25 iyul 1799-cu il, Napoleon Bonapartın rəhbərlik etdiyi Fransa ordusu ilə Osmanlı qoşunu arasında Əbukir döyüşü baş verir. Antuan-Jan Qronun çəkdiyi tabloda Fransa sərkərdəsi Yohaim Müratla Osmanlı sərkərdəsi Seyid Mustafa paşanın qılınc döyüşü təsvir olunur.
Napoleonun Misir səfəri 1798-ci ildə başladı. Fransızlar quruya çıxandan sonra ingilislər Əbukir limanında lövbər salmış Fransa donanmasını məhv etdilər. Amma quruda Napoleon daha uğurlu idi və o zaman Osmanlı ərazisi olan Misiri öz nəzarətinə keçirdi. Növbəti ildə isə Suriyaya doğru irəlilədi. 1799-cu il martın 19-da Əkka şəhərini mühasirəyə aldı.
Napoleonun Suriyaya getməsindən istifadə edən Osmanlı ingilis gəmilərinin köməyi ilə Misirə 18 minlik qoşun çıxardı. Qoşuna alban mənşəli Seyid Mustafa paşa komandanlıq edirdi. Türklər ölkənin içərilərinə doğru getməyərək elə Əbukir ətrafında mövqe tutdular.
Bu xəbəri alan Napoleon Bonapart Əkkanı almadan mühasirədən əl çəkib Misirə qayıtdı. Onun cəmi 7700 nəfərlik qüvvəsi vardı, buna baxmayaraq döyüşə başlamağı qərara aldı.
Osmanlıların tutduğu mövqenin nöqsanı o idi ki, arxalarında dəniz idi, düşmən hücumunun qarşısını ala bilməyəndə geri çəkilib yeni mövqe tutmaq imkanları yox idi. Bonapart bunu dərhal anladı və istifadə etməyi qərara aldı.
Fransa piyadaları türklərin birinci müdafiə xəttini asanlıqla yardılar Buradakı müdafəçilər dənizə atılaraq ingilis gəmilərinə qədər üzməyə çalışdılar. Napoleon yazırdı: “Düşmən suya atılaraq sahildən təxminən 2 mil (1 dəniz mili – 1852 metr) uzaqda olan gəmilərə çatmağa çalışdı. Onların hamısı boğuldu. Nə zamansa gördüyüm ən dəhşətli mənzərə idi”.
Amma piyadalar xeyli cəhd etsələr də, osmanlıların ikinci müdafiə xəttini ala bilmədilər və geri çəkilməli oldular. Bu zaman türklərin bir hissəsi istehkamlardan çıxaraq fransızları təqib etdilər, yaralıları öldürdülər, hətta ölənlərin başını kəsdikləri deyilir. Mürat düşmənin parakəndə olmasını gördükdə öz süvariləri ilə sürətlə hücuma keçdi. O, şəxsən Seyid Mustafa paşaya qılınc zərbəsi endirərək iki barmağını qopardı. Paşanın açdığı atəş isə Müratı çənəsindən yaraladı.
Müratın hücumu Əbukir döyüşünün taleyini həll etdi. Türklər dəhşətli məğlubiyyətə uğradılar. Qoşun, demək olar, tamamilə məhv oldu. 2 min nəfər döyüşdə öldü, Seyid Mustafa paşa da daxil olmaqla 5 min nəfər əsir düşdü, qalanları suda boğuldu. Fransızlardan isə cəmi 220 nəfər öldü. Bonapart ertəsi gün Mürata diviziya generalı rütbəsi verdi.
İngilislərin göndərdiyi qayıqlar sayəsində cüzi sayda Osmanlı əsgəri gəmilərə yetişə bildi. Onlardan biri də Seyid Mustafa paşanın 30 yaşlı qardaşı oğlu Məhəmməd Əli idi. O, 1805-ci ildə sultan tərəfindən Misir hakimi təyin olundu və burada get-gedə müstəqilləşən Kavalılar sülaləsinin əsasını qoydu. Onun nəsli 1952-ci il hərbi çevrilişinə qədər Misirdə hökmran oldu.
Əbukir döyüşü Napoleonun ən parlaq qələbələrindən biri kimi Zəfər tağı plitəsində həkk olunub. Parisdə, Marseldə, Lildə, Tulonda və Tuluzada d’Aboukir küçəsi var.
