26.5 C
Bakı
06 İyul 2026 12:29
CəmiyyətDünyaTəhsil

Kim rus əlifbasının əleyhinədirsə, o rus xalqının əleyhinədir

1958-ci ilin ortalarında Azərbaycan dilinin orfoqrafiyası və Azərbaycan əlifbasında qismən dəyişiklik edilməsi məsələsi yenidən müzakirəyə çıxarıldı. Əvvəllər qeyd olunduğu kimi Azərbaycan dilinin orfoqrafiya qaydalarını dəqiqləşdirmək və təkmilləşdirmək məqsədilə hələ 1955-ci ildə Azərbaycan SSR EA-nın Nizami adına Ədəbiyyat və Dil İnstitutunda yeni layihə hazırlanmış və onun geniş müzakirəsi təşkil olunmuşdu.

Orfoqrafiya qaydalarına yenidən baxmaq məqsədilə Mirzağa Quluzadə, Cəfər Xəndan Hacıyev, Məmmədağa Şirəliyev, Əbdüləzəl Dəmirçizadə, Mir Cəlal Paşayev, Rəsul Rüstəmov, Muxtar Hüseynzadə, Əkrəm Cəfər, Əliheydər Orucov və digərlərindən ibarət komissiya təşkil olunmuşdu.

Yeni orfoqrafiya layihəsi haqqında istər mətbuatda və istərsə də yığıncaqlarda irəli sürülən fikir və mülahizələr komissiya tərəfindən ümumiləşdirilərək 1957-ci il mart ayının 14-də Ali Sovetin Rəyasət Heyətinin sədri Mirzə İbrahimovun yanında müzakirə edilib Azərbaycan KP MK-ya təqdim edilmişdi.

MK-nın büro üzvləri layihə ilə tanış olduqdan sonra onun mətbuatda çap olunmaqla yenidən müzakirəsini məqsədəuyğun hesab etmişdilər. Bu müzakirədən sonra Azərbaycan KP MK 1958-ci ilin yanvar ayının 15-də keçirilən müşavirədə layihəni əsasən bəyənmiş və onun tezliklə təsdiq edilməsini məsləhət görmüşdü.

Orfoqrafiya komissiyasının sədri Mirzə İbrahimov yazırdı ki, yazı texnikasını asanlaşdırmaq, əlifbanı tədris, təlim və nəşriyyat üçün daha da səmərəli hala gətirmək məqsədilə “й” hərfinin latın əlifbasındakı “j” ilə əvəz edilməsi qərara alınmışdır. Orfoqrafiya layihəsinin sonuncu müzakirəsi 1958-ci il mart ayının 17-də olmuşdu və həmin müşavirədə Azərbaycan əlifbasının, habelə yeni orfoqrafiya qaydalarının layihəsini bəzi düzəlişlərlə qəbul edərək təsdiq üçün Azərbaycan KP MK-ya təqdim etmək barədə qərara gəlinmişdi.

1958-ci il iyunun 10-da komissiya üzvlərinin iştirakı ilə Azərbaycan KP MK bürosu Azərbaycan dilinin orfoqrafiya qaydaları və Azərbaycan əlifbasında qismən dəyişikliklər edilməsi haqqında məsələni müzakirə etdi. Müzakirələrdə çıxış edən Ali Sovetin Rəyasət Heyətinin sədri İlyas Abdullayev bildirdi ki, əgər latın əlifbası bizi təmin edirdisə, niyə biz rus əlifbasına keçmişik.

Biz yarı rus əlifbasına keçməklə, yarı latını saxlamaqla uşaqlarımızın vəziyyətini ağırlaşdırmışıq. Əgər o zaman səhvə yol verilibsə, əgər belə formada bu əlifba bizim dilimizin xüsusiyyətlərinə cavab vermirsə, onda gəlin bu məsələni müzakirə edib müvafiq orqanların qarşısında məsələ qaldıraq ki, o zaman səhvə yol verilib və bu səhvi düzəltmək lazımdır.

Əgər biz hər 10–15 ildən bir xalqın əlifbasını dəyişsək bundan heç nə alınmayacaq. Bu məsələni birdəfəlik həll etmək lazımdır ki, bir də 500 il, 1000 il bu məsələyə qayıdılmasın. İmam Mustafayev müzakirə edilən məsələnin tarixi haqqında məlumat verdikdən sonra dedi ki, biz süni, lazım olmayan hərflər icad etmişik və həmin hərflər adamlarımızı savadsız edir. Əgər biz onları kənarlaşdırmasaq, onlar xərçəng kimi həmişə bizim adamlara mane olacaq. Ona görə də “я, ю” kimi rus hərflərinin əlifbada yeri yoxdur, onları əlifbaya məsələnin mahiyyətini anlamadan daxil ediblər.

Tərsə “э” də eyni ilə belədir. Ona görə onları saxlamağa heç bir zərurət yoxdur. O ki, qaldı “й”nın latın “j”sı ilə əvəz olunmasına bu yazmaq üçün çox rahatdır. Əgər biz dil ümumiliyindən danışırıqsa, Cənubi Azərbaycanı da nəzərə almalıyıq. Mən bu hərflərin kənarlaşdırılmasında heç bir çətinlik görmürəm, əksinə, 35 hərf var idi, indi 32 olub. Orfoqrafiya qaydalarına gəldikdə isə, son 10–15 ildə biz ilk dəfədir ki, Azərbaycan dilinin orfoqrafiya qaydalarında dəyişikliklər edirik və bu ola bilsin ki, dilin mükəmməl öyrənilməsini gücləndirsin.

Orfoqrafiya komissiyasının sədri kimi Mirzə İbrahimov bəzi məsələlərə aydınlıq gətirdi. O, dedi: “Məsələ bundadır ki, biz 1930-cu illərdən başlayaraq (Bağırovun idarəçiliyi dövründən) bunu etməyə məcbur olmuşuq və bu vəziyyətə salınmışıq. Onda məsələni belə qoyurdular ki, kim rus əlifbasına tərəfdardırsa, o rus xalqına tərəfdardır, kim rus əlifbasının əleyhinədirsə, o rus xalqının əleyhinədir. Mən belə hesab edirəm ki, biz məsələnin maddi tərəfindən də elə bir şey itirmirik. Əgər bizim qrammatikamız səhv olsa, bunun ucbatından kütləvi savadsızlar hazırlayacağıq”.

MK-nın elm və məktəblər şöbəsinin müdiri Nazim Hacıyev bildirdi ki, Azərbaycan dilinin əlifbasında hər hansı dəyişiklik etməkdən qorxmaq lazım deyil. Bu məsələ demək olar ki, hər gün məktəblərdə, universitet və institutlarda qalxır, biz deyə bilmərik ki, heç nəyi dəyişməyəcəyik. Əgər indi 32 hərf təklif edilirsə, onda hansı çətinlikdən söhbət gedə bilər. Əgər hər hansı əlifbada hərflərin sayı azdırsa, o daha möhkəm və daha sanballı görsənir. Biz tədris prosesi üçün ciddi problemlər yaradan “я”, “ю”, “ё”ni götürməklə çoxlu çətinlikləri aradan qaldırmış oluruq.

Büro iclasına yekun vuran İmam Mustafayev üç hərfin Azərbaycan əlifbasından çıxarılması və bir hərfin əvəz edilməsi ilə bağlı qərar layihəsini təklif etdi. MK bürosunun qərarında göstərilirdi ki, Azərbaycan dilində ikili səsləri ifadə edən hərflər olmadığı üçün “я”, “ю”, “ё” hərflərinin mövcudluğu dilin bir sıra əsas morfoloji qaydalarını pozur. Ona görə də büro qərara aldı ki, “я” və “ю” hərfləri əlifbadan çıxarılsın və “ё” hərfinin funksiyası dəyişdirilsin. Bundan əlavə “й” hərfinin Azərbaycan əlifbasında törətdiyi çətinlikləri nəzərə alaraq onun latın “j”sı ilə əvəz edilməsi qərara alındı.

Azərbaycan SSR Nazirlər Sovetinə tapşırıldı ki, Akademiyanın Rəyasət Heyəti tərəfindən təqdim edilmiş “Azərbaycan dilinin orfoqrafik qaydaları”nı təsdiq etsin və onun tətbiqinin müddətini müəyyənləşdirsin. Büronun qərarı ilə Ali Sovetin Rəyasət Heyətinə tapşırıldı ki, Azərbaycan əlifbasına təklif edilən qismən dəyişiklikləri müvafiq fərmanla rəsmiləşdirsin.

 

Cəmil Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

redaktor

ABŞ gözlənilmədən Ukraynanı taktikasını dəyişməyə çağırdı

redaktor

Gerçəkliyi anlamaq zərurəti

redaktor