NATO-nun Ankara sammiti başa çatdı. Sammitdə qəbul edilən qərarları belə özətləmək olar: ABŞ bir çox məsələlərdə Alyansın yükünü Avropa və Kanada müttəfiqlərinin çiyninə yükləyib, öz üzərinə Çinlə uğraşmaq vəzifəsini götürdü. Bunu NATO-nun baş katibi Mark Ruttenin mətbuata verdiyi açıqlamalardan və NATO-nun Ankara sammitinin yayımlanan Bəyannaməsindəki bəzi müddəalardan da aydın görə bilərik.
Rutte mətbuata açıqlamasında Avro-Atlantik və Hind-Sakit okean məkanları arasında artan “qarşılıqlı əlaqələrdən” danışsa da bir xüsusu da gizlətməyib. O bildirib ki, NATO üzvləri kollektiv müdafiəyə dair 5-ci maddəni “Hind-Sakit okean regionuna şamil etmək niyyətində deyil”. Bununla sanki demək istəyib ki, istər ABŞ, istərsə də Sakit-Hind okeanı ölkələri Çinlə münaqişəyə girərlərsə, boş yerə gözlərini NATO müttəfiqlərinə dikməməlidirlər. NATO-nun avropalı müttəfiqləri Alyansın quruluş prinsiplərindən kənara çıxası deyil.
Xatırladım ki, NATO Trans-atlantik bölgəsinin rus təcavüzündən qorumaq üçün yaradılmışdı. Hind-Sakit okeandan gələn təhlükələr Alyansın quruluşunun ilk illərində mövcud deyildi və onun Nizamnaməsində də nəzərdə tutulmamışdı.
Ankara sammitinin 6 maddəlik Bəyannaməsinin 1-ci maddəsində də bu xüsusa açıq eyham vurularaq bildirilir:
• “Biz, Şimali Atlantika Alyansının Dövlət və Hökumət Başçıları, Vaşinqton Müqaviləsinin 5-ci maddəsi çərçivəsində kollektiv müdafiəmizə və transatlantik bağa olan möhkəm öhdəliyimizi bir daha təsdiqləmək üçün Ankarada toplaşdıq. Bir nəfərə hücum hamıya hücum deməkdir. Birliyimiz, həmrəyliyimiz və kollektiv gücümüz azad və demokratik millətlərdən ibarət Alyansımızdakı bir milyard vətəndaş üçün sülhün, təhlükəsizliyin və rifahın təməli olaraq qalır. Biz çəkindirmə və müdafiəyə 360 dərəcə yanaşmamıza sadiq qalırıq”.
Maddədəki “transatlantik bağa olan möhkəm” bağlılığın ifadə olunması zənnimcə, ABŞ prezidenti Trampın NATO qüvvələrini Sakit-Hind okeanı sularına çəkmək arzusuna verilmiş ən lakonik cavabdır.
Sözsüz ki, avropalıların Sakit-Hind okeanı sularına girməkdən imtina etməsinə ABŞ və onun prezidenti cavabsız qala bilməzdi. Bəyannamənin digər maddələrində Avropa və Kanadanın ABŞ-dan ayrı zikr olunması, xüsusilə də Ukraynanın müdafiəsinin bu ölkələrin öhdəliyinə buraxılması da Ankara sammitində gözə çox da çarpmayan bu fikir ayrılığının çölə yansıması kimidir. Bəyannamənin 4-cü maddəsində bu yansıma (inikas) açıq-aşkar sezilir: “Avropalı müttəfiqlər və Kanada hazırda Ukraynaya təhlükəsizlik yardımının böyük əksəriyyətini ikitərəfli və çoxtərəfli vasitələrlə maliyyələşdirirlər”. Maddədə yer alan bu cümlə Ukraynanın müdafiəsi və maliyyələşdirilməsini ABŞ-ın öhdəliyindən çıxarır, tamamilə Avropa və Kanadanın belinə yükləyir.
Bəyannamənin 2-ci maddəsində də Avropalı müttəfiqlər və Kanadanın adı zikr olunur, “Rusiyanın Avro-Atlantik təhlükəsizliyi və sabitliyinə yaratdığı uzunmüddətli təhdidə və davamlı terrorizm təhdidinə qarşı durmaq üçün” sözügedən ölkələrin hərbi xərclərini 139 milyardan çox artırdığı vurğulanır. Maraqlıdır ki, bu maddədə də ABŞ-ın adı çəkilmir.
Bəyannamənin bir neçə maddəsində “ABŞ-la Kanada və Avropalı müttəfiqlərin” adı bir yerdə çəkilir. Məsələn, 2-ci maddədə vurğulanır ki, Avropalı müttəfiqlər və Kanada, ABŞ ilə birlikdə Alyansın müdafiəsi üçün daha böyük məsuliyyət daşıyırlar: “NATO-nun çəkindirmə və müdafiəsi kosmik və kiber aktivlərlə tamamlanan nüvə, ənənəvi və raketdən müdafiə imkanlarının uyğun bir qarışığına əsaslanır. Döyüş üstünlüyümüzü qorumağa sadiqik. Dərin dəqiq zərbə, inteqrasiya olunmuş hava və raketdən müdafiə, ekipajsız sistemlər, qabaqcıl texnologiyalar və kəşfiyyat imkanları da daxil olmaqla, bütün sahələrdə silahlı qüvvələrimizi yerləşdirmək, təmin etmək və dəstəkləmək, eləcə də qabiliyyət hədəflərimizə çatmaq qabiliyyətimizə investisiya qoyuruq. Biz qarşılıqlı fəaliyyət göstərən transatlantik müharibə buludu inkişaf etdiririk və güclü süni intellekt modellərini tətbiq edirik”.
Həmin maddənin preambulası isə maraqlıdır: “Biz gələcəyi qururuq: daha güclü bir NATO-da – modernləşdirilmiş bir Alyansda daha güclü bir Avropa”. Bu maddədən də aydın olur ki, Ankara sammitinin əsas məqsədi “modernləşdirilmiş NATO alyansında” daha güclü Avropa qurmaqdır. Başqa sözlə desək, Avropa özünü qorumaq istəyirsə, zəhmət çəkib əlini cibinə salmalı və qüdrətli ordu qurmalıdır.
NATO-nun Ankara sammitində həm ABŞ, həm də Avropa və Kanadanın ortaq məxrəcə gəldiyi digər xüsus İranla bağlıdır. Bəyannamədə göstərilir ki, “Müttəfiqlər İranın heç vaxt nüvə silahına sahib olmamalı olduğunu təkrarlayır və İranı Hörmüz boğazında naviqasiya azadlığına tam hörmət etməyə çağırırlar”. Fikrimcə, bu da Trampı razı salmaq üçün Bəyannaməyə əlavə olunmuş maddədir. Sirr deyil ki, Ankara sammitinin keçirildiyi ərəfədə İran Hörmüz boğazında ticarət gəmilərinə hücum etmiş və ABŞ ordusu (Centcom) tərəfindən ağır atəşə məruz qalmışdı. Həmin vaxt bir neçə dəfə açıqlama verən Tramp “İranın nüvə silahına sahib olmasına izn verməyəcəyini dəfələrlə təkrarlamışdır. Görünən budur ki, NATO müttəfiqləri güclənənə qədər ABŞ-ı öz yanlarında görmək üçün Trampın bu sözlərini olduğu kimi Bəyannaməyə salmaq məcburiyyətində qalmışlar.
Nəticə
Yaxın gələcəkdə Trans-anlantik və Sakit-Hind okeanı cəbhələrinə bölünməyə hazırlaşan NATO qüvvələri keçid mərhələdə İrana qarşı birgə mübarizə aparmağı öhdələrinə götürüblər. ABŞ-ın Çinə qarşı mübarizəsində isə onun yanında dayanmaq istəməyən Avropa və Kanada müttəfiqləri Rusiyaya qarşı mübarizəni təkbaşına davam etdirəcəklər. ABŞ da öz növbəsində Çin ətrafındakı ölkələri başına toplayaraq yeni bir ittifaq quracaq və onların vasitəsilə özünün ən əsas rəqibinə qarşı mübarizə aparacaq.
