“Biz sadəcə mücərrəd dəyərlər ətrafında birləşən klub və ya komitə deyilik. Partiya hakimiyyət uğrunda mübarizə alətidir. Bu gün Rusiya müxalifətində açıq şəkildə fəaliyyət göstərə biləcək strukturlar yoxdur və biz bu boşluğu tutmaq niyyətindəyik.”
“Alman Dalğası” Radiosu yazır ki, bunu rusiyalı mühacir dissident İlya Yaşin Almaniyada yeni yaradılan Rusiyanın Sülhsevər Qüvvələri Partiyasını jurnalistlərə təqdim edərkən deyib.
İyunun 12-si və 13-də 150-dək qurultay nümayəndəsinin iştirakıyla Berlində Rusiyanın Sülhsevər Qüvvələri Partiyası təsis edilib. Qurultayda partiyanın manifesti və nizamnaməsi qəbul edilib, idarəetmə strukturu müəyyənləşdirilib. Müxalif siyasətçi olan İlya Yaşin partiyanın sədri seçilib.
Rusiyanın Sülhsevər Qüvvələri Partiyası Ukrayna müharibəsinin əleyhdarlarından, Putinin avtoritar idarəetmə sisteminə, korrupsiya və insan haqlarının kobud pozuntusuna etiraz edən şəxslərdən ibarətdir.
Əsas məqsədi xaricdəki Rusiya diasporunu təşkilatlandırmaq olan partiya Putin rejiminə alternativ demokratik qüvvə kimi təsis olunub.
İlya Yaşin siyasi məhbus olub. O, Moskvanın Krasnoselski rayonunun keçmiş bələdiyyə deputatı vəzifəsini daşıyıb.
Yaşin Rusiya ordusunun Ukraynanın Buça şəhərində dinc sakinləri kütləvi şəkildə qətlə yetirməsinə etiraz etdiyinə görə 2022-ci ildə 8,5 ilmüddətinə azadlıqdan məhrum edilib.
Yaşın Qərb dövlətləri və Putin arasında əldə edilən məhbus mübadiləsi razılığı əsasında 2024-cü il avqustun 1-də digər 16 siyasi məhbusla birlikdə Almaniyaya gətirilib.
Almaniyanın o zaman kansleri Olaf Scholz Yaşin də daxil olmaqla azadlığa buraxılan tənqidçiləri hava limanında qarşılamışdı. (Qəzetçi)
Tacxeber.com
Bizimlə əlaqə: [email protected]
