21.6 C
Bakı
28 İyun 2026 10:53
DünyaİqtisadiyyatSiyasət

Azərbaycanda yeridilən məhəlli siyasət kommunizm quruculuğunun əsaslarını sarsıdır

1957-ci ilin sonunda SSRİ-də yarımçıq xarakter daşıyan islahatlar dövrü başa çatdı. 1958-ci ildə ölkədə Nikita Xruşşovun “partiya diktaturasının” qurulması siyasi və iqtisadi həyatda avantüralarla müşayiət edilməyə başladı. 1957-ci ildə ideya kimi irəli sürülən heyvandarlıq məhsullarının istehsalına görə Amerikaya çatmaq və onu keçmək şüarı 1958-ci ilin mart ayında Nikita Xruşşov SSRİ Nazirlər Sovetinin sədri təyin edilməklə əməli xarakter almağa başladı. Bu mübarizədə qarğıdalı əsas silah hesab edildiyindən, bütün kənd rayonları başdan-başa qarğıdalı əkininin təcrübə meydanına çevrilmişdi.

Müxtəlif təsərrüfat və təhlükəsizlik orqanlarının gizli məlumatlarında ölkənin taxıl ehtiyatları üçün ciddi təhlükə yarandığı bildirilsə də, dövlətin birinci şəxsinin qarğıdalı haqqında xüsusi müla¬hi¬zələri olduğundan sovet rəhbərliyində baş qaldırmış volyuntarizm hallarının qarşısını almaq mümkünsüz bir işə çevrilmişdi. Qarğıdalıya münasibət ölkədə siyasi karyera, təsərrüfatda yüksək vəzifə, cəmiyyətdə fəxri adlar əldə edilməsinin başlıca meyarı hesab edilirdi. Belə volyuntarist siyasətə qarşı dura biləcək adamlar hakimiyyətdən uzaqlaşdırıldı. 50-ci illərin sonlarında qarğıdalı sovetlərin əsas simvollarından birinə çevrilmiş və bütün ölkəni silos qoxusu bürümüşdü.

1953-cü ildə partiya və dövlət post¬la¬rının bir əldə cəmləşməsini qadağan edən müvafiq qərarın olmasına bax¬ma¬yaraq Sov.İKP MK-nın birinci katibi postunu saxlamaqla SSRİ Nazirlər Sovetinin sədri vəzifəsini də ələ keçirən Nikita Xruşşov MK-nın may (1958-ci il) plenumunda artıq bəyan edirdi ki, ölkənin maraqları kompromislərə dözməyəcək: “Siz bilirsiniz ki, XX qurultaydan sonra partiyaya qarşı çıxış etməyə cəhd göstərən bir sıra antipartiya ünsürləri necə fəallaşmışdılar. Onda belə ünsürlər qrupu institutların birində çıxış etmişdilər, onlardan dördünü MK partiyadan xaric etdi. Bu qərar sizə məlum olduğu kimi bütün partiya təşkilatlarına göndərildi”.

Mixail Suslov düzəliş verdi ki, bu Ümumittifaq İstilik Texniki İnstitutunda baş vermişdi. Nikita Xruşşov sözünə davam edərək bildirdi ki, bu qərar qəbul olunduqdan sonra həmin institutun rektoru (Aleksey Qorşkov) mənə zəng etmişdi. O, özü akademikdir və partiya üzvü deyildir. O, mənə dedi: “Mənim uşaqlarım nə isə ediblər və bunun üstündə onları partiyadan çıxarıblar, lakin onlar çox istedadlı oğlanlardır”. Mən ona dedim ki, “o oğlanları” doğru olaraq partiyadan çıxarıblar və əgər onlar antisovet əməllərini davam etdirsələr, onda onlar məhkəməyə veriləcək və həbsxanaya salınacaqlar.

Əgər biz o zaman bu qərarı qəbul etməsəydik, hər cür antisovet və antipartiya ünsürlərinə azadlıq versəydik, onda partiyada rəhbərliyi əldən verərdik. Onda antisovet ünsürlər də fəallaşardılar və Macarıstanda, Polşada olanlar bizdə də baş verərdi. Mən əminəm ki, əgər Rakoşi (Matyaş) və digər keçmiş macar rəhbərləri sərtlik və iradə nümayiş etdirsəydilər, ən çoxu üç-beş nəfər təhrikçini həbs edib həbsxanaya atsaydılar, orada heç bir əksinqilab olmayacaqdı.

Nikita Xruşşov başda olmaqla sovet rəhbərliyi təkcə ideoloji sahədə deyil, iqtisadi, xüsusi ilə kənd təsərrüfatı sahəsində də Azərbaycanda yeridilən siyasətdən razı deyildi. Xruşşov süni şəkildə kommunizmi yaxınlaşdırmaq məqsədi ilə fərdi kəndli təsərrüfatlarını məhdudlaşdırmaq siyasəti yeridirdi. Bunun əksinə olaraq 1954–1958-ci illərdə Azərbaycanda məhz fərdi təsərrüfatlar artmış və heyvandarlıq sahəsində artım bütövlükdə fərdi təsərrüfatların payına düşmüşdü.

Ona görə Nikita Xruşşov 1958-ci ilin dekabr ple¬numunda Azərbaycan partiya təşkilatlarını kəskin şəkildə tənqid etdi. O, öz məruzəsində yardımçı həyətyanı sahələrin və fərdi təsərrüfatlarda olan heyvandarlığın məhdudlaşdırılması, habelə fərdi təsərrüfatlarda olan heyvanların ictimai təsərrüfatlar tərəfindən satın alması məsələsini kəskin şəkildə irəli sürdü.

İmam Mustafayev isə kolxoz torpaqlarından otlaq kimi isti¬fadəyə görə haqq ödənilməsi və bu vəsait hesabına kəndlərə yol, su çəkilişi, abadlıq işləri aparılması və s. üçün kolxozlararası maliyyə fondu yaratmaq ideyasını irəli sürdükdə Xruşşov onun sözünü kəsdi və bildirdi ki, kəndi sosialist əsaslarda qurmaq lazımdır. O, dedi: “Sənin dediyin şey vergidir, bu cərimə siyasətidir. Başlıca məsələ tərbiyəvi işin aparılmasıdır. Ən başlıcası odur ki, o kommunistlər ki, kənddə işləyirlər, onlar həqiqi kommunistlər olsunlar, indi isə sizdə olanlar kommunist deyillər”.

1958-ci ilin avqustunda Sov.İKP MK tərəfindən Rusiya Federasiyası üzrə qəbul olunmuş “Şəhərlərdə və fəhlə qəsəbələrində yaşayan vətəndaşların şəxsi təsərrüfatda mal-qara saxlamasının qadağan edilməsi haqqında” qərarından sonra bütün SSRİ-də fərdi təsərrüfatlarda olan mal-qaranın ictimai təsərrüfatlar tərəfindən satın alınması prosesi başlandı. Bu qərar təxminən 12,5 milyon vətəndaşın iqtisadi maraqlarına toxunurdu. Nikita Xruşşovun “kommunizm quruculuğuna” mal-qaradan başlamaq haqqında çağırışına ilk səs verən onun həmkəndliləri oldu. Belə ki, Kursk vilayətinin Xomutovsk rayonunun Kalinovka kəndinin sakinləri öz xüsusi təsərrüfatlarında olan mal-qaranı kolxoza satdılar.

Partiya və sovet orqanlarının təzyiqi ilə əhalinin əlində olan mal-qaranın dəyər-dəyməzinə kolxoz və sovxozlar tərəfindən satın alınması, əslində isə müsadirə edilməsi ölkə əhalisi arasında o qədər böyük narazılığa səbəb olmuşdu ki, Nikita Xruşşov 1959-cu ilin fevral ayında Ryazanda çıxış edərkən kolxozçuların təsərrüfatlarında olan mal-qaranın satın alınmasında məcburiyyətin yolverilməz olduğunu etiraf etməli oldu. Mal-qaranın dəyər-dəyməzinə ictimai təsərrüfatlar tərəfindən alınması və kütləvi şəkildə kəsilməsi şəxsi təsərrüfatlarda iribuynuzlu heyvanların 2 milyon baş azalmasına gətirib çıxarmışdı. Lakin 1959-cu ildə heyvanların kütləvi şəkildə kəsilməsi hesabına ət istehsalını 3 dəfə artırmağa nail olan “Ryazan eyforiyası” iflasa uğradı. 1960-cı ildə ət istehsalı ölkədə 200 min ton aşağı düşdü. Xruşşovun ət istehsalına görə 3–4 ilə ABŞ-a çatmaq və onu keçmək şüarı 60-cı illərin əvvəllərində vur-tut 3 faizlik artımla yekunlaşıb lətifəyə çevrildi.

Xruşşov Azərbaycan və Gürcüstanın şəxsi təsərrüfatlarında mal-qaranın çoxalmasına ciddi əyinti kimi baxırdı. 1960-cı ildə o, deyirdi ki, “şəxsi təsərrüfatlarda mal-qaranın sayı dəfələrlə sürətlə artır, nəinki kolxoz və sovxozlarda. Azərbaycanda şəxsi mülkiyyətçi öz mal-qarasının sayını 84 faiz artırıb, kolxoz və sovxozlarda bu artım 3 faiz olub. Gürcüstanda müvafiq olaraq bu artım 36 faiz və 13 faiz olub”.

İmam Mustafayevə münasibətdə Nikita Xruşşovu əsəbiləşdirən əsas məsələlərdən biri Azərbay-canda bu prosesin demək olar ki, getməməsi idi. 1954–1958-ci illərdə digər respublikalarla müqayisədə kolxoz-sovxozlarda deyil, məhz Azərbaycan əhalisinin şəxsi təsərrüfatlarında mal-qaranın sayının üç dəfə artmasını Xruşşov kommunizm quruculuğuna qarşı məqsədyönlü maneə kimi qiymətləndirirdi. Demək olar ki, ittifaq miqyasında xüsusi təsərrüfatlarda atların nəslinin kəsildiyi bir dövrdə Azərbaycan əhalisində 49 min atın qaldığı haqqında məlumat Xruşşovu sözün tam mənasında hövsələdən çıxarmışdı.

O, bunun səbəbini soruşduqda İmam Mustafayev cavab vermişdi ki, “Nikita Sergeyeviç, bizdə atları sevirlər, heyvandarlar at belində kolxoz mal-qarasını otarırlar. Bunun nəyi pisdir”. Nikita Xruşşov isə deyirdi ki, bu düzgün deyil, onlar məhz kolxoz atları ilə kolxoz mal-qarasını otarmalıdırlar. O, fikrini belə əsaslandırırdı ki, kəndli atdan gəlir götürdüyü üçün onu saxlayır, yemləmək üçün saxlamır. Xruşşov deyirdi: “Mən kəndlini tanıyıram. Mən özüm mehtər olmuşam. Yeniyetmə olanda mülkədarın atlarını otarmışam”.

Bütün ölkədən fərqli olaraq qarğıdalı əkin sahələrinin yetərincə genişləndirilməməsi, pambıq istehsalının 1954-cü illə müqayisədə 420 min tondan 270 min tona enməsi Nikita Xruşşovu bütövlükdə İmam Mustafayevdən narazı salmışdı. Sovet rəhbərliyinə daxil olan şəxslər tez-tez söz atırdılar ki, Azərbaycanda xüsusi təsərrüfatlarla bağlı yeridilən məhəlli siyasət kolxoz quruculuğu ilə yanaşı, kommunizm quruculuğunun da əsaslarını sarsıdır.

Əslində bütün bunlar bəhanə idi. Mərkəzin Azərbaycandan narazılığının kökündə Mirzə İbrahimovun simasında respublikada millətçiliyin baş qaldırması və İmam Mustafayevin nəinki bu prosesə yetərincə müqavimət göstərməməsi, hətta bir sıra hallarda özünün də bu prosesin iştirakçısına çevrilməsi dayanırdı. 1957-ci ilin mart ayında Sov.İKP MK aparatı işçilərinin iştirakı ilə keçirilən büro iclasında Mirzə İbrahimovun birmənalı mövqeyi, oktyabr ayında Nazim Hikmətlə ADU-da keçirilən görüşdə öz iradəsini sərt formada ortaya qoyması və dekabr ayında yaradıcı ziyalıların respublika müşavirəsində gurultulu çıxışı onunla bağlı hazırlanan siyasi qərarı sürətləndirdi.

Mirzə İbrahimovun simasında Azərbaycanda genişlənən millətçilik hərəkatının qarşısını almaq üçün ilk növbədə onu vəzifədən uzaqlaşdırmaq lazım idi. Bu məqsədlə mərkəzin tapşırığı ilə Azərbaycan KP MK Sov.İKP MK-ya müraciət etmişdi və Mərkəzi Komitənin partiya orqanları ilə iş şöbəsi müdirinin müavini İosif Şikin Mirzə İbrahimovun “öz ərizəsi ilə”, səhhətinə görə və həmçinin yaradıcılıq işləri ilə məşğul olmasını əsas gətirərək onun Ali Sovetin Rəyasət Heyətinin sədri vəzifəsindən azad olunması barədə 1958-ci ilin yanvar ayının 8-də Sov.İKP MK rəhbərliyinə təqdimat hazırlamışdı.

SSRİ rəhbərliyinin tövsiyəsi ilə Azərbaycan KP MK-nın bürosu elə həmin gün, 1958-ci il yanvar ayının 8-də səssiz-küysüz formada Mirzə İbrahimovu “səhhəti ilə bağlı” ərizəsini əsas götürərək onu Ali Sovetin Rəyasət Heyətinin sədri vəzifəsindən azad etdi. Sov.İKP MK-nın müttəfiq respublikalar üzrə partiya orqanları ilə iş şöbəsinin müdiri 1958-ci ilin yanvar ayının 13-də Mərkəzi Komitəyə təqdimat hazırladı kı, Azərbaycan SSR rəhbərliyində baş vermiş bu dəyişikliyi təsdiq etsin.

 

Cəmil Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Duqinə qarşı terror: partlayışda qızı həlak oldu – Video

redaktor

Tramp Zelenskiyə danışmağa İMKAN VERMƏDİ: “Sən çox danışdın” – VİDEO

redaktor

“Azərenerji”də yoxlamalar: Rzayevin “bazar”ı dağıdılır…

redaktor