Rəsmi rəqəmlərə əsasən Fransanın cənubunda gedən partizan hərəkatında min nəfərdən çox, Yuqoslaviyadakı partizanların zərbə briqadasında 600 nəfərdən çox azərbaycanlı vuruşub. Onlar Fransanın Rodez şəhərindəki əsir düşərgəsindən qaçıb meşəyə qaçıb fransız partizanlarına qoşulanlar idilər.
Fransadakı 1-ci Sovet Partizan Alayında əsasən Qafqazdan olanlar xidmət edirdi. İçlərində ermənilər, Azərbaycanlılar, gürcülər, özbək, rus və digər millətlər olub. Eyni zamanda gizli müqavimət qrupları da olub ki, onların içində Azərbaycandan olanlar aktiv fəaliyyət göstəriblər.
Onların içində Ağdamın Çəmənli( Gülablı) kəndində anadan olan Mirzəli Məmmədli, hərbi rütbəsi leytenant olan partizan da var ki, Fransa mediasında adı çəkilib.
Mirzəli Məmmədli müharibəyə qədər Ağdamda müəllimlik fəaliyyəti ilə məşğul olub. Müharibə başlayanda orduya çağırılıb, cəbhədə ağır döyüşlərdə iştirak edib. 1941–1942-ci illərin ağır döyüşlərində yaralanaraq huşsuz vəziyyətdə almanlara əsir düşür. Bir neçə keçid düşərgəsindən sonra o, Fransanın cənubundakı Rodez katorqa tipli hərbi əsir düşərgəsinə gətirilir.
Düşərgə daxilində yaradılan antifaşist komitəsinin əsas rəhbərlərindən biri məhz Mirzəli idi. O, əsirlər arasında anti-faşist təbliğatı aparır, insanları ruhdan düşməyə qoymurdu.
Onun barəsində olan məlumatlarda yazılır ki, qaldığı otağın divarına “Xarı bülbül” rəsmini çəkərək hər dəfə Qarabağa sağ qayıdacağını dostlarına deyirdi.
O, Rodez düşərgəsindəki azərbaycanlı əsirləri təşkilatlandıran, fransız partizanları ilə gizli məktublaşmaları və silah daşınmasını idarə edən şəxs olub
1944-cü il avqustunda almanların minlərlə əsir saxladığı həbs düşərgəsində üsyan qaldıraraü, alman keşikçilərini zərərsizləşdirmək, silah anbarlarını ələ keçirmək və şəhərdən kənarda gözləyən fransız partizanları ilə birləşərək Rodez şəhərini daxildən azad etmək üçün plana rəhbərlik edənlərdən biri də o olub.
Düşərgədə göstərdiyi igidlik o dövrdə Fransa mediasının diqqətindən kənar qalmayıb. “L’Humanité” qəzetinin 4 oktyabr 1944-cü il tarixli nömrəsində partizan dəstəsi barədə yazıda Mirzəli Məmmədli və digər Qafqazlı partizanlar barədə geniş yazıb verilib.
Qaçış planı icra edilməsinə sayılı vaxt qalan zaman içəridə olan sovet əsgərlərindən biri almanlara məlumat verir. Dərhal düşərgədə əməliyyat icra edilir və Mirzəli Məmmədli yoldaşları (Mirzəxan Məmmədov, Həsən Əliyev, Qurban Məmmədov, Paşa Cəfərxanlı və b.) ilə birlikdə ələ keçirilir.
Ağır işgəncələrdən sonra, avqustun 17-də düşərgə ərazisində hamısı güllələnir..
Fransa qanunvericiliyinə görə Müqavimət Hərəkatına düşərgələrdə gizli qruplar yaradıb onlara kəşfiyyat məlumatı ötürən, üsyan hazırlayan şəxslər də partizan hesab edilirdi və buna görə də onların hamısının Müqavimət Abidəsində adı var.
Mənbələr:
” Archives départementales de l’Aveyron – Série W”. Affaires militaires, Occupation, Épuration 1940–1945
“Morts pour la France. Fichier des fusillés de la Seconde Guerre mondiale. “Musée de la Résistance
“Dossiers administratifs des résistants.”Service historique de la Défense, Vincennes. GR 16 P.
Azərbaycan Respublikası Dövlət Arxivi. Fond 2743
