“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Elvin Mustafayevin saxlanıldığı 17 saylı Cəzaçəkmə Müəssisəsində cərimə kamerasına salındığı bildirilir.
Bu barədə onun yaxınları məlumat yayıb.
Məlumata görə, Elvin Mustafayev iyunun 30-da cərimə kamerasına (“kars”) yerləşdirilib. O, buna etiraz olaraq iyulun 1-dən aclıq aksiyasına başlayıb.
Atası Əli Mustafayev “Meydan TV”yə bildirib ki, oğlunun hansı səbəbdən cərimə kamerasına salınması barədə məlumat ala bilməyib.
Əli Mustafayev baş verənləri oğluna qarşı təxribat adlandırıb:
“Elvinin azadlığa çıxmasına 34 gün qalıb. Düşünürəm ki, bu, onun həbsini uzatmaq məqsədi daşıyır. Ötən ay da müəssisədə müavin ona demişdi ki, səni cərimə edəcəyik, həbsdən çıxa bilməyəcəksən”.
Onun sözlərinə görə, ailə baş verənlərlə bağlı Penitensiar Xidmət və cəzaçəkmə müəssisəsi ilə əlaqə saxlamağa çalışsa da, cavab ala bilməyib.
Hələlik 17 saylı Cəzaçəkmə Müəssisəsindən və Penitensiar Xidmətdən deyilənlərə münasibət almaq mümkün olmayıb.
Elvin Mustafayevin bundan əvvəl də eyni müəssisədə təzyiq və hədələrlə üzləşdiyi iddia olunub.
Elvin Mustafayev 2023-cü il yanvarın 31-də məhkəmə qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Ona əvvəlcə satış məqsədilə külli miqdarda narkotik vasitə daşıma ittihamı verilsə də, sonradan məhkəmə ittihamı dəyişərək onu satış məqsədi olmadan külli miqdarda narkotik saxlamaqda təqsirli bilib.
Mustafayev ittihamları qəbul etmir və həbsinin siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirir.
Bir sıra hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyırlar. Rəsmi qurumlar isə Azərbaycanda siyasi məhbusların olması ilə bağlı iddiaları rədd edir. (AbzasMedia)
