DünyaSiyasət

Çin “Pax Silica”-ya qarşı “WAICO” ittifaqını yaradır

Pekinin dəvəti ilə Çinin texnogiya paytaxtı Şanxayda bir araya gələn 29 dövlətin Ümumdünya Süni İntellekt Əməkdaşlıq Təşkilatının (World Artificial Intelligence Cooperation Organization –WAICO) yaranmasına imza atdıqları 17 iyul 2026-cı il tarixə yeni dünya nizamının təşəkkülünün həlledici mərhələsinin başlandığı gün kimi düşəcək. Pekinin təşəbbüsü ilə yaradılan “WAICO”-nun ABŞ-ın ötən il formalaşdırdığı “Pax Silica”-ya alternativ olduğuna əmin olmaq üçün Çin dövlət başçısı Si Cinpinin Şanxayda keçirilən Ümumdünya Süni İntellekt Konfransının (WAIC) açılış mərasimindəki çıxışını oxumaq yetərlidir.

Si Cinpin çıxışı zamanı Çini süni intellekt sahəsində yeni qlobal nizamın müdafiəçisi kimi təsvir etməkdən, sürətlə inkişaf edən bu sektorda qaydaları müəyyən edən ABŞ-a ad çəkmədən meydan oxumaqdan ibarətdir. Bu hədəflərə nail olmaq üçün isə Si Cinpin inkişaf etməkdə olan ölkələrə süni intellekt imkanlarının inkişafına kömək edəcəklərinə söz verməklə texnologiyaya qeyri-bərabər çıxış səbəbindən “yeni tarixi ədalətsizliklərin” ortaya çıxacağı barədə xəbərdarlıq edərək ölkələri “tarixi fürsətindən” istifadə etməyə çağırdı. Süni intellektin əhəmiyyətini buxar mühərriki və elektrik enerjisinin ixtirası ilə müqayisə edən Si Cinpin çııxşında Çinin süni intellekt texnologiyasını və təcrübəsini Qlobal Cənub ölkələri ilə bölüşdüyünə də diqqət çəkməyə çalışıb. .

Çin dövlət mediası rəsmi Pekinin süni intellekt strategiyasını ABŞ-ın “Süni intellekt dəmir pərdəsi” yaratmaq cəhdinə cavab olaraq təqdim edir. Məsələn, dövlət televiziyası CCTV-yə bağlı “Yuyuan Tantian” “WAICO” təşəbbüsünü Çinin “bütün bəşəriyyətin və bütün ölkələrin gücünü birləşdirərək açıq, hərtərəfli süni intellekt ekosistemi qurmaq” yolu ilə “fərqli bir nizam” qurmağı hədəflədiyini yazıb. Çin dövlət mediası ABŞ-ın “Süni intellekt dəmir pərdəsi” ifadəsi altında ABŞ-ın ötən il formalaşdırdığı “Pax Silica”-nı nəzərdə tutur.
Ekspertlər Pekinin təşəbbüsü ilə “WAICO”-nun yaradılmasını Çinin dünya liderliyinə can atması kimi dəyərləndiriblər. Vaşinqtonda yerləşən strateji konsaltinq şirkəti The Asia Group-un rəqəmsal təcrübə üzrə rəhbəri Corc Çenə görə Si Cinpinin mesajı aydındır: Çin süni intellekt texnologiyası və standartlarında heç kimin ardınca getməyəcək. Bunun əvəzinə, Çin hər ikisində dünyaya liderlik etmək istəyir.
Si Cinpinin iddialı açıqlamalarına baxmayaraq Çinin təşəbbüsü ilə yaradılan “WAICO”-nun ABŞ-ın liderliyi ilə qurulan “Pax Silica”-dan üstün olacağını təssəvvür etmək çox çətindir. Məsələnin mahiyyəti “Pax Silica”-ya qoşulan dövlətlərin sayının “WAICO”-nu təsis edən dövlətlərin sayından çox olması bağlı deyil. Yeri gəlmişkən qeyd edim ki, “Pax Silica”-ya 35 dövlət qoşulduğu halda, “WAICO”-nun yaranmasında 29 ölkə iştirak edib. Heç şübhəsiz ki, zamanla bu rəqəmlər dəyişəcək. Dövlətlər tədricən seçim qarşısında qalacaq və ittifaqlardan birinə qoşulacaqlar.

İkinci Dünya Müharibəsindən sonra formalaşmış “Yalta-Potsdam dünya nizamı” zamanı dövlətlərin NATO ilə Varşava Müqaviləsi Təşkilatı arasında seçim etməmək, bloklardan heç birinə qoşulmamaq və tərəfsiz qalmaları mümkün idi. Qoşulmama Hərəkatı da hərbi bloklardan birinə üzv olmaq istəməyən ölkələrin birliyi olaraq yaranmışdı. Süni intellekt əsrində texnologiya bloklarının hər ikisindən məsafə saxlamaq, qoşulmama siyasəti yürütmək mümkün olmayacaq.
“Pax Silica”-nın təsisçiləri sırasında ABŞ-la yanaşı, Böyük Britaniya, Almaniya, Hindistan, Yaponiya, Cənubi Koreaya, Avstraliya, Finlandiya, İsrail, Norveç, Niderland, Sinqapur, İsveç, Argentina, Çili, Kosta Rika, El Salvador, Panama, Filippin, Yunanıstan, Birləşmiş Ərəb Əmirliyi, Qətər və Qazaxıstan kimi ölkələr var. Çox maraqlıdır ki, Qazaxıstan “WAICO”-nun yaranmasında iştirak edən 29 ölkədən biridir. Heç şübhəsiz ki, bu uzun müddət belə davam edə bilməz və Qazaxıstan “WAICO” ilə “Pax Silica” arasında seçim etməli olacaq. Qənatimcə, Qazaxıstanın “WAICO”-nun yaranmasında iştirakı Pekinin və Moskvanın təzyiqləri nəticəsində mümkün olub. Qazaxıstanla yanaşı “WAICO”-nun yaranmasında Rusiya, Belarus, Tacikistan, Özbəkistan, Qırğızıstan, Braziliya, Kamboca, Kamerun, Konqo, Kuba, Efiopiya, İndoneziya, Keniy, Laos, Lesoto, Malayziya, Mozambik, Myanma, Nikaraqua, Oman, Pakistan, Seneqal, Serbiya, Cənubi Afrika, Venesuela və Zambiya iştirak ediblər. Siyahıdan da göründüyü kimi “WAICO”- nun yaranmasında iştirak edən dövlətlər Çin istisna olmaqla süni intellekt, yeni texnologiyalar sahəsində hər hansısa bir uğuru ilə fərqlənməyən ölkələr olduğı kimi, maliyyə resursları da məhdud olan ölkələrdir. “WAICO”-nun təsisçiləri sırasında Çindən sonra ikinci ən böyük dövlət olan Rusiyanın vəziyyəti Pekinin “Pax Silica”-ya alternativ olaraq qurduğu ittifaqın uğurlu olacağını şübhə altına almağa imkan verən növbəti dəlillərdən biridir.

InfoWatch İT şirkətinin rəhbəri Natalya Kasperski vətəni Rusiyanın süni intellekt sahəsində ABŞ və Çinlə rəqabət imkanlarını eyni rels üzərində hərəkət edən piyada ilə qatarın sürəti ilə müqayisə edib. Xanım Kasperski RTVI-yə müsahibəsində bəyan edib ki, Rusiya artıq xeyli geridə qalıb. Natalya Kasperski onu da bildirib ki, Amerika və Çinlə rəqabət aparmaq üçün böyük resurslar tələb olunur. Rusiya dövləti isə geriliyi qanun qəbul etməklə aradan qaldırmağa çalışır. Rusiya Dövlət Duması “Süni intellekt texnologiyalarının inkişafını dəstəkləmək haqqında” qanunu ikinci və üçüncü oxunuşda bir neçə gün öncə təsdiqləyib. Qanun layihəsini təqdim edən Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin rəhbəri Sergey Boyarski qanunun zərurətini ABŞ və Çinlə rəqabəti uduzmamaq istəyindən irəli gəldiyini bildirib. Dövlət Duması “Süni intellekt texnologiyalarının inkişafını dəstəkləmək haqqında” qanunu ikinci və üçüncü oxunuşda qəbul etdiyi günlərdə Rusiyada 38 məlumat mərkəzinin (data center) tikintisi vəsait və elektrik enerjisi çatışmazlığı səbəbindən dayandırıldığı haqqında məlumat yayılıb. TechExpo və PKR Group tərəfindən aparılan araşdırmaya görə, son üç ildə Rusiyada 38 məlumat mərkəzinin tikintisi dayandırılıb. IBC Real Estate şirkəti isə Rusiyada məlumat mərkəzləri ilə bağlı digər problem məlumat mərkəzlərinin təxminən 75 faizinin enerji çatışmazlığı mövcud olan Moskva bölgəsində cəmləşməsini göstərir. “Rostelecom” şirkətinin prezidenti Mixail Oseevski enerji çatışmazlığının yeni məlumat mərkəzlərinin tikintisini məhdudlaşdırdığını bildirir.

Rəsmi məlumata görə, 2030-cu ildə Moskvanın enerji çatışmazlığı 1.6 QVt, 2042-ci ildə isə 4.2 QVt-a çatacaq. Enerji çatışmazlığı, nəhəng maliyyə resurslarının olmaması və talantlı yerli mütəxəsislərin məhdudluğu, əcnəbi mütəxəsislərin Rusiyada mövcud olan rejimdən qorxması Rusiyanın süni intellekt sahəsinin liderləri ilə rəqabət aparacaq gücə çevrilməsini istisna edir. Üstəlik, Ukraynaya qarşı cinayətkar müharibə bitdikdən sonra Rusiyanın böyük dəyişikliklərə məruz qalacağı şübhəsizdir.

“Pax Silica”-nın təsisçiləri sırasında ABŞ-la yanaşı süni intellekt sahəsində öncül dövlətlər olan Böyük Britaniya, Almaniya, Hindistan, Yaponiya, Cənubi Koreya, Sinqapur, İsrail kimi texnoloji cəhətdən inkişaf etmiş dövlətlərlə yanaşı böyük maliyyə resurslarına malik Norveç, Niderland, Birləşmiş Ərəb Əmirliyi, Qətər kimi ölkələr də iştirak edir. Bütün bunlar göstərir ki, qüvvələr nisbəti böyük üstünlüklə “Pax Silica”-nın xeyrinədir.

NATO-ya üzvlük üçün dövlətlər müəyyən meyarlara cavab verməli olduqları kimi, “Pax Silica”-ya üzvlük üçün də müəyyən meyarllar mövcuddur. Sovet İttifaqı Albaniya, Bolqarıstan, Çexoslovakiya, Almaniya Demokratik Respublikası, Macarıstan, Polşa və Rumıniyanı təhdidlə Varşava Müqaviləsi Təşkilatına cəlb etdiyi kimi, “WAICO”-ya qoşulan dövlətlərin əksəriyyətinin də Pekinin təzyiqləri qarşısında bu təsisata qoşulduğu qənaəti çox güclüdür. Bütün bunlar “WAICO”-nun “Pax Silica” ilə rəqabətinin sonunun Varşava Müqaviləsi Təşkilatının NATO ilə rəqabətinin aqibətindən çox da fərqli olmayacağını ehtimal etməyə imkan verir.

Azərbaycanın seçimi necə olmalıdır?
Bu suala “Azərbaycanın təhlükəsizlik arxitekturası” başlıqlı məqalədə qismən aydınlıq gətirmişəm. Ancaq həmin məqalə yazılarkən “WAICO” mövcud deyildi. İndi isə bütün dövlətlər kimi Azərbaycan da seçim qarşısındadır. Azərbaycan hansı ittifaqı seçməlidir?-sualı zamanla daha çox aktuallıq kəsb edəcək. Ona görə də Azərbaycanın seçiminin hansı ittifaqdan yana olması ilə bağlı suala növbəti yazıların birində cavab verməyə çalışacağam.

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Urvarsız hala salınan Hörmüz boğazı: İran öz başına döyə-döyə qalacaq

redaktor

Məşhur, Wildberries Yanğınından 3 epizod

redaktor

Müdafiə Nazirliyindən kənarlaşdırılan Fyodorov hara təyin olundu?

redaktor