İsrailin nüfuzlu “Ynet” nəşri, “İsrail qırmızı xətti keçdi: “Erməni soyqırımı”nı tanımasından sonra Azərbaycan böhranı daha da dərinləşdi”, – başlığı ilə məqalə dərc edib.
Ümumi mənada deyim ki, məqalədə “iki ölkə arasındakı əlaqələrdən xəbərdar olan rəsmilərə” istinadla İsrail hökumətinin “erməni soyqırımı”nı tanımaq qərarının Azərbaycanla münasibətlərdə ictimaiyyətə göründüyündən daha dərin bir böhrana səbəb olduğu vurğulanıb.
Aydın məsələdir ki, İsrail-Türkiyə münasibətlərinin gərginləşməsi Bakı üçün arzuolunan hal deyil. Təl-Əviv Bakının strateji tərəfdaşı, Ankara isə “Şuşa Bəyannaməsi” ilə rəsmi səviyyədə tanınan müttəfiqidir. Hər iki ölkə ilə iqtisadi və siyasi əlaqələr ən yüksək səviyyədədir.
Azərbaycan rəsmi və qeyri-rəsmi təmaslarla illərdir tərəfləri uzlaşdırmağa, ortaq yol tapmağa çalışır. Müəyyən vaxtlarda buna nail olunsa da, həm Türkiyədə artan siyasi İslam, həm də İsraildə baş nazir Benyamin Netanyahu hakimiyyətinin ambisiyaları bu prosesdə Bakının uzlaşdırma cəhdlərini nəticəsiz qoyur.
İsrail hökumətinin “erməni soyqırımı”nı tanımaq qərarı hər nə qədər Türkiyəyə açıq gözdağı və xəbərdarlıq mahiyyəti daşısa da, Azərbaycana da toxunduğu və narahatlıq yaratması sirr deyildi. Xüsusilə Azərbaycan – Ermənistan sülh prosesinin uğurla davam etdiyi bir zamanda bu qərar təkcə Bakı üçün yox, İrəvan üçün də gözlənilməz oldu. Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan Təl-Əvivin İsrailin “erməni soyqırımı”nı tanımasına cavab verməyəcək.
“Biz cavab verməyə ehtiyac görmürük, inanırıq ki, “erməni soyqırımı”ndan silah kimi istifadə etməmək Ermənistan Respublikasının maraqlarına xidmət edir. Yaxın gələcəkdə heç bir reaksiya olmayacaq”, – deyə Ermənistanın baş naziri bildirib.
“Erməni soyqırımı” məsələsi region üçün həssas, eyni zamanda mübahisəli mövzudur. Ankara hadisənin soyqırımı olmadığını, İrəvan isə birmənalı şəkildə soyqırımı olduğunu deyir. Bakı isə məsələyə Ermənistanın azərbaycanlılara qarşı törətdiyi 1918-ci il Mart soyqırımı və Xocalı soyqırımı kimi hadisələr kontekstində baxır. Yəni ortada bariz şəkildə fikir ayrılığı var.
Bu günə qədər həm Bakı, həm də Ankara İrəvana tarixi arxiv materialları əsasında ortaq araşdırma təklif etsə də, Ermənistan bunu qəbul etməyib. Əslində, bunu müəyyən mənada anlamaq olar. Çünki Ermənistanda daha çox ultra-millətçi, revanşist hökumətlər hakimiyyətdə olduğundan buna isti baxılmayıb, əksinə, “erməni soyqırımı”nın dünyada tanıdılmasına çalışılıb.
Lakin indiki məqamda vəziyyət fərqlidir. Paşinyanın İsrailin “erməni soyqırımı”nı tanımasına verdiyi reaksiya göstərir ki, bu proses İrəvanda da narahatlıq yaradır. Çünki Ermənistan-Azərbaycan danışıqları uğurla davam edir. Tərəflər sülh sazişini paraflayıb, yekun müqavilə üzrə təmaslar intensivləşib. Paralel olaraq delimitasiya və demarkasiya prosesi də davam edir. Paşinyan bu prosesin pozulmasını və ya səngiməsini istəmir.
Təbii ki, məsələnin bir də Türkiyə ilə Ermənistan tərəfi var. Məlum olduğu kimi, tərəflər arasında münasibətlərin normallaşması və sərhədlərin tam açılmasına dair danışıqlar uğurla davam edir. İrəvan üçün bu məsələ çox vacibdir. Proses tam yekunlaşarsa, Ermənistan təkcə Türkiyə ilə problemləri həll etmiş olmayacaq, həm də Avropaya inteqrasiaynı sürətləndirəcək.
Elə isə həm bu gün prosesə zərər vuracaq, həm də gələcəkdə yenidən gərginliyə səbəb olacaq məqamların aradan qaldırılması üçün digər məsələlərdə olduğu kimi, bu məsələdə də ortaq məxrəcə gəlməyə çalışılmalıdır.
Hesab edirəm ki, Türkiyə, Ermənistan və Azərbaycan “erməni soyqırımı” ilə bağlı ortaq komissiya yaratmalı, üç dövlətin dəstəyi ilə həm tarixi arxiv materialları üzrə araşdırma başlatmalı, həm də bu hadisələrdə həyatını itirən istisnasız bütün tərəflərin varisləri ilə danışmalıdır. Hətta prosesə tərəfsiz xarici mütəxəssislər də cəlb edilə bilər.
Əks təqdirdə, strateji tərəfdaşımız hesab etdiyimiz ölkələr belə, yeri gəldikdə “erməni soyqırımı” məsələsindən istifadə edib regional sülhə açıq şəkildə təhdid yarada bilər.

