CəmiyyətHadisəKriminal

Arzum9999-un hökmü niyə cəmiyyətdə suallar doğurur?

Mən Arzum9999-u (İlduzəni) nə tanıyıram, nə də onunla hansısa şəxsi münasibətim var. Yazacağım fikirlər də hansısa tanışlığa görə deyil, hüquq və ədalət prinsipi baxımındandır.

Məhkəmə artıq hökmünü verib. Amma hökm çıxması o demək deyil ki, cəmiyyət hadisəni müzakirə edə bilməz. Əksinə, insanların cəzanın ədalətliliyi barədə fikir bildirmək hüququ var.

Sosial şəbəkələrdə hadisənin görüntülərini izləyən və işin materialları ilə tanış olduğunu deyən çox sayda insan iddia edir ki, qəzanın baş verməsində qarşı tərəfin yüksək sürətlə hərəkət etməsi də mühüm rol oynayıb və məsuliyyətin yalnız bir nəfərin üzərinə qoyulması mübahisəlidir.

Bu iddiaların nə dərəcədə doğru olduğunu qəti deyə bilmərəm. Amma bu cür müzakirələrin mövcudluğu göstərir ki, cəmiyyətin bir hissəsində hökmün ədalətliliyi ilə bağlı suallar var.

Bir məsələ də diqqətimi çəkir. Azərbaycanda bundan əvvəl də yüksək vəzifəli şəxslərin övladlarının və yaxınlarının iştirakı ilə səs-küylü yol-nəqliyyat hadisələri olub.

İctimaiyyət arasında, məsələn, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini Şahmar İbadovun oğlunun, deputat Asif Əsgərovun oğlunun, eləcə də keçmiş Baş nazirin müavini Əli Həsənovun nəvəsinin adı hallanan hadisələr uzun müddət müzakirə edilib.

İnsanlar bu işlərlə Arzum9999-un işi arasında müqayisələr aparır və cəzalara fərqli yanaşıldığını düşünürlər.
Əgər həqiqətən də qanun qarşısında hamı bərabərdirsə, bu bərabərlik hər kəs üçün eyni şəkildə görünməlidir. Ədalət təkcə həyata keçirilməməli, həm də cəmiyyət tərəfindən görünməlidir.

Digər tərəfdən, məni ən çox narahat edən məsələ sosial şəbəkələrdə İlduzənin şəxsiyyətinin təhqir olunması, söyülməsi və linç edilməsidir. Tənqid etmək başqa şeydir, insanı kütləvi şəkildə alçaltmaq başqa. Heç kim buna haqq qazandıra bilməz.

Hüquqi qərarla razılaşmaq da olar, razılaşmamaq da. Amma hüquqi mübahisəni şəxsi nifrət kampaniyasına çevirmək cəmiyyətə heç nə qazandırmır.

İstənilən işdə əsas meyar emosiyalar deyil, obyektivlik və qanunun hamıya eyni tətbiq olunması olmalıdır.

 

Arifə Əliyeva

Tacxeber.com

Oxşar xəbərlər

İşçi hüquqları müdafiəçisinin cərimə kamerasına salındığı, aclığa başladığı bildirilir

admin

Vladimir Kononnikov və Rustem Faxriyev

redaktor

Korrupsiyanın sərhədi varmı?

redaktor