28.1 C
Bakı
01 Avqust 2026 11:37
Cəmiyyət

Şairin ömrü neçə il yaşaması ilə deyil, həqiqətin yanında neçə dəfə dayanması ilə ölçülür

Nəriman Həsənzadə vəfat etdi.

Allah rəhmət eləsin.

İnsan ömrü sona çatır. Bu, həyatın dəyişməyən qanunudur.

Amma şairin, yazıçının və ümumiyyətlə ziyalının həyatı yalnız yaşadığı illərlə ölçülmür.

Onun əsl ömrü xalqın yaddaşında yaşayır.

Burada isə başqa meyarlar işə düşür.

Tarix şairin neçə medal aldığını xatırlamır.

Neçə orden daşıdığını da xatırlamır.

Tarix bir sual verir:

Bu insan həqiqətin yanında dayanmışdımı?

Ən böyük şairlər, yazıçılar və filosoflar öz xalqlarının vicdanına çevriliblər.

Mikayıl Müşfiq buna görə həyatını itirdi.

Hüseyn Cavid sürgünə göndərildi.

Əhməd Cavad güllələndi.

Aleksandr Soljenitsın həbs düşərgələrini yazdığı üçün sürgün olundu.

Václav Havel illərlə həbsdə qaldı, amma sonradan ölkəsinin prezidenti oldu.

Onlar hakimiyyətə görə yox, vicdana görə yaşadılar.

Bu gün isə Azərbaycanın ən böyük problemlərindən biri təkcə siyasi böhran deyil.

Ən böyük problemlərdən biri ziyalının susmasıdır.

Yüzlərlə insanın taleyi müzakirə olunur.

Jurnalistlər uzunmüddətli həbs cəzaları alırlar.

İnsan hüquqları, məhkəmə müstəqilliyi, söz azadlığı barədə ölkə daxilində ciddi mübahisələr gedir.

Amma tanınmış ziyalıların böyük əksəriyyəti susur.

Sanki onların missiyası cəmiyyətin vicdanı olmaq yox, rahat həyat sürməkdir. Əlbəttə, restoranda oturub yağlı tikələri içəri ötürmək, üstündən də bər-bəzəkli sağlıq deyib araq içməkdə heç bir qəbahət yoxdur. Qəbahət ondadır ki, ziyalı susduğuna görə kef edir, xalq isə acından ölür. Əlisa Nicat isə səfalət içində keçinir…

Halbuki ziyalı hakimiyyətin yox, xalqın yanında dayananda böyüyür. Möhtəşəm olur. Xəlil Rza kimi…

Qərb sivilizasiyasını siyasətçilər qədər filosoflar, yazıçılar, alimlər və azad düşüncəli ziyalılar formalaşdırıblar.

İdeyalar əvvəlcə ziyalıların beynində yaranıb, sonra cəmiyyətə yayılıb.

Ziyalı susanda isə cəmiyyət də tədricən susmağa başlayır.

Nəriman Həsənzadə uzun ömür yaşadı.

Bu ömrün ədəbi tərəfini tarix qiymətləndirəcək.

Amma onunla birlikdə bir sual da yaşayacaq:

Azərbaycan ziyalısı xalqın vicdanı olmağı bacardımı?

Bu sual təkcə Nəriman Həsənzadəyə aid deyil.

Bu sual bu gün yaşayan bütün şairlərə, yazıçılara, alimlərə, professorlara və özünü ziyalı hesab edən hər kəsə ünvanlanıb.

Çünki insan ömrü bitir.

Vicdanın ömrü isə tarix qədər uzun olur…

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanda qapısına qıfıl vurulan universitetlər – Niyə fəaliyyətləri dayandırılıb?

redaktor

“Vital Hospital” bağlandı

redaktor

Süni intellekt: qəza yoxsa qazanc nədən asılıdır?

redaktor