Nefti və qazı olmayan Gürcüstan son beş ildə iqtisadiyyatını iki dəfə böyüdə bilirsə, bəs milyardlarla dollar neft və qaz gəliri əldə edən Azərbaycan niyə eyni nəticəni göstərə bilmir?
Bu sualı Telegram və VKontakte platformalarının yaradıcısı, milyarder sahibkar Pavel Durovun paylaşımı yenidən gündəmə gətirdi.
Durov yazır ki, Gürcüstanın iqtisadiyyatı son beş ildə iki dəfə artıb və ölkə hazırda da təxminən 8 faiz illik artım tempini qoruyur. Onun sözlərinə görə, beynəlxalq texnologiya şirkətləri Gürcüstanda 0 faiz mənfəət vergisi ödəyir, dividendlər və əməkhaqqı üzrə isə cəmi 5 faiz vergi tətbiq olunur. Durovun fikrincə, Gürcüstan həm biznes qurmaq, həm də yaşamaq üçün dünyanın ən az qiymətləndirilən ölkələrindən biridir.
Bu paylaşım əslində Gürcüstan haqqında deyil.
Bu paylaşım Azərbaycan haqqında düşünmək üçün bir səbəbdir.
Bu barədə hüquqşünas Aslan İsmayılov da fikirlərini bölüşüb. Fərqli siyasi baxışlara malik insanların belə bu mövzuda narahatlıq ifadə etməsi göstərir ki, məsələ artıq siyasi polemikanın deyil, ölkənin iqtisadi gələcəyinin müzakirəsidir.
Azərbaycanın üstünlüyü nə idi?
Neft.
Qaz.
Tranzit imkanları.
Milyardlarla dollar enerji gəlirləri.
Böyük valyuta ehtiyatları.
Bəs niyə nəticə fərqlidir?
Çünki XXI əsr iqtisadiyyatı artıq təkcə təbii sərvətlə ölçülmür. Dünyada investor ilk növbədə qanunun aliliyinə, azad rəqabətə, mülkiyyət hüququna və proqnozlaşdırıla bilən iqtisadi siyasətə baxır.
Burada isə əsas sual yaranır.
Azərbaycanda niyə real rəqabət formalaşmır?
Niyə sahibkar bazara daxil olmaq üçün bərabər imkanlara malik deyil?
Niyə illərdir iqtisadiyyatda inhisarçılıq və rəqabətin məhdudluğu barədə eyni tənqidlər səslənir?
Təsəvvür edin ki, Azərbaycana banan idxal etmək istəyirsiniz.
Normal bazar iqtisadiyyatında onlarla şirkət bunu edə bilər. Rəqabət yaranar. Qiymətlər aşağı düşər. Keyfiyyət yüksələr.
Əgər bazar məhdud sayda oyunçunun əlində cəmləşirsə, rəqabət zəifləyir. Rəqabət zəifləyəndə isə qiyməti bazar deyil, dominant mövqe müəyyən edir. Nəticədə zərəri istehlakçı çəkir.
Bu, təkcə banan məsələsi deyil.
Bu, iqtisadiyyatın fəlsəfəsidir.
İnhisarçılıq olan yerdə rəqabət olmur.
Rəqabət olmayan yerdə innovasiya olmur.
İnnovasiya olmayan yerdə isə davamlı inkişaf mümkün olmur.
Məhz buna görə bu gün region ölkələri arasında fərq getdikcə daha aydın görünür.
Gürcüstan xarici investisiya uğrunda yarışır.
Ermənistan da iqtisadi islahatlar və yeni texnologiyalara investisiya cəlb etmək istiqamətində addımlar atır.
Azərbaycan isə bütün təbii üstünlüklərinə baxmayaraq, hələ də iqtisadi modelini əsaslı şəkildə yeniləmək zərurəti ilə üz-üzədir.
Bu yazının məqsədi Gürcüstanı tərifləmək deyil.
Məqsəd Azərbaycana sual verməkdir.
Niyə nefti olmayan ölkə daha sürətlə inkişaf edir?
Niyə dünya texnologiya şirkətləri Gürcüstanı nümunə göstərir?
Niyə Azərbaycan bu siyahıda yoxdur?
Bu sualların cavabı emosional şüarlarda deyil.
Cavab idarəetmədədir.
Cavab iqtisadi institutlardadır.
Cavab rəqabətdədir.
Əsl vətənpərvərlik problemləri gizlətmək deyil, onları etiraf edib həll etməkdir.
Çünki dövlətləri zəngin edən neft quyuları deyil.
Dövlətləri zəngin edən azad iqtisadiyyat, işləyən institutlar və hər bir vətəndaşın bərabər imkan əldə edə bildiyi rəqabət mühitidir.
Təəssüf ki, Azərbaycanın vətənpərvər rəhbərliyi bu kimi pritimitiv şeylərə məhəl qoymaq belə istəmir.
Ötən yazılarımda vurğulamışdım: Azərbaycanın Qarabağ kimi nəhəng və mürəkkəb problemini 44 günə həll edən iqtidar üçün Azərbaycanın iqtisadi ikişafını göylərə qaldırmaq iki vur iki kimi bir şeydir. Əminəm ki, İlham Əliyev istəsə Azərbaycanın iqtisadi inkişafını ən yüksək səviyyədə təmin edə bilər. Özü də elə bir çətinlik çəkmədən. İlham Əliyev fenominal biznes təfəkkürünə sahibdir. Problem ondadır ki, o, bunu istəmir. Niyə istəmir? Çünki rəqabət mühiti onun iqtidarını sarsıda bilər. Yəni itidarın marağı ilə dövlətin və xalqın marağı arasında antoqonist ziddiyyət var. Azərbaycan iqtisadiyyatı da bu ziddiyyətin güdazına gedib. Və mən buna çox təəssüf edirəm…
