Cəmiyyət

Həbsdə olan jurnalistlərin birindən məktub almışam – Şahbaz Xuduoğlu yazır…

Məktub belə başlayır:

“Bu məktubu sizə həbsimin 1 il 7-ci ayında yazıram. Bunun 1 il 14 gününü 3 saylı Şüvəlan təcridxanasında keçirmişəm.”

Davamında yazır:

“…Son 100 ildə bu sayda xanım jurnalist həbs edilməmişdi. Bu həbslərin təsiri ailələrimizdən də yan keçmədi. Hüquqşünas Aytac Əhmədovanın anasının ölkədən çıxışına qadağa qoyuldu.”

Başqa bir yerdə isə qeyd edir:

“…Bakı Ağır Cinayətlər Məhkəməsi aylarla həyat yoldaşıma etibarnamə vermədi, müxtəlif bəhanələr gətirdi. O cümlədən, oğlumun xarici pasport alması üçün də etibarnamə ala bilmədik.”

Həbsxana barədə yazdıqları isə xüsusilə düşündürücüdür:

“Həbsxananın insan üçün iki mənfi, bir müsbət tərəfi var. Mənfi tərəfi odur ki, biz ‘zona’da yox, qapalı şəraitdə saxlanıldığımız üçün hərəkətsizlik və informasiyasızlıq gələcəkdə sağlamlığımızda ağır fəsadlar yaradacaq. Müsbət tərəfi isə vaxt bolluğudur. Bu, mütaliə və düşünmək üçün geniş imkan yaradır.”

Məktub dama-dama dəftər vərəqlərinə əl yazısı ilə yazılıb. Bəzi hissələri qarışıq olduğundan oxumaq çətindir. Müəllif həbsini saxta və qurama adlandırır, saxlanma şəraitindən narazılığını bildirir. Xüsusilə günəşli havalarda qızmar kameralarda necə yaşadıqlarını təsəvvür etmək mənə çox ağır gəldi.

Məktubun böyük hissəsi isə kitablardan bəhs edir. Oxuduğu əsərlərin ona necə təsir etdiyini yazır. Öz vəziyyətini Aleksandr Soljenitsının “QULAQ arxipelaqı”, Fyodor Dostoyevskinin “Yeraltı qeydlər” əsərlərindəki mühitlə müqayisə edir. Nelson Mandelanın xatirələrində və Seyid Cəfər Pişəvərinin yazılarında mənəvi dayaq tapdığını qeyd edir. Düşündürücü əsərlər sırasında Jan-Pol Sartrın, Marsel Prustun və Uilyam Folknerin adlarını çəkir. Hətta bəzi əsərlərin Azərbaycan dilinə tərcümə edilməsinin vacibliyindən də yazır.

Məktubu tam paylaşmıram, müəllifinin adını da qeyd etmirəm. Çünki ondan gələcək məktubları da almaq istəyirəm.

Bu məktub artıq iki həftəyə yaxındır ki, məndədir. Dəfələrlə oxumuşam. Təkcə yazılanları yox, o məktubun mənə çatana qədər keçdiyi yolu da düşünmüşəm. O məktubun yazıldığı şəraiti, müəllifin psixoloji vəziyyətini təsəvvür etməyə çalışmışam.

Mən jurnalistlərin peşə fəaliyyətinə görə həbsini qəbuledilməz hesab edirəm. Onların azadlıqda olması cəmiyyət üçün daha faydalıdır. Azad cəmiyyətin ən böyük dayaqlarından biri tənqidi mətbuatdır. Tənqid bəzən narahat edir, amma inkişafın da əsas şərtlərindən biridir. Tənqid olmayan yerdə səhvlər görünmür, görünməyən səhvlər isə zaman keçdikcə daha böyük problemlərə çevrilir.

Jurnalist həbsxanada deyil, cəmiyyətin içində olmalıdır.

 

Şahbaz Xuduoğlu

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

admin

İcbari sığortada mühüm dəyişiklik: tələbələr və əlilliyi olmayanlar da ödəniş alacaq

redaktor

Şimali Koreya variantına doğru daha bir addım

redaktor