Bloqer Tural Sadıqlı ilə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev arasında dialoq baş tutdu.
Mən uzun illərdir deyirdim ki, iqtidarla xaricdə fəaliyyət göstərən azərbaycanlı bloqerlər və media nümayəndələri arasında dialoqa ehtiyac var.
Bəzi dostlarımız isə buna qəti şəkildə qarşı çıxırdılar. Deyirdilər ki, bu mümkün deyil. Hakimiyyət onu sərt tənqid edənlərlə eyni masaya otura bilməz. Bunu hətta “kapitulyasiya” kimi qiymətləndirirdilər.
Amma həyat göstərdi ki, danışmaq mümkündür.
Əlbəttə, bu ilk söhbət klassik mənada dialoq olmadı.
Tərəflər daha çox bir-birini ittiham etdilər.
Hikmət Hacıyev çalışdı sübut etsin ki, Tural Sadıqlı Azərbaycana qarşı fəaliyyət göstərir, erməni maraqlarına xidmət edir.
Tural Sadıqlı isə əksinə, Azərbaycanı tərk etmək məcburiyyətində qalan yüz minlərlə insanın məsuliyyətini hakimiyyətin üzərinə qoydu və ölkədəki siyasi vəziyyətə etiraz etdi.
Bu, dialoqun başlanğıcı ola bilər, amma hələ dialoqun özü deyil.
Çünki dialoqun məqsədi qarşı tərəfi susdurmaq yox, arqumentləri dinləmək və problemlərin həlli yollarını axtarmaqdır.
Azərbaycan uzun illərdir mübahisə mədəniyyətini deyil, qarşılıqlı ittiham mədəniyyətini yaşayıb.
Bəlkə artıq Azərbaycansayağı dialoqdan normal siyasi dialoqa keçməyin vaxtıdır.
Amma bu söhbətdə mənim diqqətimi daha çox başqa bir fikir çəkdi.
Hikmət Hacıyev dedi ki, Azərbaycanda müstəqil media da var.
Güman ki, o, hakimiyyətə yaxın televiziya kanallarını və media qurumlarını-xüsusən Mir Şahinin xalqı naşükürlükdə ittiham edən solo-çıxışlarını nəzərdə tuturdu.
Mən isə hörmətli Hikmət Hacıyevə başqa bir sual vermək istərdim.
Müstəqil media dedikdə nə nəzərdə tutulur?
Hakimiyyəti tənqid edə bilməyən, siyasi sifarişlə işlədiyi iddia olunan, fərqli fikirlərə yer verməyən və ya faktların təqdimatında qərəzli olmaqda ittiham edilən media beynəlxalq media standartlarına görə müstəqil media hesab edilmir.
Müstəqil media hakimiyyəti təriflədiyi üçün deyil, istənilən hakimiyyəti sərbəst şəkildə tənqid edə bildiyi üçün müstəqildir.
Elə bir neçə gün əvvəl yazmışdım ki, Azərbaycan “Sərhədsiz Reportyorlar” (Reporters Without Borders) təşkilatının 2026-cı il Dünya Mətbuat Azadlığı İndeksində 180 ölkə arasında 171-ci yerdə qərarlaşıb.
Bu o deməkdir ki, beynəlxalq qiymətləndirməyə görə, media azadlığı sahəsində Azərbaycanın göstəricisi dünyanın böyük əksəriyyətindən aşağıdır.
Hətta Afrikanın bir sıra ölkələri – Namibiya, Qana, Cənubi Afrika, Botsvana, Seneqal, Keniya, Fil Dişi Sahili, Anqola, Nigeriya və başqaları bu indeksdə Azərbaycandan daha yüksək mövqedə qərarlaşıblar.
Bu reytinqlərlə razılaşmaq da olar, razılaşmamaq da.
Amma onları sadəcə görməzdən gəlmək problemi həll etmir.
Əgər hökumət Azərbaycanda həqiqətən də peşəkar və müstəqil medianın mövcud olduğunu düşünürsə, beynəlxalq təşkilatlar tamamilə fərqli mənzərə görür.
Deməli, burada ciddi fikir ayrılığı var.
Məsələ də məhz bundadır.
Dialoq yalnız müxalifətlə hakimiyyət arasında deyil.
Azərbaycanla dünya arasında da lazımdır.
Çünki eyni hadisəyə iki tərəf tamamilə fərqli prizmadan baxırsa, deməli, problemləri yalnız bəyanatlarla deyil, açıq müzakirələrlə həll etmək lazımdır.
Mən hələ də hesab edirəm ki, danışmaq susmaqdan daha yaxşıdır. Dialoqa başlamaqda fayda var…
Ancaq danışıq yalnız qarşılıqlı ittiham üzərində qurularsa, nəticə verməyəcək.
Dialoq o zaman başlayır ki, tərəflər təkcə öz arqumentlərini səsləndirmir, həm də qarşı tərəfin dediklərini eşitməyə hazır olurlar. Bu, Azərbaycanda hələ formalaşmalı olan ən vacib siyasi mədəniyyət elementlərindən biridir…
