İyunun 14-də Ermənistanın Dilican şəhərində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş keçirilib.
AZƏRTAC-ın xəbərinə görə, görüş zamanı tərəflər Azərbaycan-Ermənistan sülh gündəliyi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər. Regionda davamlı sülhün və sabitliyin təşviqinə yönəlmiş səylər çərçivəsində ikitərəfli dialoqun davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Tərəflər, həmçinin iki ölkənin vətəndaş cəmiyyətləri arasında etimad quruculuğu tədbirləri barədə fikir mübadiləsi aparıblar.
Hikmət Hacıyev və Armen Qriqoryan işçi səviyyəsində təmasların davam etdirilməsi barədə qərar qəbul edib, növbəti görüşün Azərbaycanda keçiriləcəyini təsdiqləyiblər.
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf yeddi rayonu işğal edilmişdi. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.
Ötən il avqustun 8-də 30 ildən çox münaqişədə olmuş Azərbaycan və Ermənistanın rəsmiləri Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıblar. Paraflanan mətində tərəflər bir-birlərinin ərazi bütövlüyünü tanıyır, habelə qarşılıqlı iddiaların geri çəkiləcəyi vurğulanır.
Artıq iki ölkə arasında yükdaşımlar da bərpa edilib. (AzadlıqRadiosu)
