İsrail–İran müharibəsinin ilk günündə İranın ali dini lideri Əli Xamenei başda olmaqla əlli nəfərdən çox yüksək vəzifəli şəxsin öldürülməsindən sonra ölkədə real hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib. Bu gün İranda ikibaşlı hakimiyyət özünü açıq şəkildə göstərir. ABŞ da İranla danışıqlarda kiminlə dialoqun qurulmasında qeyri-müəyyənlik olduğunu bildirib.
ABŞ–İran danışıqlarının tez-tez pozulması, əldə olunan razılaşmaların icra edilməməsi və hərbi eskalasiyanın davam etməsinin əsas səbəbi də İranın rəsmi nümayəndələrinin razılaşmalarının SEPAH tərəfindən qəbul edilməməsidir. İran Prezidenti Məsud Pezeşkian ölkəsinin ABŞ ilə imzaladığı memorandumun dəstəkləndiyini bəyan etsə də, İran parlamentinin 64 millət vəkili memoranduma qarşı birgə bəyanat yayıb.
Reallıq ondan ibarətdir ki, İran müharibənin dayanmasında deyil, regional miqyas almasına çalışır. Körfəz ölkələrinin müharibəyə qoşulması, İran–Ukrayna gərginliyi ilə Xəzəryanı dövlətlərin münaqişə tərəflərinə çevrilməsi də İran üçün arzuolunan ssenaridir. Hətta Cənubi Qafqazda Zəngəzur dəhlizinin (TRIPP) dayandırılması üçün yeni konflikt də Tehranın planlarına daxildir. Tehran müharibənin genişlənməsini İranı son qələbəyə aparan fürsət hesab edir.
İran Hörmüz boğazını bağlamaq istəyi ilə dünya iqtisadiyyatına təsir göstərərək qələbəyə bərabər razılaşma qazanacağı qənaətindədir. Ancaq ABŞ İranı dəniz blokadasına almaqla İranda daxili sabitliyə təsir edən ciddi iqtisadi çətinlik yaradıb. Hörmüzdə azad gəmiçiliyə mane olan İranın addımları ona qarşı beynəlxalq hərbi koalisiyanın yaranmasını sürətləndirir. Təsadüfi deyil ki, İranın keçmiş xarici işlər naziri Cavad Zərif də Hörmüz boğazı üzərindən blokadanın İranı beynəlxalq hərbi koalisiya ilə üz-üzə qoyacağını bəyan edib.
Artıq qənaət budur ki, SEPAH və teokratik quruluş hakimiyyətdən getməyənə qədər İran təhlükəsi bütün region üçün əsas təhdid olaraq qalacaq.
