Mərakeş hakimiyyəti uzun illər İsrail istehsalı olan “Pegasus” casus proqramından vətəndaşları izləmək üçün istifadə etdiyinə dair iddiaları təkzib edib. Lakin ölkənin xüsusi xidmət orqanlarında çalışmış keçmiş əməkdaşın ifadəsi hökumətin bu proqramdan istifadə etdiyini göstərən yeni sübutlar ortaya çıxarıb.
“OCCRP”nin yazdığına görə, keçmiş kəşfiyyatçı Mərakeş xüsusi xidmətlərinin “Pegasus”u necə əldə etdiyini, izlənəcək şəxslərin telefon nömrələrinin sistemə necə ötürüldüyünü və əməliyyatlarda özəl şirkətlərdən hansı məqsədlə istifadə olunduğunu açıqlayıb.
Onun danışdıqları sənədlər, xüsusi xidmət orqanlarındakı digər mənbələr və texniki məlumatlarla təsdiqlənib.
Mərakeş hakimiyyəti araşdırma müəlliflərinin suallarını cavablandırmayıb.
“Pegasus Project” necə başlamışdı?
Dünyanın ən güclü casus proqramlarından biri sayılan “Pegasus”un jurnalistlərə, hüquq müdafiəçilərinə və siyasi fəallara qarşı istifadə olunması ilk dəfə 2021-ci ildə beynəlxalq jurnalist araşdırması nəticəsində geniş şəkildə üzə çıxarılıb.
“Pegasus Project” adlanan araşdırma Parisdə yerləşən “Forbidden Stories” təşkilatı və “Amnesty International”ın İsrailin “NSO Group” şirkətinin proqramı ilə hədəfə alındığı ehtimal olunan 50 mindən çox telefon nömrəsinin yer aldığı sızdırılmış məlumat bazasına çıxış əldə etməsindən sonra başlamışdı.
17 media təşkilatının iştirakı ilə aparılan araşdırmada jurnalistlər siyahıdakı yüzlərlə nömrənin sahibini müəyyənləşdirmiş, 60-dan çox telefonu texniki ekspertizaya göndərmişdilər. Onlarla cihazda “Pegasus”un fəaliyyəti ilə bağlı izlər aşkarlanmışdı.
Siyahıda terrorçuluqda şübhəli bilinən şəxslər kimi real təhlükəsizlik hədəfləri ilə yanaşı, yüzlərlə jurnalistin, hüquq müdafiəçisinin, fəalın, siyasətçinin və dövlət rəsmisinin telefon nömrələri də yer almışdı.
Azərbaycandan 59 nəfərin şikayətini AİHM araşdırır
“Pegasus Project”də Azərbaycan da jurnalistlərin, ictimai fəalların və müxalif siyasətçilərin telefonlarının izlənməsi ilə əlaqələndirilən ölkələrdən biri kimi göstərilib.
Sızdırılmış siyahıda “Abzas Media”nın hazırda həbsdə olan direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eləcə də jurnalistlər Xədicə İsmayıl, Elçin Şıxlı, Əvəz Zeynallı, Eynulla Fətullayev, Mir Şahin və Aydın Canıyev də daxil olmaqla, çoxsaylı şəxslərin telefon nömrələri yer alıb.
Jurnalist Xədicə İsmayıl və “OCCRP”nin “Pegasus” layihəsi jurnalisti Miranda Patruçiç. Foto: PBS/Forbidden Films
Siyahıda adları olan şəxslər telefonlarının izlənilməsi və şəxsi məlumatlarının qanunsuz əldə olunması ilə bağlı Baş Prokurorluğa müraciət ediblər. Şikayətçilər bildiriblər ki, dövlət qurumları onların müraciətlərini mahiyyəti üzrə araşdırmayıb.
Bundan sonra onlar Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət ediblər. AİHM Azərbaycandan olan 59 nəfərin şikayətini birləşdirərək iki iş çərçivəsində araşdırmağa başlayıb.
Məhkəmə Azərbaycan hökumətinə suallar göndərərək Avropa İnsan Hüquqları Konvensiyasının şəxsi və ailə həyatına hörmət hüququnu təmin edən 8-ci, səmərəli hüquqi müdafiə vasitəsi hüququnu nəzərdə tutan 13-cü və hüquqlara qoyulan məhdudiyyətlərdən sui-istifadəni qadağan edən 18-ci maddələrinin pozulub-pozulmadığını araşdırır.
Bəzi şikayətlərdə ifadə azadlığını qoruyan 10-cu və ədalətli məhkəmə araşdırması hüququnu təmin edən 6-cı maddələrin pozulması da mübahisələndirilir.
Ötən ilin oktyabrında AİHM Azərbaycandan olan jurnalist və ictimai fəalların “Pegasus” casus proqramı ilə bağlı şikayətləri üzrə kommunikasiya mərhələsinə başlayıb.
Azərbaycan hakimiyyəti jurnalistlərin və fəalların “Pegasus” vasitəsilə izlənilməsi barədə iddialara indiyədək ətraflı ictimai cavab verməyib.
“Pegasus” telefonlara necə yerləşdirilir?
İsrailin “NSO Group” şirkətinin hazırladığı proqram telefon sahibinin zərərli keçidə daxil olmasına və ya yoluxdurulmuş faylı yükləməsinə ehtiyac olmadan smartfona yerləşdirilə bilir.
“Pegasus” telefona daxil olduqdan sonra istifadəçinin mesajlarına, zənglərinə, fotolarına, sənədlərinə və digər məlumatlarına çıxış əldə edir. Proqram telefonun mikrofon və kamerasını gizli şəkildə aktivləşdirərək ətrafda baş verənləri də qeydə ala bilir.
“NSO Group” proqramın satışının İsrail Müdafiə Nazirliyinin ixrac icazələri ilə tənzimləndiyini və onun yalnız terrorçuluq və ağır cinayətlərlə mübarizə aparan, əvvəlcədən yoxlanılmış dövlət qurumlarına satıldığını bildirir.
Lakin “Pegasus Project” proqramın bir sıra ölkələrdə jurnalistlərə, hüquq müdafiəçilərinə, müxalif siyasətçilərə və hökumət tənqidçilərinə qarşı istifadə edildiyini göstərib.
Mərakeşdə “Pegasus”dan istifadəyə dair yeni sübutlar
İndi “OCCRP” və tərəfdaşlarının yeni araşdırması Mərakeş xüsusi xidmət orqanlarının “Pegasus”u necə əldə etməsi və istifadə etməsi barədə indiyədək açıqlanmayan məlumatları üzə çıxarıb.
Mərakeş hakimiyyəti illərdir proqramdan vətəndaşları izləmək üçün istifadə etdiyinə dair iddiaları rədd edirdi. Lakin ölkənin xüsusi xidmət orqanlarında təxminən on il çalışmış keçmiş əməkdaşın ifadəsi dövlətin “Pegasus” əməliyyatlarında birbaşa iştirakına dair yeni sübutlar təqdim edib.
Araşdırmada təhlükəsizliyi üçün “Safir” şərti adı verilən keçmiş kəşfiyyatçı izlənəcək şəxslərin nömrələrinin sistemə necə daxil edildiyini, serverlərin harada quraşdırıldığını və dövlətin izini gizlətmək üçün özəl şirkətdən necə istifadə olunduğunu danışıb.
Onun ifadəsindəki məlumatların bir hissəsi sənədlər, texniki məlumatlar və xüsusi xidmət orqanlarındakı digər mənbələr vasitəsilə təsdiqlənib.
Mərakeş hökuməti, ölkənin daxili kəşfiyyat xidməti – Ərazi Nəzarəti Baş İdarəsi və Daxili İşlər Nazirliyi araşdırma müəlliflərinin suallarını cavablandırmayıb.
Yeni araşdırma necə hazırlanıb?
Mərakeşlə bağlı yeni sübutların böyük hissəsi jurnalist Hişam Mansurinin uzunmüddətli araşdırması nəticəsində əldə olunub. Mansurinin öz telefonu da “Pegasus” vasitəsilə sındırılıb.
O, öldürülən, həbs olunan və ya təhdid edilən jurnalistlərin araşdırmalarını davam etdirmək üçün yaradılmış “Forbidden Stories” təşkilatı ilə əməkdaşlıq edib.
Təşkilat 14 media qurumundan 39 jurnalistin iştirak etdiyi “Pegasus Project: Mərakeşin casusluq maşınının daxilində” adlı layihə yaradıb. “Amnesty International”ın Təhlükəsizlik Laboratoriyası araşdırmaya texniki və kriminalistik dəstək göstərib.
Yeni araşdırma 2021-ci ildə yayımlanan “Pegasus Project”in nəticələrinə və sızdırılmış telefon nömrələri bazasına əsaslanır.
Həmin araşdırmada Mərakeş də “Pegasus”dan istifadə edən ölkələrdən biri kimi göstərilmişdi. “Amnesty International”ın texniki təhlilləri bir sıra jurnalistlərin və vətəndaş cəmiyyəti nümayəndələrinin telefonlarının proqramla hədəfə alındığını müəyyənləşdirmişdi.
Mərakeş hökuməti iddiaları qəti şəkildə rədd etmiş, Avropanın müxtəlif ölkələrində media təşkilatlarına qarşı böhtan iddiaları ilə məhkəmə prosesləri başlatmışdı. Fransa və Almaniya məhkəmələri həmin iddiaları rədd edib və ya icraata götürməyib.
Proqramın sınağı kəşfiyyat əməkdaşlarının telefonlarında aparılıb
Safirin sözlərinə görə, “NSO Group” “Pegasus”un imkanlarını göstərmək üçün sınaqda könüllü iştirak edən Mərakeş kəşfiyyat əməkdaşlarının telefonlarını sındırıb.
Jurnalistlər Safirin təqdim etdiyi nömrələri 2017 və 2018-ci illərdə “Pegasus”la hədəfə alınan telefon nömrələrinin sızdırılmış bazası ilə müqayisə ediblər. Onun adlarını çəkdiyi əməkdaşların nömrələrinin həqiqətən sistemdə yer aldığı müəyyənləşdirilib.
Keçmiş kəşfiyyatçının sözlərinə görə, vasitəçi şirkət “NSO Group”un konfiqurasiya etdiyi serverləri Mərakeşə gətirərək kəşfiyyat xidmətinin məlumat mərkəzlərində quraşdırıb. Bundan sonra yerli əməkdaşlar “Pegasus”un idarəetmə panelinə çıxış əldə ediblər.
Safirin təsvir etdiyi panel 2019-cu ildə “WhatsApp”ın “NSO Group”a qarşı başlatdığı məhkəmə prosesində ictimailəşən “Pegasus” interfeysinin görüntülərinə uyğun gəlib.
“WhatsApp” İsrail şirkətini istifadəçilərin hesablarını sındırmaqda ittiham edir.
Nömrələr “yoluxdurulmaq üçün” göndərilib
Safir Mərakeş xüsusi xidmət orqanlarında izləmə qərarlarının necə icra olunduğunu da ətraflı izah edib.
Onun sözlərinə görə, rəhbərliyin hədəf kimi təsdiqlədiyi şəxslərin telefonlarının əvvəlcə IMEI adlanan unikal cihaz nömrələri müəyyənləşdirilib. Bu məlumatlar daha sonra “Pegasus” əməliyyatlarını həyata keçirən kəşfiyyat qrupuna göndərilib.
Safir həmin qrupa Abdelcəlil Taki adlı direktorun rəhbərlik etdiyini bildirib. Taki araşdırma müəlliflərinin suallarını cavablandırmayıb.
Keçmiş kəşfiyyatçı deyib ki, Takinin katibliyi hədəfə dair məlumatları vasitəçi şirkətə və ya birbaşa “NSO Group”a “yoluxdurulmaq üçün” göndərib.
“Məsələn, hansısa şəxsin müəyyən vaxtda hakimlə görüşəcəyini bilirik. Məlumatları “NSO”ya göndəririk, onlar isə həmin vaxt söhbəti yazmaq üçün telefona yerləşdirilən agentin konfiqurasiyasını hazırlayırlar”, – Safir bildirib.
Onun sözlərinə görə, Mərakeş əməkdaşlarının telefona yerləşdirilən proqramın daxili konfiqurasiyasına birbaşa çıxışı olmayıb:
“Agentin konfiqurasiyasına nəzarət edə bilmirdik. Onu yeniləmək üçün “NSO” vasitəsilə işləyirdik. Agentlərin konfiqurasiya edildiyi daxili sistemə bizə çıxış verməmişdilər. Biz yalnız idarəetmə panelində məlumatları siyahıya alır və əldə olunan materialları yükləyirdik”.
Telefonların sındırılması avtomatlaşdırılmış sistemlə aparılıb
Araşdırmaçılar vasitəçi şirkətin telefonların “Pegasus”la yoluxdurulması prosesində birbaşa iştirak etdiyini göstərən sübut tapmayıblar.
“NSO Group” əməkdaşlarının Mərakeş üçün telefon nömrələrini əl ilə hədəfə aldığına dair də məlumat yoxdur.
Safirin təsvir etdiyi mexanizm Mərakeş kəşfiyyatçılarının nömrələri sistemə daxil etməsindən sonra qalan prosesin avtomatik icra olunmasına əsaslanıb. Proqram casus kodunun telefona yerləşdirilməsini, yeni əmrlərin ötürülməsini və əldə edilən məlumatların idarəetmə panelinə göndərilməsini təmin edib.
“Amnesty International”ın Təhlükəsizlik Laboratoriyasının rəhbəri Donnça Okerbayll bildirib ki, Safirin təsvir etdiyi mexanizm “NSO Group”un məlum iş modelinə uyğundur.
Bu model müştərinin ərazisində avadanlıqların yerləşdirilməsini, istifadəçinin yerini gizlədən kənar serverlərdən yararlanılmasını və “NSO Group” mütəxəssislərinin texniki dəstəyini nəzərdə tutur.
“Pegasus çoxkomponentli müşahidə sistemi kimi işləyir. Onun infrastrukturuna müştərinin ərazisində yerləşən serverlər, müştərinin yerini gizlətmək üçün yaradılmış virtual serverlər və zərərli kodu mesajlar və ya keçid vasitəsilə yayan yoluxdurma serverləri daxildir”, – Okerbayll deyib.
Onun sözlərinə görə, “NSO Group”un mütəxəssisləri adətən müştərinin obyektinə gedərək avadanlıqları quraşdırırlar. Daha sonra hücumların həyata keçirilməsi və “Pegasus” trafikinin müştərinin sisteminə ötürülməsi üçün anonim serverlərdən, SMS provayderlərindən, “iMessage” və “WhatsApp” hesablarından ibarət şəbəkə yaradırlar.
Mobil operator şəbəkəsinə müdaxilə edilib
Safirin ifadəsi Mərakeşdə telefonların daha mürəkkəb üsulla – mobil operator şəbəkəsinə müdaxilə vasitəsilə yoluxdurulması ehtimalını da gücləndirib.
Okerbayll bildirib ki, IMEI nömrələrindən istifadə hücumların yalnız internet üzərindən deyil, mobil operator şəbəkəsinin daxilindən də həyata keçirilə biləcəyini göstərir.
Bu üsul zamanı yerli telekommunikasiya şəbəkəsində xüsusi avadanlıq quraşdırılır. Hədəfə alınan şəxs internet səhifəsinə daxil olarkən xəbəri olmadan “Pegasus”un yoluxdurma serverinə yönləndirilir.
Keçmiş kəşfiyyatçının ifadəsi “Amnesty International”ın Təhlükəsizlik Laboratoriyasının daha əvvəl əldə etdiyi texniki nəticələrlə də uyğun gəlib. Laboratoriya şəbəkəyə ehtimal olunan müdaxilələrdən sonra “Pegasus” yoluxmalarının baş verdiyi halları sənədləşdirib.
Okerbayllın sözlərinə görə, bu proses “Pegasus”un əsas sistemindən kənarda həyata keçirildiyinə görə Mərakeş kəşfiyyatı ilə “NSO Group” arasında əlavə koordinasiya tələb oluna bilərdi:
“DGST iki sistemin birlikdə işləməsi üçün hazırlıq görülməsini “NSO”dan istəməli ola bilərdi”.
Dövlətin izini gizlətmək üçün özəl şirkətdən istifadə olunub
Safir bildirib ki, Mərakeşin izləmə sisteminin təşkilində əsas məqsədlərdən biri dövlətin əməliyyatlarla birbaşa əlaqəsini gizlətmək olub.
Onun sözlərinə görə, “Pegasus”un alınması və inzibati idarə olunması zamanı Mərakeş kəşfiyyatı ilə “NSO Group” arasında özəl şirkət vasitəçilik edib. Digər keçmiş kəşfiyyat əməkdaşı da bu məlumatı təsdiqləyib.
Safir əvvəlcə vasitəçinin adını rəsmi şirkətlər reyestrində olmayan “FSSYS Tech” kimi göstərib. Jurnalistlər onun şirkətin ünvanı, quruluşu və əməkdaşları barədə verdiyi məlumatlar əsasında vasitəçinin Rabatda qeydiyyatdan keçən “FSSYS Maroc” olduğunu müəyyənləşdiriblər.
Mərakeşin şirkətlər reyestrinə əsasən, “FSSYS Maroc” informasiya texnologiyaları və telekommunikasiya sahəsində fəaliyyət göstərir. Şirkət Safirin göstərdiyi ünvanda qeydiyyatdan keçib.
Keçmiş kəşfiyyatçı FSSYS-i Birləşmiş Ərəb Əmirliklərində yaradılmış müəssisənin Mərakeş filialı kimi təqdim edib.
Açıq mənbələrdəki sənədlər göstərir ki, müdafiə, kəşfiyyat və milli təhlükəsizlik sahəsində fəaliyyət göstərən BƏƏ şirkətlər qrupuna daxil iki müəssisə 2019-cu ildə “FSSYS Maroc”da kiçik paylar əldə edib. Həmin qrup internet səhifəsinin ünvanında da “FSSYS” adından istifadə edib.
“FSSYS Maroc”un rəhbəri araşdırma müəlliflərinin suallarını cavablandırmayıb.
Safirin sözlərinə görə, vasitəçilik mexanizmi Mərakeş kəşfiyyatına aparan müqavilə və sənəd izinin yaranmasının qarşısını alıb:
“İsraillilər avadanlıqla bağlı müqaviləni DGST ilə yox, FSSYS-lə imzalayıblar. DGST ilə bağlı heç bir sənəd tapa bilməzsiniz. İsraillilər sistemləri üçün birbaşa DGST ilə müqavilə bağlamırlar. Bu iş belə görülmür”.
Digər keçmiş kəşfiyyat əməkdaşı da vasitəçidən istifadə edilməsinin səbəblərindən birinin dövlətin əməliyyatlardakı rolunu sənədlərdən gizlətmək olduğunu deyib.
“Human Rights Watch”un rəqəmsal texnologiyalar və təhlükəsizlik üzrə tədqiqatçısı Etyen Meynye bildirib ki, “NSO Group”un yerli və özəl şirkətlərdən istifadə etməsi başqa ölkələrdə də müşahidə olunub.
“Biz digər hallardan bilirik ki, “NSO Group” avadanlığı quraşdıran, inzibati və müqavilə məsələlərinə kömək edən şirkətlərdən istifadə edib. Yerli şirkətlər “NSO Group” üçün maraqlı olan əlaqələri də təmin edə bilirlər”, – Meynye deyib.
BƏƏ ilə koordinasiya iddiası
Safir BƏƏ-də yerləşən və “FSSYS Maroc”un təmsil etdiyi müəssisənin Mərakeşin “Pegasus” sisteminə çıxışının idarə olunmasında iştirak etdiyini iddia edib.
Araşdırmaçılar onun DGST, FSSYS və BƏƏ tərəfi arasında əlaqələndirici kimi adını çəkdiyi şəxsin həqiqətən FSSYS-də işlədiyini təsdiqləyiblər.
“Həmin şəxs həm DGST ilə əməkdaşlıq edən biri, həm də şirkəti vasitəsilə Mərakeşdəki bütün müşahidə texnologiyaları biznesinə cavabdeh olan özəl podratçı hesab edilə bilər. O, eyni zamanda BƏƏ ilə koordinasiya aparır”, – Safir bildirib.
“International Crisis Group”un Şimali Afrika layihəsinin direktoru Rikkardo Fabiani Mərakeşlə BƏƏ arasında belə əməkdaşlığın mümkünlüyünü “bir çox baxımdan inandırıcı” adlandırıb.
Onun sözlərinə görə, BƏƏ Prezidenti Məhəmməd bin Zayed gənclik illərində Mərakeşdə uzun müddət yaşayıb və Mərakeş kralı ilə şəxsi münasibətlərə malikdir. İki ölkə arasında hərbi və təhlükəsizlik sahələrində də geniş əməkdaşlıq mövcuddur.
Hədəfdə jurnalistlər, hüquq müdafiəçiləri və dövlət rəhbərləri olub
“Pegasus Project”in nəticələrinə görə, Mərakeşin istifadə etdiyi sistem vasitəsilə azı iki jurnalist, bir hüquq müdafiəçisi, Fransa Prezidenti Emmanuel Makronun və hətta Mərakeş kralının telefon nömrələri hədəf kimi seçilib.
Safirin sözlərinə görə, izlənilməsi nəzərdə tutulan şəxslərdən biri jurnalist Ömər Radi olub.
Ömər Radi, jurnalist. Foto: Hicham Rafih/AFPTV/AFP
“Amnesty International” 2020-ci ildə Mərakeş hakimiyyətinin Radinin telefonunu “Pegasus”la hədəfə aldığını müəyyən etmişdi.
Təşkilatın texniki ekspertizası 2019-cu ilin fevral və sentyabr aylarında, eləcə də 2021-ci ilin yanvarında jurnalistin telefonuna qarşı şəbəkəyə müdaxilə hücumlarının həyata keçirildiyini göstərib. Bu hücumların “Pegasus”un telefona yerləşdirilməsi və ya buna cəhdlə əlaqəli olduğu bildirilib.
“Amnesty International” və “Forbidden Stories” Radinin telefonuna hücumu açıqladıqdan bir ay sonra jurnalist casusluq, zorlama və seksual xarakterli zorakılıqda ittiham olunub.
O, 2021-ci ilin iyulunda altı il müddətinə azadlıqdan məhrum edilib. “Human Rights Watch” məhkəmə prosesinin ciddi prosessual pozuntularla müşayiət olunduğunu bildirib. Hökm 2022-ci ilin martında qüvvədə saxlanılıb.
Avropa Parlamenti casusluq ittihamını “uydurma” adlandırıb və məhkəmə prosesində ədalətli araşdırma təminatlarının pozulduğunu bildirib.
Radi 2024-cü ilin iyulunda Mərakeş kralının əfv sərəncamı ilə azadlığa buraxılıb.
Jurnalist Ömər Radi azadlığa buraxılarkən. Foto: Hicham Rafih/AFPTV/AFP
Hüquq müdafiəçisinin telefonunda “Pegasus” komponentinin izləri tapılıb
Mərakeşli hüquq müdafiəçisi Maati Moncib də “Pegasus”la hədəfə alınan şəxslər arasında olub.
“Amnesty International”ın araşdırmasına görə, Moncibin telefonu 2017-2019-cu illərdə dəfələrlə hədəfə alınıb və yoluxdurulub.
“Pegasus Project” tərəfdaşları onun nömrəsinin ilk dəfə 2017-ci ildə Mərakeşdəki istifadəçi tərəfindən seçildiyini müəyyənləşdiriblər. Hədəfəalma sonrakı iki ildə də bir neçə dəfə təkrarlanıb.
“Amnesty International”ın Təhlükəsizlik Laboratoriyasının 2021-ci ildə hazırladığı ekspertiza hesabatında Moncibin telefonunda “BH” adlı proqram təminatının işə salınmasına dair rəqəmsal qeydlər aşkarlanıb.
Təşkilat “BH” ifadəsinin “Pegasus”un ilkin mərhələsi hesab olunan “Bridgehead” komponentinə aid olduğunu düşünür. Bu komponent tam casus proqramın telefona yüklənməsi üçün istifadə edilir.
“WhatsApp” və “NSO Group” arasındakı məhkəmə prosesində açıqlanan sənədlərdə “Pegasus”un təqdimatı üçün hazırlandığı ehtimal olunan daxili ssenaridə belə deyilir: “Əvvəlcə BH-ni quraşdırırıq, BH isə agenti cihaza yerləşdirir”.
“Amnesty International”ın təhlilinə əsasən, Moncibin telefonunda 2018-ci ilin aprelindən 2019-cu ilin martınadək BH komponentinin işlədiyinə dair izlər olub.
Moncib 2020-ci il dekabrın 29-da həbs edilib. Bir ay sonra Rabat məhkəməsi onu “fırıldaqçılıq və dövlətin daxili təhlükəsizliyinə zərər vurmaq” ittihamı ilə bir il müddətinə azadlıqdan məhrum edib.
O da Radi kimi 2024-cü ildə Mərakeş kralının sərəncamı ilə əfv olunub.
Hüquq müdafiəçisi Maati Moncib azadlığa buraxılarkən. Foto: Hicham Rafih/AFPTV/AFP
“NSO Group” müştərilərin fəaliyyətinə nə qədər nəzarət edir?

Hulio Şalev, “NSO Group”un həmtəsisçisi. Foto: Hans Klaus Techt/APA-PictureDesk/APA-PictureDesk via AFP