonra Serbiya lideri Ukraynada davam edən silahlı münaqişə fonunda iki tərəfin hərbi əməkdaşlıq məsələsini müzakirə etmədiyini bildirib.
“Zelenski gələndə onlar (siyasi rəqiblər – red.) onun və ya mənim dediklərimi dinləmədilər. Onlar yalnız şəkillər paylaşmaqla (sosial mediada – red.) və tərəf dəyişdiyimizi deməklə maraqlanırdılar. Biz tərəf dəyişmədik… Zelenskinin gəlişi ilə nə itirdik? Heç nə!”, – Vuçiç bazar günü jurnalistlərə bildirib.
Serbiya lideri Belqradın Rusiyaya qarşı sanksiyalara qoşulmadığını qeyd etdi. O, həmçinin xatırlatdı ki, Kiyev özünü elan etmiş Kosovo Respublikasını tanımır.
“Mən başqasına xidmət etməyəcəyəm. Nə İngiltərəyə, nə Almaniyaya, nə Amerikaya, nə də Rusiyaya. Mən yalnız Serbiyaya xidmət edirəm, bunu artıq öyrənin”, – Vuçiç bildirib.
Bir gün əvvəl, Zelenskinin səfəri zamanı müxalifət partiyası olan “Biz Xalqın Gücüyük”ün tərəfdarları və onların tərəfdaşları Belqradın mərkəzində etiraz aksiyası təşkil etmişdilər.
