CəmiyyətDinDünya

İdeoloji müstəqillik ən çətin yoldur

İctimai rəydə “İranpərəst” və ya “Ruspərəst” adı çıxarmaq insanı dərhal milli xain simasında qələmə vermək üçün yetərli sayılır. Ancaq eyni dərəcədə ifrat Qərb, ABŞ və ya İsrail yönümlü mövqe sərgiləyənlər bu xətti “dövlətin strateji maraqları”, “Qərb dəyərləri” və ya “müttəfiqlik” adı altında legitimləşdirə bilirlər.

Prinsipcə, bir ölkənin xarici siyasətini dəstəkləmək başqa, həmin ölkənin ideoloji və siyasi təbliğatçısına çevrilmək tamamilə başqa şeydir. İstər Rusiya, istər İran, istərsə də ABŞ və ya İsrail maraqlarını kor-koranə müdafiə etmək — formaca fərqli görünsə də, mahiyyətcə eyni kökdən gəlir: öz milli maraqlarını başqa dövlətin geostrateji baxışına qurban vermək. O nə qədər xaindirsə, sən də o qədər xainsən!

Xüsusilə diqqətçəkən məqamlardan biri Türkçülük və ya milli cərəyanların daxilindəki ideoloji fərqliliklər və onların İsrail/Rusiya oxunda parçalanmalarıdır.

Dövlətlərin ana funksiyalarından biri də millət yaratmaqdır. İmperiyalar bəzən yoxdan millət yaradır; kiçik dövlətlər isə var olan milləti daha da təkmilləşdirməlidir. Bizdə millətçiliyə, xüsusilə Türkçülüyə baxanda, həqiqətən dərin böhranın olduğu açıq-aşkar görünür. Azərbaycanda Rusiya xəttində olan türkçülər, türkiyəçilər və İsrail xəttində olan türkçüləri açıq şəkildə sezmək olur.

Misal üçün, bəzi türkçülər Təbrizə, Ərdəbilə raket düşəndə belə sevinirdilər. Hətta bəziləri deyirdi ki: “Yaxşı olur, rejimi dəstəkləyənlər ölsün”. Bəs soydaş, qardaş, millət? Boş şeydir, əsas olan xətdən çıxmayasan. Biri də sual vermir ki, adamlar məcburdur sənin kimi düşünməyə? Farslar deyir ki, İrandakı rejim “türk molla rejimi”dir, buradakı azərbaycanlılar deyir ki, “fars molla rejimi”dir. Bu adamlara əlifbanın “A” hərfindən başlamaq lazımdır ki, İrandakı rejim etnik deyil, ideolojidir (teokratik) — eynən İsraildəki kimi. Bəziləri yazır, danışır, deyirlər ki, İrandakı türklər bədbəxtdir, məhv olublar, onları xilas etmək lazımdır. Kənd bələdiyyəsini seçə bilməyən adamların quru qazları, başqalarının halına acımaları adamı yandırıb yaxır.

Yaxın Şərq və ya İran ətrafındakı gərginlikdə Cənubdakı azərbaycanlıların təhlükəsizliyi məsələsinə yanaşmada ortaya çıxan fərqli münasibət böyük bir ideoloji böhranı göstərir. Rejimə olan nifrətin orada yaşayan milyonlarla soydaşımızın həyatından və mülki təhlükəsizliyindən üstün tutulması, “geopolitik hədəf” xatirinə mülki itkilərə göz yumulması milli baxışın əsl mahiyyətini ortaya qoyur. Ha başını sox qumun altına, dal çöldədir.

Çoxlu sayda ateist dostum var. Hələ bir dəfə onların hansısa dindara qarşı kəskin söz dediyini eşitməmişəm. Hətta ateistliyindən irəli gələrək hansısa teokratik dövlətə nifrət və ya sevgisini də görməmişəm. Hətta dostlarımdan biri zəng edib dedi: “Sən nə əcəb məndən “İranı niyə söymürsən?” deyə soruşmursan?” Cavabım belə oldu: “Sənin ateistliyin fəlsəfi yanaşmadır, özün də ədalətli adamsan, mənim üçün təəccüblü deyil”.

Yəni fəlsəfi və fərdi ateizm dindarla mübarizə aparmır və geosiyasi qütbləşmələrin alətinə çevrilmir. Ancaq sosial şəbəkələrdə fəallıq edən bəzi qrupların hədəfində ümumi dindən ziyadə məhz Şiəliyin olması bunun fəlsəfi dünyəvilik mübarizəsi olmadığını sübut edir. Bu, fəlsəfi ateizm deyil; sırf xarici geopolitik güclərin (ABŞ, İsrail və ya müxtəlif dini-siyasi cərəyanların) ideoloji təsirini daxili platformaya daşıyan, dini identikliyi hədəf alan siyasi sifarişdir. Niyə şiəlik yazdım? İran deyir, nüvə silahı yaratmayacam. Ancaq yenə bu tip adamlar tərəfindən tənqid olunur. Səudiyyə Ərəbistanına uranın zənginləşdirməsinin sərbəstliyini belə verirlər, bu adamların birinin “nüvə silahı pisdir” fikrini görmədim.

Kiminsə dindar olmağı bir ateisti niyə narahat etməlidir? Yaxud kiminsə ateist olmağı bir dindarı niyə narahat etməlidir? Bir dostum vardı, radikal dindar idi. Zamanında Suriyaya adam da göndərirdi. Bir gün dedi ki, niyə namaz qılmırsan? Mədəni şəkildə cavab verdim ki, mənim düşüncəmə görə deyil. Başladı təbliğata — bir, iki, üç… Maksimum səbrimi basdım. Axırda dedi ki, hər bir müsəlmanın öhdəliyi dindar olmayanı islama çağırmaqdır; mən çağırışımı etdim, borcumdan çıxdım. Vəssalam, bir də o mövzuya qayıtmadı.

Bir çoxları elə təqdim edir ki, guya dinin əleyhinə danışmaq, insanları dindən uzaqlaşdırmaq maarifçilikdir. Deyəsən, ancaq sizin ətrafınızda dindar-cahil var. Məsələ dinin özündə deyil, cəmiyyətdəki təhsil sisteminin çöküşündədir. Təhsil çökəndə dindar da cahilləşir, ateist də. Yoxsa mənim tanıdığım çoxlu sayda namaz qılan, dində buyrulduğu kimi yaşayan dindar insanlar var ki, aralarında alimindən tutmuş generalına qədər fərqli sahələrin adamlarıdır. Bir dindar dostum var, hər həftə mənə bir cild dinlə əlaqəsi olmayan kitab atır ki, oxu, həftə sonu müzakirə edək. Sən o namaz qılanı nə ilə maarifləndirəcəksən? Sənin ən savadlı ateistinin başı üçün deyil onu maarifləndirmək!

O gün bir ateisti həbs ediblər; hərbi formada, yaxası medallı fotolarını paylaşırlar ki, qazini həbs ediblər. Əgər sən sırf fəlsəfi ateizmdən danışırsansa, ateist konsepsiyasında “şəhidlik” və ya “qazilik” kimi teoloji və metafizik anlayışlar yoxdur. Sekulyar dövlətlərdə bu, Vətən uğrunda fədakarlıq və milli qəhrəmanlıqdır. Ancaq bizim sosial şəbəkə “maarifçiləri” dini şəhidliyi inkar edib, yerinə heç bir dünyəvi milli mənəviyyat qoya bilmirlər. Ateist deyir ki, Hüseynə yas saxlamaq cahillikdir. Deyirlər, İmam Hüseynə yas saxlamaqdansə, Polad Həşimova yas saxla, bizim şəhid odur. Əla! Ancaq dini çıxarıb yerinə milli-dövlətçilik şüurunu qoymursansa, sənin gözündə insana verilən dəyər nədir? Dini və milli konsepsiyanı siləndə geriyə sadəcə bioloji ölü qalır.

Baxıram yazdıqlarına, danışdıqlarına… Əvvəl hörmət etdiyim adamlar vardı, gözümdə bir köpüklük dəyərləri qalmadı. Tutulan ateisti Mirzə Fətəli Axundzadə və Cəlil Məmmədquluzadə ilə müqayisə edirlər. Şaxsey-vaxsey vururlar ki, bəs onlar da maarifləndirirdi, bu da maarifləndirir, cəmiyyətimiz dəyişməyib. Axundzadə və Mirzə Cəlil böyük adamlar idilər, cəmiyyətin kodlarını dəqiq görmüşdülər. Ancaq onları bu gün də “güncəl” edən, dahi edən onların uzaqgörənliyindən çox, bizim 100 ildir yerimizdə saymağımızdır! Biz dəyişməmişik — 100 il əvvəlki cəmiyyətik. Biz dəyişsəydik, Axundzadəni, Mirzə Cəlili tarixin mütəfəkkirləri kimi dərsliklərdən oxuyub keçərdik. Bizim dəyişməməyimiz, inkişaf etməməyimiz onları hələ də bugünün adamı, dahisi edir.

Bir çoxları bu fikri yeridir ki, cəmiyyətin bu vəziyyətdə olmasının səbəbkarı dindir. Din deyir ki, oxuma, yazma, öyrənmə, düşünmə? Din deyir ki, orta məktəbdə, ali məktəbdə təhsil vermə? Din deyir ki, təhsil sisteminin var-yoxunu böyürü üstə qoy? Təhsil sisteminə baxırsan, hamısı Qərbdən gəlib. Deyir, eşşəyə gücün çatmayanda palanı şallaqlayırlar.

Əvvəlkilərdən xəbərim vardı, indi, açığı, maraqlanmamışam. Azərbaycanda bir “ictimai sektor” anlayışı vardı. Hərə özünə bir təşkilat qururdu. Sözdə hakimiyyətlə mübarizə aparılırdı. Orada daha çox ateizm, azadlıq, azad həyat, azad seks, nə bilim, azad hər şey təbliğ olunurdu. Əməldə isə seks-partilər təşkil olunurdu. Hər cür əxlaqsızlıq, hər cür mənəviyyatsızlıq, hər cür cındırlıq vardı. Neçə-neçə qızları fahişəyə çevirdilər. Bu kruqların toplaşdığı klublar vardı; hər ora gedəndə pivə içib şalvarına işəyən qızlar görmüşük. Gəlib biri əksini yazsın görüm! 100 ildir dəyişməmişiksə, indi də bu kruqların dəyişdiyini düşünmürəm. Qadın, kişi fərq etməz, içkiyə qarşı deyiləm. İçib şalvarına işiyib, sonra gəlib mənə ağıl verəcəksənsə, deyəcəyim bir şey var – durrr…

Dara düşəndə Azərbaycanda ən çox əl atılan ifadələrdən biri də “Din dövlətdən ayrıdır” normasıdır. Konstitusion norma olaraq din dövlətdən ayrıdır. Ancaq təcrübədə dövlətin dini sahəni tənzimləməsi (Mənəvi Dəyərlərin Təbliğ Fondunun fəaliyyəti, din xadimlərinin təyinatı, beynəlxalq İslam təşkilatlarında təmsilçilik) Azərbaycanın həm tarixi-mədəni reallığı, həm də təhlükəsizlik strategiyasının bir hissəsidir.

Ölkədə sırf öz xalqının, öz dövlətinin bu gününü və gələcəyini heç bir xarici gücün çətiri altına girmədən düşünən bəlkə də bir ovuc insan var, ya yoxdur. İdeoloji baxımdan müstəqil olmaq, hər hansı bir xarici qütbün (Moskva, Tehran, Vaşinqton, Tel-Əviv və s.) pəncərəsindən dünyaya baxmamaq böyük intellektual və mənəvi müstəqillik tələb edir. İfrat qütbləşmələrin və “ya bizdənsən, ya da filan ölkənin agentisən” təfəkkürünün hökm sürdüyü mühitdə məhz milli mərkəzçilik (sağlam dövlətçilik) mövqeyində qalmaq ən çətin yoldur.

Niyə bu cəmiyyət bu vəziyyətdədir? Çünki ideoloji boşluq var. Siyasi partiyalar sadəcə addan ibarətdir, ölkədə real siyasi proses baş vermir. Siyasi proses baş verməyən cəmiyyətlərdə isə insanlar dinə yönəlir. Dünən inandığı, üzv olduğu partiyaya ümid bəsləyən insanlar baxıb görür ki, o da yoxdur, ümidini bağlayır Allaha! Ay insan, bu təkcə bizə aid deyil, bu bir düsturdur, aksiomadır! Belə cəmiyyətlərdə müxalifətçilik sənətə, partiya sədrləri isə bütə çevrilir. İdeologiya ilə yanaşı, ölkənin aydın bir hədəfi də yoxdur. Bu gün İran Azərbaycana çəp baxır — hamılıqla İrana söyürlər, sabah Rusiya çəp baxır — Rusiyaya, o biri gün Türkiyə — hamılıqla Türkiyəyə söyürlər. “Mənim kimi düşünməyən vətən xainidir, mənə biət etməyən dövlət düşmənidir”.

Maarifləndirməkdən, cəhalətdən danışmaq yaxşı şeydir. Ancaq dünyanın heç bir ölkəsində cəmiyyətin həyatına təsir edən fəal əhalinin sayı 1-5 faizi keçmir. Cəmiyyətin gələcəyini, siyasi-ictimai gedişatını və inqilabları müəyyənləşdirən fəal təbəqənin faizi ilə bağlı sosiologiyada məşhur “Elitanın dövriyyəsi nəzəriyyəsi” (Pareto və Moska) var. İstənilən cəmiyyətdə qərarları verən və gedişatı dəyişən qrup bütün əhalinin maksimum 1-5%-ini təşkil edir. AXC-ni quranlar da, ABŞ-ni yaradanlar da, dünyadakı böyük sistemləri dəyişənlər də məhz bu 1-3%-lik işıqlı, təhsilli elita olub. Onlar kütləyə düzgün ideologiya və istiqamət veriblər.

Siz nə edirsiniz? Ortada nə ideologiya var, nə sistemli elita, nə də aydın dövlətçilik hədəfi. 1%-lik işıqlı nüvə formalaşdırmadan, sosial şəbəkədə söyüş söyməklə milyonluq kütləni dəyişəcəyinizi sanırsınız. İnciməyin, elitasız və ideologiyasız kütləni tərbiyə etməyə çalışmağın adı maarifçilik yox, gerizəkalılıqdır!

 

Səxavət Məmməd

Tacxeber.com

Oxşar xəbərlər

Wildberries anbarlarına ardıcıl zərbələr: Ukrayna niyə məhz oranı hədəfə alıb?!

redaktor

Bakı Qızlar Universiteti rəsmən bağlandı

redaktor

Rusiya “Telegram”ın yaradıcısı Pavel Durovu terrorçu və ekstremistlər siyahısına saldı

redaktor