Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə
Azərbaycan Respublikasının Xarici İşlər Naziri cənab Ceyhun Bayramova
MÜRACİƏT
Hörmətli cənablar,
Biz – Azərbaycan Respublikasının və Almaniya Federativ Respublikasının vətəndaşları Vəliyeva Amalya Bilal qızı və Vəliyev Ələsgər Əjdər oğlu – hüquqlarımızın kobud şəkildə pozulması və bu günədək aparılmayan effektiv araşdırma ilə bağlı Sizə müraciət edirik.
08.12.1980-ci il təvəllüdlü həyat yoldaşım Vəliyeva Amalya Bilal qızı 03.06.2025-ci il tarixində Azərbaycana səfər edərkən Bakı şəhərində yerləşən Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılmış və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmışdır.
Orada ona güclü psixoloji təzyiqlər göstərildiyini və Bakı şəhəri, Heydər Əliyev prospekti 193 ünvanında yerləşən mənzilin Günay Məsimovanın adına rəsmiləşdirilməsinin tələb edildiyini bildiririk.
Həyat yoldaşım Almaniyada yaşayan azyaşlı övladımızın yanına qayıtmaq istəsə də, faktiki olaraq ölkədən çıxmasına imkan verilməmişdir. Yaranmış vəziyyət və göstərilən təzyiqlər nəticəsində o, 16.07.2025-ci il tarixində qeyd olunan mənzili Günay Məsimovanın adına rəsmiləşdirməyə məcbur olmuş, yalnız bundan sonra – 21.07.2025-ci il tarixində – onun Azərbaycandan çıxışına icazə verilmişdir.
Baş vermiş hadisələrlə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Daxili İşlər Nazirliyinə, Ombudsmana və digər dövlət orqanlarına dəfələrlə müraciət etsək də, bu günədək effektiv və hərtərəfli araşdırma aparılmamış, müraciətlərimiz üzrə bizi qane edən hüquqi nəticə əldə olunmamışdır.
Diqqətinizə çatdırırıq ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) göndərdiyi rəsmi cavab məktubunda Vəliyeva Amalya Bilal qızının Azərbaycandan çıxışına hər hansı məhdudiyyət qoyulmadığı bildirilmişdir.
Lakin vəkilimiz Gülnarə Xudabaxışovanın Dövlət Sərhəd Xidmətinə etdiyi rəsmi sorğuya verilmiş cavabda göstərilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müraciəti əsasında Vəliyeva Amalya Bilal qızı 03.06.2025-ci və 19.06.2025-ci il tarixlərində saxlanılaraq polis orqanlarına təhvil verilmişdir.
Beləliklə, iki dövlət qurumunun rəsmi cavabları arasında açıq ziddiyyət mövcuddur. Bu ziddiyyətin səbəblərinin müəyyən edilməsi və hadisələrin obyektiv araşdırılması hüquqi dövlət prinsiplərinin tələblərindən irəli gəlir.
Biz hesab edirik ki, göstərilən faktların tam, hərtərəfli və qərəzsiz araşdırılması, qanun pozuntularına yol vermiş şəxslərin müəyyən edilərək onların hərəkətlərinə hüquqi qiymət verilməsi zəruridir.
Nəzərinizə çatdırırıq ki, biz həm Azərbaycan Respublikasının, həm də Almaniya Federativ Respublikasının vətəndaşlarıyıq. Bu səbəbdən baş vermiş hadisə yalnız Azərbaycan Respublikasının qanunvericiliyi baxımından deyil, eyni zamanda Almaniya vətəndaşlarının hüquqlarının müdafiəsi baxımından da xüsusi əhəmiyyət daşıyır.
Sizdən xahiş edirik:
-
Göstərilən faktlar üzrə hərtərəfli, obyektiv və qərəzsiz araşdırmanın aparılması üçün aidiyyəti dövlət orqanlarına müvafiq tapşırıqlar verəsiniz.
-
Vəliyeva Amalya Bilal qızının 03.06.2025–21.07.2025-ci il tarixləri arasında Azərbaycandan çıxışına faktiki məhdudiyyət qoyulmasının hüquqi əsaslarının araşdırılmasını təmin edəsiniz.
-
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Ombudsmana təqdim etdiyi məlumat ilə Dövlət Sərhəd Xidmətinin rəsmi cavabı arasındakı ziddiyyətin səbəblərinin araşdırılmasını təmin edəsiniz.
-
Mənzilin Günay Məsimovanın adına rəsmiləşdirilməsi prosesində hər hansı qanunsuzluq, məcburiyyət və ya vəzifə səlahiyyətlərindən sui-istifadə hallarının olub-olmamasının araşdırılmasını təmin edəsiniz.
-
Araşdırmanın nəticələri barədə bizə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada yazılı məlumat verəsiniz.
Ədalətin bərpa olunacağına, müraciətimizin obyektiv araşdırılacağına və qanunun aliliyinin təmin ediləcəyinə ümid edirik.
Hörmətlə,
Vəliyeva Amalya Bilal qızı
Vəliyev Ələsgər Əjdər oğlu
Telefon: +49 176 34191623
E-mail: [email protected]
