21 C
Bakı
04 İyun 2026 19:55
DünyaSiyasət

Məğlubiyyət yetim olur, qələbəyə isə şəriklər tez tapılır…

Beynəlxalq monitorinq institutları USQ-nin son iki ay ərzində işğal olunmuş ərazilərin azad etməsini müşahidə edir, loqistika müharibəsində Ukrayna üstünlük əldə edir, ABŞ Dövlət katibi Marko Rubio bu günə qədər Trampın bəyan etdiyi “ABŞ neytral tərəf olaraq vasitəçidir” prinsipinə tamamilə zidd olaraq “ABŞ müharibə tərəfidir və Ukraynanın yanındadır” deyir, son il yarım ərzində Ukraynaya 1 dollar belə ayırmayan ABŞ(oxu: Tramp administrasiyası) yenidən hərbi yardımları bərpa etməyə hazırlaşır?

Nə baş verir?

Rusiya-Ukrayna müharibəsində güc balansının dəyişməsi ABŞ(Respublikaçıların) siyasi elitasında ciddi silkələnməyə səbəb oldu. Trampın prezidentliyinin ilk aylarında Rusiya-Ukrayna müharibəsində rəsmi Vaşinqtonun biabırçı mövqeyini hər birimiz xatırlayırıq: Ağ Evdə Vensin Trampla birlikdə Zelenskiyə hücumu, “kartlarınız yoxdur”, Putinin nümayişkəranə Ankoricdə qarşılanması, qarşısında qırmızı xalçanın sərilməsi, “Ankoric əhval-ruhiyyəsi”, açıq ruspərəstlərə ən yüksək vəzifələrin verilməsi, Kursk vilayətində yerləşən USQ qüvvələri üçün ABŞ kəşfiyyat məlumatları mübadiləsinin dayandırılması və s. Bütün bu addımlar respublikaçı elitasının ya səsli, ya da səssiz razılığı ilə baş tuturdu. Ən əsas məsələ isə odur ki, ABŞ büdcəsindən Ukraynaya hərbi yardım tamamilə dayandırıldı. Müqayisə üçün Bayden administrasiyası və Konqres(117-118 çağırış) Ukraynaya təxmini 70 milyard dollar dəyərində 74 ədəd hərbi yardım paketi, ümumi olaraq isə 190 milyard dollara yaxın maddi vəsait ayırıb. Tramp administrasiyası isə 0 dollar.

Sonra

Son aylar ərzində nələr baş verdi?

– Putinin “yaz hücumu” tamamilə iflasa uğradı. O istəyirdi ki, yay başlamamış Kramatorsk və Slavyanskı işğal etsin. Alınmadı;

– Rusiya SQ-nin irəliləməsi bu günə qədər son dərəcədə ləng idi, indi isə bu irəliləmə ümumiyyətlə mövcud deyil;

– Loqistika müharibəsində USQ üstünlük əldə edərək yeni trend yaradıb. Rusiya SQ-nin əsas təchizat marşrutu Rostovdan Mariupola qədərdir, sonra isə texnika ya Krıma M-14 avtomaqistralla, ya da Donetsk istiqamətinə H-20 şossesilə gedir. Hal-hazırda USQ həm M-14 avtomaqistalı, həm H-20 şossesini atəş nəzarətinə götürərək RSQ-nin loqistikasını külə döndərir, məhz külə döndərir və ruslar cəbhə xəttində son dərəcədə ciddi problemlərlə üzləşməyə başlayırlar.

– USQ-nin Rusiya ərazisində yerləşən kritik infrastruktur obyektlərinə zərbələri sistemləşdi, kütləviləşdi və gücləndi.

Təbii ki, dünya bunu görür, müharibədə yeni hərbi tendensiyalar, yeni hərbi trendlər, siyasi səhnəyə təsirini göstərir, o cümlədən də ABŞ siyasi səhnəsinə.

Dünən, il yarım qabaq heç yuxularda belə siyasi baxımından mümkün olmayan hadisə baş verdi. Nə kimi?

Tramp hakimiyyətə gələndən sonra ABŞ Nümayəndələr Palatasına “Ukraynaya dəstək aktı”(Lindsi Qrem və Riçard Blumentalın qanun layihəsilə səhv salmayın, o başqadır. Qrem və Blumentalı qanun layihəsi Senatdadır, bizim qeyd etdiyimiz akt isə N/P-də) adlı qanun layihəsi daxil edilib. Bu qanun layihəsi Ukraynaya 8 milyard dollar dəyərində hərbi yardımı və Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutur.

N/P-nin spikeri Mayk Conson prinsipial olaraq “Ukraynaya dəstək Aktı”nı səsverməyə çıxarmırdı, nə az, nə çox 1 il yarım müddətində. Və bu məntiqli idi, sənin prezidentin və vitse-prezidentin Ukrayna prezidentinə Oval Ofisdəbu boyda hörmətsizlik edirlərsə, hərbi cinayətkar Putinin qarşısında Ankoricdə qırmızı xalça sərirsə, sən N/P spikeri olaraq belə qanunu səsverməyə çıxara bilmərsən, çıxarmaq istəsən isə, bu siyasi intihar olar.

Ən maraqlısı isə indi başlayır. Demokratlar “discharge petition” proseduru işə saldılar, bu prosedur N/P-də spikerin razılığı olmadan istənilən qanun layihəsini səsverməyə çıxarmağa imkan verir, şərt isə odur ki, petisiyaya 218(435-dən) konqresmen imza atmalıdır.

Bunu da qeyd edək ki, ABŞ siyasətində “discharge petition” prosedurun uğurla nəticələnməsi hakim partiyaya və şəxsən N/P spikerinə tərs sillə sayılır. Dünən “Ukraynaya dəstək Aktı” qanun layihəsinin hazırlıq səsverməsi keçirildi və 218(211 demokrat+6 resp+1 müstəqil) konqresmen səs verdi, bu gün yekun səsvermədir.

Sonra sənəd yollanacaq Senata.

Vaşinqtonda açıq-aşkar əhval-ruhiyyə dəyişir, bu gün isə ABŞ Dövlət katibi Marko Rubio bu günə qədər Trampın bəyan etdiyi “ABŞ neytral tərəf olaraq vasitəçidir” prinsipinə tamilə zidd olaraq “ABŞ müharibə tərəfidir və Ukraynanın yanındadır” deyib və təbii ki, bu sıradan bir bəyanat deyil.

Məğlubiyyət yetim olur, qələbəyə isə şəriklər tez tapılır…

 

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyədə növbədənkənar prezident seçkisi?

admin

Ermənistan qarşısında seçim dilemması

redaktor

İrandan Azərbaycana qarşı həyasız iddia

redaktor