İspaniyanın Şimali Afrikadakı anklavı Seuta son bir həftədə Mərakeşdən miqrantların gəlməsindən sonra humanitar və təhlükəsizlik böhranı ilə üz-üzə qalıb. Kütləvi qanunsuz miqrant axınından sonra Seutada “tam miqrasiya böhranı” elan edilib.
Seutanın rəhbəri Xuan Xesus Vivas qəbul mərkəzlərinin həddindən artıq dolduğunu, insanların açıq havada yatdığını və müəssisələrin 2400% artıq yüklənmə ilə işlədiyini bildirib. Orta hesabla hər gün təxminən 300 nəfər gəlir ki, bu da bir neçə gün ərzində Seutaya təxminən 10 min miqrantın gəldiyi 2021-ci il böhranının təkrar olunması narahatlığını yaradır. Seuta hökuməti İspaniyadan fövqəladə vəziyyət elan etməyi və böhranı tənzimləmək üçün əraziyə hərbi qüvvələr göndərməyi tələb edib.
Seutada yaşananlar ilk baxışdan humanitar və miqrasiya böhranı kimi görünsə də, prosesin pərdəarxası məqamlarının olduğunu düşünürəm. Ümumiyyətlə, məsələni anlamaq üçün Seutanın coğrafi vəziyyətinə və tarixinə nəzər yetirmək lazımdır.
Seuta Aralıq dənizi ilə Atlantik okeanını birləşdirən Cəbəllütariq boğazının Afrika sahilində yerləşən strateji ərazidir. Coğrafi baxımdan Şimali Afrikada yerləşməsinə baxmayaraq, hazırda İspaniyanın muxtar şəhəri statusuna malikdir və Avropa İttifaqının xarici sərhədlərindən biri hesab olunur. Kiçik əraziyə malik olsa da, Seuta Avropa ilə Afrika arasında yerləşdiyi üçün həm hərbi-strateji, həm də miqrasiya marşrutlarına nəzarət baxımından mühüm əhəmiyyət daşıyır.
Seutanın müasir siyasi statusunun formalaşması XV əsrə gedib çıxır. Şəhər 1415-ci ildə Portuqaliya tərəfindən ələ keçirilsə də, 1580-ci ildə Portuqaliya və İspaniya eyni monarxın hakimiyyəti altında birləşdikdən sonra faktiki olaraq ispanların idarəsinə keçdi. Portuqaliya 1640-cı ildə müstəqilliyini bərpa etsə də, Seuta İspaniyanın tərkibində qalmağa üstünlük verdi və bu status 1668-ci il Lissabon müqaviləsi ilə rəsmən tanındı.
1956-cı ildə Mərakeş Fransa və İspaniyadan müstəqillik əldə etdikdən sonra Rabat Seuta və Melilyanı müstəmləkə dövrünün qalığı kimi qiymətləndirməyə başladı və həmin ərazilərin özünə qaytarılmalı olduğunu bəyan etdi. O vaxtdan etibarən Seuta iki ölkə arasında ən həssas siyasi məsələlərdən biri olaraq qalır. Mərakeş bu şəhərləri öz tarixi əraziləri hesab etsə də, İspaniya onların ölkənin ayrılmaz hissəsi olduğunu bildirir və suverenlik məsələsinin müzakirə predmeti olmadığını vurğulayır.
Son onilliklər ərzində Seuta ətrafında yaşanan miqrasiya böhranları, sərhəd insidentləri və diplomatik gərginliklər Mərakeşin əlində mühüm geosiyasi təzyiq rıçağına çevrilib. Lakin məsələ sadəcə Mərakeşin İspaniyaya təzyiq rıçaqlarından istifadə etməsi deyil. Hesab edirəm ki, prosesin pərdəarxasında ABŞ var.
Məlum olduğu kimi, Madrid son zamanlar Vaşinqtonun xarici siyasət xəttini, xüsusilə İran ətrafında formalaşdırmağa çalışdığı strategiyanı dəstəkləmir. Məsələn, İspaniya ABŞ və İsrailin İrana qarşı əməliyyatda iştirak edən qırıcı və yanacaqdoldurma təyyarələri üçün “Rota” (Kadis əyaləti) və “Moron-de-la-Frontera” (Sevilya) aviabazalarından istifadəni qadağan edib. Bundan başqa, məhdudiyyətlər üçüncü ölkələrdəki, o cümlədən Böyük Britaniya və Fransadakı ABŞ təyyarələrinə də şamil edildi. Bu təyyarələrə də İspaniyanın hava məkanından keçmək qadağan edilib. Bu ABŞ-ın İrana qarşı əməliyyatlarında çox ciddi itki verməsinə səbəb oldu.
Fikrimcə, Seutada yaranmış böhran məhz həmin rəftarın demarşıdır. Seuta üzərində miqrasiya təzyiqi yaratmaq İspaniyanın ən həssas nöqtəsinə zərbə vurmaq deməkdir. Bir tərəfdən minlərlə miqrant, digər tərəfdən Mərakeşin ərazi iddiası Madridi ikiqat siyasi təzyiq altında saxlayır.
Vaşinqton açıq şəkildə Madridə mesaj verir ki, ABŞ-dan uzaqlaşmağın ya da onun planlarını pozmağın geosiyasi nəticələri var. Mesajın ünvanı yalnız Madrid deyil, Avropanın ABŞ-dan daha müstəqil siyasət yürütmək istəyən bütün paytaxtlarıdır.
İspaniya bu məsələdə geri addım atmasa, proses daha da böyüyə bilər. Bu isə Mərakeşin işinə yarayır. Hətta miqrant böhranının böyüməsi fonunda İspaniyanın əraziləri Mərakeşə verməsi də mümkündür.
