Bəşəriyyət tarixində çağdaş dövlət fəlsəfəsinin və sisteminin yaranmasında müstəsna xidməti olan dövlət adamlarından biri və bəlkə də birincisi Tomas Ceffersondur. Məhəmməd Əmin Rəsulzadə və Mustafa Kemal Atatürk kimi Tomas Ceffersonu da məhz buna görə, çağdaş dövlət mədəniyyətinin yaranması və yayılmasındakı xidmətlərinə görə sevirəm.
İstiqlal Bəyannaməsinin əsas müəllifi Tomas Cefferson bəyannamənin ilk layihəsini 4 iyul 1776-cı ildə, səhər saatlarında yazıb. Cefferson İstiqlal Bəyannaməsinin ilk layihəsini yazıb qurtardıqdan sonra Filadelfiyadakı havanın temperaturunu qeydə alır: 20 dərəcə.
Maarifçilik dövrünün təmsilçisi olan Cefferson dəqiq ölçmə ilə düzgün hərəkətin ayrılmaz şəkildə əlaqəli olduğuna inanırdı. Cefferson inanırdı ki, gerçəkliyi anlamaq dərhal dəyişiklik yaradır. Türkiyə ilə bağlı yazdıqlarımı Türkiyəni tənqid xarakteri daşıdığını iddia edənlər kökündən yanılırlar. Çünki, mən yazdıqlarımın Türkiyədə nəyisə dəyişmək gücündə olmadığını bilirəm. Ona görə də heç zaman belə faydasız, mənasız işlə məşğul olmaram. Mən sadəcə nağılla inanmağı sevən xalqımızın bəzi gerçəkliklərlə tanış olmasını istəyirəm. Çünki, yanlış təsəvvürlər ancaq zərər verə bilər. Cefersonun dünya görüşünə inanaraq gerçəkliklərin ifadə olunmasının zehnlərdə dəyişlikliyə yol açacağını düşünürəm.
Həmin sərt gerçəkliklərdən biri Qarabağın işğaldan azad edilməsində Türkiyənin rolu ilə bağlıdır. Rusiya imperiyasının 200 illik Cənubi Qafqaz siyasətinin ana xəttini təşkil edən Qarabağ məsələsini həll etmək gücünə malik Türkiyənin Yunanıstanın 2004-cü ildə işğal etdiyi 18 türk adasını bu günə kimi niyə azad edə bilməsi çoxsaylı suallar doğurur.
Yunanıstan Egey dənizindəki 18 ada və 2 qayalığı Ərdoğan baş nazir seçildikdən çox qısa zaman sonra, 2004-cü ildə işğal edib. Bu illər ərzində AKP iqtidarının təmsilçiləri adaların azad olunacağını dəfələrlə bəyan etsə də, heç nə dəyişməyib. Məsələn, 3 sentyabr 2022-ci ildə Samsunda keçirilən Teknofest festivalında Prezident Rəcəb Tayyib Ərdoğan adalarla bağlı Yunanıstanı təhdid etmişdi: “Ey Yunan, tarihe bak, adaları unutma. Adaları işgal etmeniz falan bizi bağlamaz; vakti, saati geldiğinde gerekeni yaparız. Bir gece ansızın gelebiliriz.”
Ərdoğanın “Bir gece ansızın gelebiliriz” xəbərdarlığından təxminən 4 il ötür və vəd olunan “vakit”in, “saat”ın zamanı hələ gəlməyib. Yunanıstan isə həmin adalarda 15 hərbi baza qurub. Xatırlatmaq yerinə düşər ki, Yunanıstan hərbiçiləri 1996-cı ilin yanvarında da qayalıqlara çıxaraq ölkələrinin bayraqlarını ucaltmışdılar. O zaman baş nazir olan xanın Tansu Çillərin “O bayrak inecek, o asker gidecek” açıqlamasından sonra yunan hərbiçilər çıxıb getmişdilər. İndi isə Ərdoğan “Bir gece ansızın gelebiliriz” bəyanatını verir, Afinadan da “Gündüz gəl” cavabı gəlir.
Türkiyənin suverinliyinin Yunanıstan tərəfindən məhdudlaşdırılması adaların Ərdoğan demişkən işğalı ilə bitmir. Türkiyənin geoloji axtarış gəmiləri 6 ildir ki, Aralıq dənizində geoloji kəşfiyyat işləri də apara bilmirlər. Üstəlik, Türkiyə donanması 2020-ci ildə tərk etdiyi Şərqi Aralıq dənizinə bu günə kimi qayıda bilməyib. Siyasi islamçıların rədd etdiyi Lozanna müqaviləsinə görə Türkiyə torpağı olan 18 ada və 2 qayalığın Yunınstan tərəfindən işğalını 22 ildə aradan qaldıra bilməyən Türkiyənin Rusiya imperiyasının 200 ilik Cənubi Qafqaz siyasətinin əsasını təşkil edən Qarabağ məsələsini həll etdiyinə bəlağətli şeirlə idarə olunan toplum inana bilər.
Məhz bəlağətli şeirlə idarə olunan toplum Rusiya istehsalı S-400 hava hücumundan müdafiə sistemi aldığına görə CAATSA (Amerikanın Düşmənlərinə Qarşı Sanksiyalar Vasitəsilə Mübarizə Qanunu) sanksiyalarına məruz qalan Türkiyənin Qarabağın işğaldan azad edilməsi prosesində Vaşinqtonun tərəfsiz qalmasını, BMT Təhlükəsizlik Şurasında Rusiya və Fransanın müharibənin dərhal dayandırılması ilə bağlı qətnaməsinin qarşısını aldığını inana bilər. Türkiyə F-35 proqramından çıxarıldığı kimi, F-35-lər üçün ABŞ-a ödədiyi 1.4 milyard dolları bu günə kimi geri ala bilməyib. ABŞ üçün çox kiçik bir məsələ olan 1.4 milyard dollarını geri ala bilməyən Türkiyənin Qarabağın azad edilməsində Trampın tərəfsiz qaldığını təmin etdiyinə də yalnız bəlağətli şeirlə idarə olunan toplum inana bilər. Tramp adminstrasiyanın Türkiyənin Şərqi Aralıq dənizindəki mövqelərini sarsıdan təşəbbüslərindən yazsam, mövzu çox uzanar.
Son olaraq onu qeyd etmək istərdim ki, Lozanna müqaviləsinə görə Türkiyə torpağı olan 18 ada və 2 qayalığın Yunanıstan tərəfindən işğalını 22 il ərzində aradan qaldıra bilməyən Ərdoğan iqtidarının Qəzza, Fələstin və Qüds isterikası, İsraillə müharibə çağrışları tragikomediyadan başqa bir şey deyil. Digər bir tragikomediya Türkiyənin Suriya “fatehliyidir”.
Azərbaycan xalqının böyük fədakarlıqlar hesabına qurduğu Azərbaycan dövləti belə tragikomediyalara qurban verilə bilməz. Prezident İlham Əliyevin dediyi kimi, ərəb ölkələrinin məsələlərini ərəb dövlətlərinin özləri həll etməlidir. “Qeyri-ərəb müsəlman ölkələr parovozun önündə qaçmamalıdır. Bu, heç bir yaxşı nəticə verməz.” Azərbaycan hansısa bir təsirin altında bu strategiyadan geri çəkilməməlidir.