HadisəKriminal

SOCAR-ın sahə rəisi: “Dənizaltı borular kəsilərək satılır”

Xəzər dənizində Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus dəniz özülləri və boruların kəsilərək satıldığı deyilir.

Bu iddia SOCAR-ın “Abşeronneft” Neft-qaz Çıxarma İdarəsinin sahə rəisi Xanhüseyn Gözəlovun SOCAR prezidenti Rövşən Nəcəfə yazılı müraciətində yer alıb. Müraciəti Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı iyulun 28-də sosial media hesabında ictimailəşdirib.

“Kəsilmə zamanı Xəzər dənizinin ekosistemi çirkləndirilir. Son dönəmdə Xəzərin Dübəndi və Şüvəlan sahillərində olan neft çirklənmələri məhz bu səbəbdən baş vermişdi. Sonuncu belə hal iyunun 18-də müşahidə olunub”, – ərizəçi qeyd edib.

X.Gözəlovun sözlərinə görə, bu ilin yanvar-fevral aylarında 250 saylı Stasionar Dəniz Özülü, iyulda isə 11 saylı estakadada olan istismara yararlı neft boruları “qanunsuz şəkildə heç bir sənəd və icazə olmadan kəsilərək qara metal kimi götürülüb”.

Sahə rəisi bildirir ki, bu və digər qanunsuzluqlar barədə şirkətə və aidiyyəti dövlət orqanlarına məlumat versə də, idarədən ona şiddətli töhmət verilib.

“Rəhbərlik etdiyim sahədə  idarə rəhbərinə  yaxın olan işçi tərəfindən mənə qarşı böhtan atılıb. Bu da öz növbəsində korrupsiya ilə bağlı müraciət edən şəxsə qarşı hədə-qorxu və böhtan atma əməlidir. Təəssüf hissi ilə bildirmək istəyirəm ki, idarədə olan qohumbazlıq, korrupsiya və s. barəsində SOCAR rəhbərliyinə dəfələrlə müraciət etsəm də, heç bir tədbir görülmür. Bütün hallarda problem SOCAR prezidentinin müşaviri Zaur Qəhrəmanov tərəfindən araşdırılmadan bağlanır”, – o əlavə edib.

X.Gözəlov SOCAR prezidentindən özül və boruların kəsilməsinin, eləcə də özünə qarşı təzyiqlərin dayandırılması üçün kömək etməyi xahiş edib.

Ötən ay sosial mediada Xəzərin Dübəndi sahilində dəniz suyunun neftlə çirkləndiyini göstərən videolar yayılıb.

SOCAR-ın həmin vaxt verdiyi açıqlamaya görə, yoxlamalar nəticəsində çirklənmə mənbəyinin “Azneft” İstehsalat Birliyinə məxsus sualtı neft kəmərlərindən biri olduğu müəyyən edilib və həmin kəmər üzrə neftin nəqli dayandırılıb.  (ToplumTV)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Qarabağ”la oyun ərəfəsində boykot və laqeydliyin vaxtı deyil”

admin

“WhatsApp” statusunda Ərdoğanla bağlı paylaşım edən vətəndaşa 15 sutka həbs cəzası verilib

admin

“Həkimdən MRT istəyimə cavab: ‘Xoruz banlamırdı, səhər açılmırdı?’”

admin