Azərbaycanda sənaye istehsalının artımı 2026-cı ilin ilk yarısında demək olar ki, dayanıb. Yanvar-iyun aylarında ölkədə 33,1 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə cəmi 0,1 faiz artım deməkdir.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Rəsmi rəqəmlər sənayedə artım tempinin ilin əvvəlindən tədricən zəiflədiyini göstərir. Yanvarda illik müqayisədə 2,5 faiz olan artım yanvar-may aylarında 0,2 faizə, ilin ilk yarısında isə 0,1 faizə düşüb.
Hesabat dövründə emal sənayesində 10 milyard 912,6 milyon manatlıq məhsul istehsal edilib və sənaye xarakterli xidmətlər göstərilib. Bu sahədə ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz artım qeydə alınıb.
Ən yüksək artım avtomobil, qoşqu və yarımqoşqu istehsalında müşahidə olunub. Bu sahədə istehsal 2,2 dəfə artıb. Əczaçılıq məhsullarının istehsalında 35,5 faiz, toxuculuq sənayesində 34 faiz, dəri məmulatları və ayaqqabı istehsalında 20,6 faiz, qida məhsullarının istehsalında isə 9,9 faiz artım qeydə alınıb.
Bununla belə, emal sənayesinin ayrı-ayrı sahələrindəki artım ümumi sənaye sektorunda nəzərəçarpacaq böyümə yaratmağa kifayət etməyib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov daha əvvəl iqtisadi artım tempinin gözləntilərdən aşağı qalmasını neft-qaz sektorundakı azalma və dövlət investisiya layihələrinin vaxtının dəyişdirilməsi ilə əlaqələndirib. Nazir qeyri-neft-qaz sənayesindəki artımı qənaətbəxş saydığını, hökumətin tikinti və digər sahələrdə fəallığı artırmağı planlaşdırdığını bildirib.
Müstəqil iqtisadçılar isə zəif sənaye artımını ölkə iqtisadiyyatının hələ də neft-qaz hasilatından ciddi asılı olması, neft hasilatının azalması, özəl sektorun struktur zəifliyi və investisiya fəallığının aşağı düşməsi ilə izah edirlər. Onların fikrincə, qeyri-neft emal sənayesinin ayrı-ayrı sahələrindəki artım hasilat sektorundakı geriləməni kompensasiya edəcək həddə çatmayıb. (AbzasMedia)
