20 iyulda Ukrayna Qara dənizdə Rusiyanın Novorossiysk limanı yaxınlığında yerləşən Xəzər Boru Kəməri Konsorsiumunun (KTK) dəniz terminalında neft dolduran 4 tankerə, həmçinin terminalın özünə dron zərbələri endirdi. KTK terminalı işini dayandırmağa məcbur oldu.
KTK-nın əhəmiyyətini nəzərdən keçirək:
KTK terminalından, əsasən, Qazaxıstan nefti yüklənir.
Neftin yükləndiyi tankerlər Rusiyaya yox, Qazaxıstan və Qərb ölkələri şirkətlərinə məxsusdur.
KTK vasitəsilə sutkada ~1,2-1,4 milyon barrel neft nəql olunur.
Bu neftin ~93%-i Qazaxıstan yataqlarından (“Tengiz”, “Kaşaqan” və “Karaçaqanak”), ~7%-i LUKoyla məxsus Rusiya yataqlarından (Xəzərin şimal hissəsindəki “Filanovski” və “Korçagin”) çıxarılır.
Qazaxıstan yataqlarında müxtəlif Qərb şirkətləri işləyirlər. KTK-ya ən çox neft vuran (sutkada ~0,7 milyon barel) “Tengiz” yatağı üzrə yaradılmış “Tengizchevroil” konsorsiumunda ABŞ şirkətləri 75% paya malikdirlər (Chevron – 50%, ExxonMobil – 25%). Qazaxıstanın digər yataqlarında da Chevron və ExxonMobil böyük paylara sahibdirlər. Səhmdarlar arasında onlardan başqa Shell, Eni, Total Qərb şirkətləri də var.
Terminalın fəaliyyətinin dayandırılması ilə əlaqədar Qazaxıstan neft hasilatını 50%-dən də çox (sutkada 2,16 barreldən 1 milyon barrelə) azaltmağa məcbur oldu.
Qazaxıstan neft ixracının ~80%-i KTK vasitəsilə həyata keçirilir.
Qazaxıstanın büdcə gəlirlərinin azı 20%-i birbaşa olaraq KTK-nın fəaliyyətindən asılıdır.
İqtisadi ekspertlərin hesablamalarına görə, KTK boru kəmərinin tamamilə iflic olması Qazaxıstanın daxili maliyyə ehtiyatlarının cəmi 10 günə tükənməsinə səbəb ola bilər.
Göründüyü kimi, KTK Qazaxıstan üçün strateji əhəmiyyətli kəmərdir. Lakin onun işləməməsi ABŞ üçün də böyük itkilərə səbəb olur. Nəzərə alsaq ki, KTK neftinin ən böyük alıcılarından biri Rumıniyadır və Ukrayna dizel yanacağı idxalının 50%-i Rumıniyanın payına düşür, onda aşağıdakı suallar yaranır:
Ukrayna niyə Qazxıstanı cəzalandırır?
Ukrayna nə cəsarətlə ABŞ-ın transmilli şirkətlərinin maraqlarına zərbə vurur?
Ukrayna niyə özünü dizel yanacağından məhrum edir?
Bu hücumun Rusiyaya nə ziyanı ola bilər?
Fikrimcə, bu əməliyyatın təşkilatçısı Britaniyadır və o da əməliyyatı ABŞ ilə razılaşdırıb. Ümumiyyətlə, Ukraynaya kəşfiyyat məlumatlarını əsasən Britaniya verir. Qərbin kosmik kəşfiyyat məlumatlarının 80%-ni ABŞ toplayır. Məlumatların, demək olar ki, hamısı anqlosaks ölkələrinin (ABŞ, Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiya) kəşfiyyat xidmətlərinin ortaq “5 göz” sistemində yerləşdirilir: https://www.facebook.com/asif.shafaggatov.3/posts/4180066582309421
Bu ölkələrdən hər biri sistemə yerləşdirilmiş məlumatlardan istifadə edə bilər. Britaniya Rusiyada hədəflərin seçilməsində, izlənməsində və Ukraynaya ötürülməsində, məncə, məhz bu mənbədən istifadə edir. Beləliklə, Britaniya Ukrayna bayrağı altında Qazaxıstanın ixracını iflic edir.
Bəs Britaniya niyə bunu edir?
2022-ci ilin yanvarında Qazaxıstanda baş verənləri xatırlayın. O vaxt Qazaxıstanın şimal-qərbində baş qaldıran etirazlar qısa zamanda hökumət əleyhinə üsyana çevrildi. Bu hadisələri qızışdıran, əsasən, MI-6 agenturası idi. Onlar Rusiyanın Ukraynaya daxil olacağını gözlədiklərindən Qazaxıstanda hakimiyyətə 2-ci Zelenskini gətirməyi və Rusiyaya qarşı ikinci cəbhə açmağı planlaşdırmışdılar. Onların planına görə, Rusiya Qazaxıstan hökumətinə hərbi kömək göstərsəydi, bu yerli əhalinin qəzəbinə səbəb olmalı və Rusiya ilə qazax xalqı arasında azı partizan müharibəsinə çevrilməli idi. Bununla da Rusiya Orta Asiyada bataqlığa düşməli və Qərb Ukraynada istədiyini etməli, Rusiyanı Qara və Baltik dənizlərindən çıxartmalı idi. O vaxt bu plan baş tutmadı.
O hadisə ona görə baş verdi ki, Nazarbayev Zelenski kimi Qərbin Rusiyaya qarşı oyuncağı olmaq istəmədi. Razılaşsaydı, “üsyan” da olmayacaqdı. Üsyan yatırıldı, Nazarbayevin yerinə Tokayev gəldi – o daha çox Çinə meylli adamdır. Lakin çoxvektorlu siyasət aparmağa çalışır: Çinin də, Rusiyanın da, Türkiyənin də, Aİ-nin də, Britaniyanın da, ABŞ-ın da, hətta İsrailin də xoşuna gəlmək istəyir (xatırladıram ki, nə qədər qəribə olsa da, Qazaxıstan “İbrahim sazişinə” qoşulub). Amma Qərb artıq elə vəziyyətdədir ki, ona belə liderlar lazım deyil – Corc Buş-oğul demişkən: “Hər bir ölkə indi bir qərar verməlidir: ya bizimləsəniz, ya da terrorçularla”.
Hazırda Tokayev Nazarbayevin taleyini yaşayır. Qərb onu məcbur edir ki, tərəf seçsin. O başa düşür ki:
Qərbin tərəfini seçsə, Qazaxıstanı Rusiyaya qarşı 2-ci Ukraynaya çevirəcəklər – ölkə dağılacaq, lakin onun Ukrayna kimi arxası da yoxdur. Güman ki, Qərb Qazaxıstanı işidçilərlə dolduracaq.
Rusiyanın və ya Çinin tərəfini seçsə, onu düşmən ölkə kimi azı sanksiyalara məruz qoyacaqlar. Qazaxıstan sanksiyalar dözə biləcəkmi? Ölkədə də hakimiyyət çevrilişi etməyə kifayət qədər qüvvə hazırlanıb.
Tokayev təzyiqlərə baxmayaraq, bütün tərəfləri yola verməyə çalışırdı. Artıq Qərb gözləyə bilmir, çünki resursları tükənir, vaxt onların xeyrinə işləmir, Ukrayna 2027-ci ilə ordusuna adam tapmaya bilər, hər keçən gün isə Çinin daha da güclənməsinə səbəb olur. Qərb sentyabrda Rusiyada Maydan yaratmaq üçün bütün qüvvələrini və resurslarını səfərbər edib. Bu haqda daha ətraflı: https://www.facebook.com/asif.shafaggatov.3/posts/4408171399498937
KTK terminalının iflic edilməsinə mən məhz bu prizmadan baxıram. Bu Tokayevə xəbərdarlıq idi – yəni bizim tərəfi seç, yoxsa valyuta kanalını bağlaya bilərik. Terminal işləməsə, hasilat azı 2 dəfə düşəcək. Bu neftçilərin ixtisarına, əmək haqlarının azalmasına, büdcə gəlirlərinin kəskin düşməsinə səbəb olcaq. Neftçilər ölkənin şimal-qərbində yaşayırlar – keçən dəfəki “üsyan” da buradan başlamışdı. Yenidən üsyan qaldırıla bilər, bunun üçün Qərb xüsusi xidmətləri müvafiq hazırlıq işləri görüblər – ölkədə xarici qrantlar hesabına fəaliyyət göstərən yüzlərlə QHT-lər var. Lakin bu dəfə üsyan qalxsa, Rusiya köməyə gələ bilməyəcək, onun başı Ukraynaya qarışıb…
Tokayev bunları başa düşür. Məncə, onun 2 gün əvvəl Putinə Ukraynada müharibəni dayandırmaq barədə təklifi də Qərbin sözləri idi, çünki Tokayevin danışıqların hansı formatına qayıtmaq barədə təklif verməsi anlaşılmazdır – bu format Qərb tərəfindən rədd edilmişdi. Qərb Tokayev vasitəsilə Putinə İstanbul danışıqlarına qayıtmağı təklif etdi. Əslində bu Qərb tərəfindən qismən güzəşt kimi görünür. Amma əminəm ki, danışıqlara başlamaqla Qərb Ukraynaya vaxt qazandırmaq istəyir.
Bir həftə sonra 27 iyulda KTK terminalı fəaliyyətinə başladı. Aydındır ki, Qərb Qazaxıstan tankerlərinin vurulmayacağına təminat verməsəydi, terminal işə başlaya bilməzdi.
Təminat verdiyi aydındır, bəs bu təminatın müqabilində Tokayev Qərbə nə vəd verib?
Tezliklə görəcəyik.
Belə görünür ki, Qərb Rusiya və Çinə qarşı növbəti münaqişə ocağını Orta Asiyada qalamaq istəyir.
Yeri gəlmişkən, Ukrayna bayrağı altında Britaniyanın Xəzərdə İran gəmisini dronla vurması da bu qəbildən olan hadisədir – bu dəfə münaqişə bölgəsi kimi Qafqaz planlaşdırılıb.
