NATO-nun Ankara sammiti haqda kifayət qədər analitik məqalələr yazılıb və hələ yazılacaq. Mən yalnız bir məsələyə toxunmaq istəyirəm.
Türkiyə 1952-ci il 18 fevralda NATO-ya qəbul olunub (Yunanstanla birlikdə). 50 ilə yaxın müddətdə Türkiyə NATO üçün “ögəy qardaş” olub. Düşünürəm ki, bunun səbəbini izah etməyə ehtiyac yoxdur. NATO-nun Türkiyədə ilk sammiti yalnız 2004-cü ildə keçirilib (İstanbul, 28-29 iyun).
Bəs niyə 2004-cü ildə Qərb hərbi-siyasi elitası Türkiyəyə “iltifat” göstərdi? Xatırlayın: 2003-cü ilin 20 martında 2-ci İraq müharibəsi başladı. Hərbi koalisiya qüvvələrinə başçılıq edən ABŞ və Britaniya 1 il sonra başa düşdülər ki, “blitskriq” kimi planlaşdırdıqları müharibə onlar üçün “bataqlığa” çevrilir. Belə müharibədə güclü və etibarlı müttəfiqin rolu əvəzolunmazdır. Təbii ki, NATO-nun regionda Türkiyədən güclü müttəfiqi yox idi. Onu həm də etibarlı etmək lazım idi. Sammit məhz bu funksiyanı yerinə yetirməli idi…
İndi də oxşar vəziyyət yaranıb – ABŞ və Britaniya Türkiyəyə böyük ehtiyac duyurlar, lakin bu dəfə onların məqsədləri fərqlidir.
Hazırda Qərbin 500 illik hegemonluğuna real təhdid yaradan bir ölkə var – Çin. Onu təslim etmək üçün yalnız iki ölkəni ya məhv, ya ram (vassal) etmək kifayətdir: Rusiya və İranı. Hər ikisi böyük və güclü kontinental ölkədir. Təcrübə göstərdi ki, onları hava müharibələri və ya “rəngli” inqilablarla məğlub etmək mümkün deyil. Yeganə vasitə quru müharibəsinə başlamaqdır.
Amma quru müharibəsi üçün məhrumiyyətlərə dözə bilən yüz minlərlə əsgər lazımdır. Avropanın belə ordusu yoxdur, müharibə başlasa, olanların da yarıdan çoxu öz ölkəsindən qaçacaq. ABŞ-a ümid edilirdi, lakin İran müharibəsi göstərdi ki, o da “kağız pələngdir”. Kürdləri, suriyalıları, Körfəz ərəblərini və azərbaycanlıları təxribatlar və ya vədlərlə müharibəyə “soxa” bilmədilər.
NATO üzvləri arasında yeganə güclü və döyüş təcrübəli quru qoşunlarına malik ölkə Türkiyədir. Türkiyəni isə artıq ucuz almaq mümkün deyil. Buna görə də “alver” başlayıb. “Alverin” birinci elementi NATO sammitinin Türkiyədə keçirilməsi, 2-ci elementi Trampın onda iştirak etməsi idi. Trampın “Sammitdə dostum Erdoğana görə iştirak edirəm” ifadəsini vurğulamsı da bu qəbildəndir (“qazlama”). Bundan başqa, ABŞ Türkiyəyə F-35 təyyarələrinin satılmasına qoyduğu qadağanı götürmək, KAAN təyyarələri üçün mühərriklər satmaq, yeni hərbi texnologiyalar sahəsində müqavilələr bağlamaq və s. vədlər verib. Avropa da Türkiyənin ünvanına difirambları artırıb və bir çox hərbi müqavilələr bağlamağı (ən vacibi – Aİ-nin hərbi texnikanın satınalınma tenderlərinə Türkiyə şirkətlərini buraxmağı) vəd verib. Vədlərinə əməl edəcəklərinə inanmıram.
Bəs vəd müqabilində Türkiyə nə etməlidir?
ABŞ-a görə: Türkiyə İran münaqişəsində ABŞ-ın maraqlarının təmin olunmasında (azı: Hörmüz boğazının əvvəlki statusuna qayıtması, İranın nüvə proqramından imtina etməsi) ciddi kömək etməlidir (Ukrayna Tramp üçün 2-ci dərəcəli məsələdir).
Avropaya (Britaniyaya) görə: Türkiyə Ukrayna müharibəsində açıq-aşkar Ukrayna tərəfini tutmalı və Rusiyaya qarşı sanksiyalara qoşulmalıdır (İran onlar üçün 2-ci dərəcəli məsələdir).
Hər iki halda Türkiyə İranla və ya Rusiya ilə quru (Rusiya ilə həm də dəniz) müharibəsinə sövq edilir və hər iki halda Türkiyə müharibəyə girərsə, Azərbaycan da ondan yan keçə bilməyəcək.
Bəs Türkiyə nə düşünür?
Erdoğan çox güclü siyasətçidir. O, çox təhlükəli və riskli bir oyuna girib və məncə, bu oyunu özü istəyib. Düşünmürəm ki, o, ABŞ-ın və Avropanın vədlərinə əməl edəcəklərinə inanır. Lakin hesab edir ki, vədlərin 10%-nə də əməl olunarsa, bu Türkiyə üçün uduş olar (daxili siyasi konyunktura məsələlərini kənara qoyuram). Türkiyənin İranla və ya Rusiya ilə müharibəyə girəcəyinə də inanmıram. İndiki mövqe Türkiyə üçün çox sərfəlidir. Niyə onu sonu ən azı məlum olmayan başqa mövqeyə dəyişməlidir?
Sadəcə, mənə görə bir böyük risk var. Belə çətin vəziyyətdən Erdoğan şəxsi səriştəsi və təcrübəsi sayəsində çıxa bilər. Lakin Erdoğan öhdəlikləri (açıq və ya gizli) öz adından götürmür, dövlət adından götürür. Sabah Erdoğanın yerinə başqa birisi gələrsə, o da götürülən öhdəliklərin altından ölkə maraqlarına uyğun çıxa biləcəkmi?
