Bir vacib məsələyə toxunum, səmimi, xeyirxah niyyətlə. O məsələ ki, cəmiyyət-xalqla hökumət arası, dünyada, hər ölkədə norma olduğu kimi, Azərbaycanda da olan bəzi anlaşma gərginliyi üzırinə bəzi ictimai-siyasi şəxslərin öz bir sıra başdansovdu, qeyri-səmimi çıxışı, ya atmacalı davranışları ilə sanki, qızışdırıcı benzin səpirlər.
Söhbət ölkədə həlli ehtiyaclı qədər vacib olan problemlərdən biri, “Uşaq pulu” məsələsindən gedir. Bu məsələnin həllinin xüsusən, imkansız və aztəminatlı ailələr üçün maddi, həm mənəvi vacibliyi, həllin hökumət üçün də xeyli vəsaitə başa gəlmə ciddiliyi barədə, hələ 6 il əvvəldən bəri real əsaslı yazlarım olub. Və son yazımı da bu yaxında dərc etmişəm:https://www.facebook.com/share/p/18zJRx6iti/
Və bu illər ərzində ara-sıra, təxminən hər ildən bir cəmiyyətdə bu məsələ qalxır. Yazı, çıxışlar, ciddi müzakirələr gedir, bunlar da, çox yəqin ki, hökumətin diqqətinə çatır. Və hökumət, bu işi imkan həm şərait yaranan kimi həll edər deyə, hər dəfə məsələ cəmiyyətdə ümidlə səngiyir.
Ancaq, görünür ki, bu dəfə “Uşaq pulu” kəskin ehtiyaclı məsələsi gərginliyi səngimək bilmir. Hər 1-2 həftədən bir, sanki “vulkan püskürüşü” baş verir. Belə “püskürmənin” katalizatoru da, təəssüflər ki, əsas vəzifə-rolu cəmiyyət, xalqla hökumətin arası anlaşma yaratmaq olan, bəzi deputatlar olur. Elə bil növbədə dayanıblar, hər iki həftədən bir, bu ağrılı problem barədə elə bir, ara qatan çıxış edir, ifadə işlədirlər ki, “qiyamət qoparırlar” cəmiyyətin hisslərində oynamaqla.
Birisi çıxır KİV-də milyonlarla insan qarşısında deyir, uşaq pulu verilsə, valideynlər tənbəlləşər və işləməzlər. Düşünmür ki, uşaq pulu miqdarı nə qədər ola bilər ki, onunla həm uşaqlar, həm də üstəlik valideynlər xərcləyib, yaxşı kef eləyib işləməsin, yeyib-yatsınlar? Və ara qızışır, xalq, camaat hiddətlənir, stress və söz-söhbət, filan.
İki həftə keçməmiş, təzəcə ara sakitləşən kimi, daha bir deputat çıxıb rahat deyir ki, uşaq pulu verməyin mənası yoxdur, lap ayı 500 manat də versən, valideynlər deyəcək azdır, yenə ver. Gör bir, düşüncəyə bax, hansı bir ölkədə, hansı ailə uşaq pulununən verilməsini minnətdarlıq hissi ilə qarşılamaq əvəzində, daha da o hökumətin yaxasından yapışıb ki, vermisənsə, artıq da ver?
Və üstündən aradan iki həftə keçməmiş, yenə daha bir, deputat ortaya çıxır, KİV-də guya ağıllı, diplomatik mövqe ilə, rahat deyir ki, uşaq pulu verilməsinin ölkədəki iqtisadi inkişafa köməyi olmayacaq! Bu da qəribədir. Elə bil, uşaq pulu uşağın qarnı-yeməyi, əyin-başı kimi humanitar məqsədli yox, ölkə iqtisadiyyatına investisiya qoyuluşu, maddi qazanc üçün nəzərdə tutulur.
Ola bilsin, deyəcəklər sözlərimiz kontekstdən çıxarılıb, ancaq, kontekstinin özü, bu mənanı verir. Çox qəribədir ki, deməkdənsə: bəli, uşaq pulu verilməsi bir norma kimi lazımdır, ancaq bu məsələ deputat yox, hökumətin səlahiyyəti, qərarına bağlıdır və hökumət də, bu məsələni düşünürəm ki, imkan yaranan kimi həll edər…
Bunun əksinə, millət vəkilinə nə yaraşar, belə humanitar çaplı uşaq dəstəyinə qarşı radikal mühafizəkar mövqeni tutmaq? Heç, bu vəsaiti verəsi hökumətin nümayəndələri bu cür qaba və radikal ifadəli mövqeni tutmurlar. Nə olub?
Yaxşı olardı, bu cür başdansovdu və effektsiz, xalq üçün stress, hiddət, yəqin, hökumət üçün də lazımsızlıq yarada bilən və xalqa da dövlətə də elə öz mövqelərinə də xeyri olmayan hallara cənab və ya xanım deputatlar son versinlər. Bu məsələ yəqin ki, camaatla hökumətin arasında özlüyündə həllini tapar, zaman, imkan, şəraitlə.
