Məlumata görə Azərbaycanda ATU Tədris Cərrahiyə Klinikasının həkim-uroloqu Əmrah Əliyev və digər tibb əməkdaşları qanunsuz transplantasiya (orqan köçürmə) ittihamı ilə həbs olunublar. Ciddi məsələdir, belə hadisə.
Niyə? Qanunsuz, yəni qaydalara əməl etmədən bu əməliyyatın aparılması, həm donor (bədən üzvünü verən), həm resipient (üzv köçürülən) üçün həyati təhlükəli və həm də bu əməliyyatı təşkil və icra edənlərə cinayət məsuliyyətlidir.
Belə bir cinayət və bu işlərin arxasında duran beynəlxalq dəstə barədə 2010-cu ildə Bakı, Kiyev və Lvovda apardığım araşdrma təcrübəli kimi, bu məsələ barəsində bilgilərimi bölüşüm. Hansı ki, o hadisələrin mənbəyi İsraildə, təşkili Kiyevdə, icrası isə Bakıda, ABU rektoru Elşad Abdullayevin özəl klinikasında baş vermişdi.
Məsələnin tibbi qüsurlu tərəfi.
Tibbdə orqan transplantasiya xəstəlik, zədə və ya genetik səbəblərdən funksiyasını tamamilə itirmiş insan orqan və ya toxumaların (ürək, ya qaraciyər, böyrək, ağciyər, dəri, sümük və sair.) sağlam donordan xəstə resipiyentə köçürmək əməliyyatıdır. Bu proses tibbdə həyat bitən an ən son ümid, çıxış yolu tipli müalicə üsuludur.
Orqan köçürmə, ağır və çətin əməliyyatdır və bunu bacaran həkimlər çox azdır. Orqanı, yəni böyrəyi və s. donordan kəsib götürməyin özü də asan deyil, fəsadlar verə bilir orqanizmdəki kəskin fizioloji funksiya dəyişikliyi. Ancaq onu resipiyentə, yəni yeni orqanizmə köçürmək və uyğunlaşdırmaq isə daha çətin və məsuliyyətli əməliyyatdır. Görürsən, yeni orqanı yeni bədən qəbul etməkdən imtina edir, əks reaksiya verir, orqanizmin fərdi xüsusiyyətləri imkan vermir! Buna xüsusi mütəxəssislər, analizlər və şərait lazımdır, yaranan şokun və sair qarşısı alınsın. Əks halda, ölümcül ağırlaşma, ölüm baş verər.
Məsələnin hüquqi qüsurlu tərəfi.
Ümumiyyətlə, qanunsuz transplantasiya indi, dünyada “Qara Transplantasiya” adlanmaqla çox gəlirli və çox da zərərli sahə olmaqla, bu sahənin öz bölünmüş mafiya mərkəzləri var.
(təbii ki, fərdi təşkili, pozuntulu hallar da var).
Zərərli ona görə ki, köməksiz, imkansız, dara düşmüş insanların düşdüyü durumdan sui- istifadə etməklə daxili orqanlarını böyrək və sair, çox ucuz qiymətə alıb, şikəst edirlər. Və gəlirli ona görə ki, bu orqanlara ehtiyacı olan çox varlı şəxslərə, xeyli baha qiymətə satılır.
Yəni, bu əməliyyatların qanunsuz, nəzarət və tənzimsiz özbaşına təşkili, bir sıra işbazların mafioz qrupların sui-istifadəsinə yol aça bilir.
Dünyada bu məsələnin tənzimlənməsinin özü də problemlidir. Əksər ölkələrin indiki cinayət qanunlarında insan orqanları alveri əməli insan alveri kimi təsbit edilir. Ancaq, mənim öz şəxsi fikrimcə burada mahiyyətcə xeyli fərqlər vardır.
Nədir bu? İnsanlardan tutaq ki, məcburi əmək, cinsi istismar, yaxud köləlik məqsədi ilə alver edilməsi qanunla birmənalı qadağan edilə və qarşısı alına bilər. Çünki, bu istehlakçı bundan öz mənəvi, sosial ya maddi rifahı üçün istifadə edir və yəni bunsuz ötüşə, başqa yol tapa bilər.
Ancaq, insan orqanının istehlakçısı, məsələn, böyrəklərinin ikisini də itirmiş insan ölməmək üçün yeni böyrək əldə etməyə məhkumdur. O, bunu kefindən etmir, bunsuz ötüşə bilmir. Odur ki, qanun burada donora və resipient istehlakçı şəxsə birmənalı qadağa qoya bilmir. Bu halda məcburiyyət yaranır, transplantasiya həllində əlavə protokol qaydalarına riayət olunsun. Bu məqsədlə ki, bu məsələdə araya girən, insan taleyi üzərindən alverçilik edən, ticarət quran tərəflər müəyyən edilsin, məsuliyyətə alınsın.
Azərbaycandakı vəziyyət.
Ölkədə tibb müəssisələrinə, yaxud kənarında qanunsuz transplantasiya, orqan köçürülmə həyata keçirilməsinə cəzalar müəyyənləşib.
Qanunvericililə bu cür əməllərə görə CM-də maksimum 7 il həbs cəzası nəzərdə tutulur.
Hörmətli həkimlərimiz gərək diqqətli olub, bu cür, pasiyent həyatı üçün təhlükəli, həm özləri üçün də cinayət, həyatı, karyera, diplomu puç olma qayda pozuntulu əməllərə getməsinlər. Oyuncaq deyil bu, bunun orqanını ona köçürt.
