108 il ərzində azərbaycanlıların üç dövləti olub – Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və Azərbaycan Respublikası…
Bu üç dövlətin müqayisəli təhlili olduqca əhəmiyyətlidir. AXC qarşısına qoyduğu məqsədlərə nə dərəcədə nail ola bildi? Azərbaycan SSR-in əsas hədəfləri nədən ibarət idi? Azərbaycan Respublikasının strateji məqsədləri hansılardır?
Ümumilikdə, bu 108 il ərzində azərbaycanlılar dövlətçilik, siyasi, iqtisadi, ədəbi, mənəvi və ictimai inkişaf baxımından nə qədər irəliləyə biliblər? Bir əsr əvvəl mövcud olan problemlər bu gün aradan qalxıbmı?
Biz nə Çar Rusiyasını dağıdaraq Azərbaycan Xalq Cümhuriyyətini qurmuşduq, nə də SSRİ-ni parçalayaraq müstəqilliyimizi bərpa etmişdik. Tarixi şərait belə formalaşdı ki, hər iki imperiya süquta uğradı və yaranmış imkanlar nəticəsində Azərbaycan öz dövlətçiliyini qurdu.
Mühüm sual ortaya çıxır: Azərbaycan xalqı bu üç dövlət modelinin hansında mənəvi, elmi, ədəbi, hüquqi və texnoloji inkişaf baxımından daha böyük nailiyyətlər əldə edib? Müqayisəli təhlil aparılsa, çox maraqlı mənzərə ortaya çıxmış olacaq. Eyni zamanda, AXC-nin cəmi 23 ay fəaliyyət göstərdiyini nəzərə alsaq, bu müqayisəni hansı meyarlar əsasında aparmaq daha doğru olar?
Bu fikirləri yazmağımın səbəbi odur ki, nə Azərbaycan cəmiyyətinin əhəmiyyətli hissəsi, nə dövlət idarəçiliyində təmsil olunanların böyük qismi, nə müxalifətin əksər funksionerləri, nə də ziyalılar və fikir adamları müstəqilliyin əsl dəyərini tam şəkildə dərk edirlər.
Bu gün Azərbaycan müstəqil dövlətdir. Buna son illərdə dövlət suverenliyinin tam bərpasını da əlavə etsək, əslində necə böyük bir tarixi nailiyyətə sahib olduğumuzu daha aydın görə bilərik.
Bəs o zaman niyə bu gündəyik? Niyə cəmiyyətin ən fəal və düşünən təbəqəsinin əhəmiyyətli hissəsi gələcəyini ölkədən kənarda axtarır? Niyə insanların çoxu ilk fürsətdə Azərbaycanı tərk etməyi çıxış yolu hesab edir?
Yüz il əvvəl xarici dövlətlərin siyasi mərkəzlərində və xüsusi xidmət orqanlarının təsiri altında formalaşmış bir sıra ideyalar bu gün də cəmiyyətimizdə “milli məsələlər” kimi təqdim olunur və müzakirə edilir. Halbuki müstəqil dövlətin əsas meyarlarından biri milli maraqları kənardan idxal olunan yanaşmalarla deyil, öz tarixi təcrübəsi və strateji hədəfləri əsasında müəyyənləşdirməkdir.
