Bakı sakini “TikTok” sosial şəbəkəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) fəaliyyəti barədə yazdığı şərhə görə 15 sutka inzibati həbs edilib.
Tacxebeber.com “Abzas Media”nın əldə etdiyi məhkəmə qərarına əsasən xəbər verir ki, iyunun 3-də Suraxanı Rayon Məhkəməsinin hakimi Nərminə Rzayeva belə hökm verib.
İş materiallarında bildirilir ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi bir vətəndaş haqqında İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci maddəsi ilə protokol tərtib edib. Bu maddə internetdə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət nəzərdə tutur.
Polis əməkdaşı məhkəmədə bildirib ki, sözügedən şəxs “TikTok”da AYNA-nın ünvanına “qeyri-etik rəylər və ifadələr” yazdığı üçün polis şöbəsinə aparılıb. Məhkəmə qərarında onun konkret hansı ifadələri yazdığı göstərilməyib.
Vətəndaş məhkəmədə şərhi “bir anlıq əsəb” nəticəsində yazdığını deyib. O, taksi sürücüsü olduğunu, şərhi ona “səbəbsiz yerə cərimələr yazılması” ilə əlaqələndirib. Eyni zamanda, peşman olduğunu bildirərək himayəsində iki azyaşlı uşağının olmasının nəzərə alınmasını istəyib.
Məhkəmə isə onun əməlində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin olduğunu hesab edib və 15 sutka həbs qərarı verib.
Sosial şəbəkələrdə yazılan şərhlərə görə vətəndaşların inzibati həbs edilməsi ilə bağlı bundan əvvəl də qərarlar çıxarılıb.
“Abzas Media”nın əldə etdiyi digər məhkəmə sənədlərinə əsasən, fevralın 5-də polis zorakılığı ilə bağlı sosial şəbəkələrdə və yerli mediada yayılan videoya şərh yazan bir neçə nəfər fevralın 6-dan 10-dək müxtəlif rayon məhkəmələrinin qərarları ilə inzibati həbs edilib.
Həmin qərarlarda vətəndaşların sosial şəbəkələrdə polis əməkdaşlarının ünvanına “nalayiq ifadələr” yazdığı iddia olunur. Lakin sənədlərdə söhbətin hansı videodan getdiyi və vətəndaşların konkret hansı ifadələrə görə məsuliyyətə cəlb edildiyi açıqlanmır.
Məhkəmələr bu işlərdə İnzibati Xətalar Məcəlləsinin internetdə “yayılması qadağan edilən informasiya”nın yerləşdirilməsinə görə məsuliyyət nəzərdə tutan 388-1-ci maddəsinə əsaslanırlar. Maddədə fiziki şəxslər üçün 500 manatdan 1000 manatadək cərimə və ya bir ayadək inzibati həbs cəzası nəzərdə tutulur.
