GündəmHadisəŞikayət

Anar Məmmədliyə 14, Anar Abdullaya 13 il həbs tələb olundu

İyulun 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) həbsdə olan sədri Anar Məmmədli və ictimai fəal Anar Abdullanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı Vüsal Mehrəliyev A.Məmmədliyə 14, A.Abdullaya isə 13 il azadlıqdan məhrumetmə cəzası verilməsini tələb edib.

Məhkəmənin növbəti iclası avqustun 6-da vəkillərin çıxışları ilə davam edəcək.

A.Məmmədli 2024-cü il aprelin 29-da saxlanılıb. O, Cinayət Məcəlləsinin “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq” və digər maddələri ilə ittiham olunur. Məmmədli özünü təqsirli bilmir.

A.Abdulla isə ilkin olaraq təqsirləndirilən şəxs qismində cəlb edilsə də, barəsində həbs-qətimkan tədbiri seçilməmişdi. O, ötən il iyulun 11-də saxlanılaraq əvvəlcə Binəqədi rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada 30 sutka həbs olunub. Gənc fəal İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələblərinə tabe olmamaq) maddələri ilə təqsirli bilinib. Lakin fəal özü avtobusdan düşərkən saxlanıldığını və heç bir inzibati xəta törətmədiyini bildirib. İstintaqın sonunda SMDT-nin əməkdaşı olmuş A.Abdullaya da eyni ittihamlar irəli sürülüb.

Həmin maddələrdə 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Hüquq müdafiəçilərinin hesabatına görə, hazırda Azərbaycanda 328 siyasi məhbus var. Azərbaycan hakimiyyəti isə ölkədə heç kimin siyasi motivlərlə təqib olunmadığını bəyan edir. Rəsmilər iddia edirlər ki, həbs edilən şəxslər konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunublar.

A.Məmmədli daha öncə 2013-cü ilin sonlarında da saxlanılmışdı. O, həmin vaxt qanunsuz sahibkarlıq, vergidən yayınma və digər ittihamlarla 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. A.Məmmədli o zaman da ittihamları qəbul etməmişdi. Bir sıra yerli və beynəlxalq təşkilatlar onu siyasi məhbus kimi tanımışdı. SMDT rəhbəri 2016-cı il martın 17-də imzalanan əfv sərəncamı ilə azadlığa buraxılmışdı. (AzadlıqRadiosu)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Nyu-York meri yenidən gündəmdə: Mamdaninin ardıcıl qalmaqalları

redaktor

Rusiyanın ABŞ ümidli sülh istəyi…

redaktor

Prokuror AXCP üzvü Kənan Basqala 10 il həbs istəyib

admin