Müharibə İranın beynəlxalq statusunu yüksəltdi. Hörmüz boğazına nəzarəti əldə etməklə İran iqtisadiyyatının sürətli inkişafı üçün də imkan qazanır. ABŞ-ın regionda zəifləməsi Şimal-Cənub ticarət dəhlizinin fəaliyyətinin intensivləşməsinə səbəb olacaq – bu da Rusiya-İran-Çin aylansını həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən gücləndirəcək. Bu alyansa azı iqtisadi cəhətdən Pakistan, Hindistan və sair ölkələr də qoşulacaq.
Regionun bəzi ölkələri İranın güclənməsini (və ya güclənmə perspektivini) özü üçün potensial təhdid hesab edəcək. Belə ölkələrin siyahısında, məncə, 1-ci sırada Bəhreyn olacaq.
Əmir sülaləsi sünni məzhəbindən olan Bəhreynin vətəndaşlarının 60%-ə yaxını şiədir. Ərazisi əsrlərlə İran dövlətinin tərkibində olub, 1871-ci ildə onu Britaniya işğal edib və o vaxtdan birbaşa, sonra da dolayı yolla Britaniya nəzarətində qalıb. Əvvəllər Bəhreynin “müstəqilliyinin” təminatçısı Britaniya donanması idisə, sonradan onu ABŞ HDQ-nin 5-ci donanması əvəz etdi. Müharibənin ilk günlərindən İran bu donanmanın obyektlərinə dron və raketlərlə ağır zərbələr endirib. O vaxtdan ABŞ gəmiləri Bəhreyndəki bazasına yaxınlaşa bilmirlər. İran 5-ci donanmanın Bəhreyndəki bazasının bərpa edilməsinə imkan verməyəcək. Deməli böyük neft ehtiyatlarına malik 1,3 milyon əhalisi olan cırtdan Bəhreyn “arxasız” qalır. Əmir ailəsinin indiyədək İrana qarşı tutduğu mövqeni də nəzərə alsaq, onların İranı təhdid hesab etməsi təbiidir.
Çox uzatmamaq üçün digər Körfəz ölkələr haqqında yazmaq istəmirəm – bu maraqlı mövzunun müzakirəsini sonraya saxlayıram…
Aydındır ki, Körfəz ölkələri İrana qarşı güc axtaracaqlar. Rusiyanın və İranın təklif etdiyi Körfəz ölkələrinin qarşılıqlı təhlükəsizlik sisteminin tezliklə qurulacağına inanmıram. Ən tez qurula bilən hərbi alyanslar olacaq. Bunların cücərtiləri artıq var:
BƏƏ – İsrail – ABŞ. Perspektivini görmürəm.
Pakistan – S.Ərəbistanı – Türkiyə (sünni NATO-su). Bu alyansa, böyük ehtimalla, Bəhreyn, Küveyt və Misir də qoşulacaq.
Türkiyə – Suriya – Qətər. Bu alyansa Aİ də meyllidir.
İran – şiə İraqı – cənubi Livan – Yəmən. Alyans de-fakto mövcuddur. Oman da ona qoşula bilər.
Bu alyansların qurulması və ya qurulmaması uğrunda nələr baş verəcək – ayrı söhbətin mövzusudur.
Qarşıda gözlənilən 2 “oyun” haqqında da qısa proqnoz verim:
1. Körfəz ərəblərinin sərvətləri var, lakin onların təhlükəsizliyini təmin edəcək hərbi gücləri yoxdur. Bundan sonra şeyxlərə təhlükəsizlik təminatını “satmaq” uğrunda əsl “yarış” başlayacaq. Fikrimcə “tenderdə” Pakistan, Türkiyə, İsrail və İran iştirak edəcək. Bu bazara Çinin girəcəyinə inanmıram. Rusiyanın resursları isə Ukraynada bağlanıb, o sərbəst resurslarını Afrikaya göndərməyi daha perspektivli hesab edir.
2. Körfəz ölkələri öz ixrac-idxal əməliyyatları üçün Hörmüz boğazına alternativ yollar axtaracaqlar. Ərəb, Qırmızı və Aralıq dənizlərinə neft, qaz, məhsul kəmərləri çəkmək istəyəcəklər. Bir çox ölkələr kəmərin məhz onların ərazisindən keçməsini istəyəcək. Bunların arasında Türkiyə, Suriya və İsrail var. Aralıq dənizinə (Avropaya) ən qısa yol kəmərin Suriyaya çəkilməsidir. Türkiyə öz ərazisindən çəkilməsinə nail ola bilməsə (Suriya bunda maraqlı deyil), Suriyanın ərazisindən çəkilməsinə etiraz etməz. Bu halda onun təhlükəsizliyinə Türkiyə təminat verməlidir. İsrail isə kəmərin öz ərazisindən çəkilməsini istəyir. Deməli, o Suriyaya qarşı aqressiyasını artıracaq – ya hava hücumları ilə, ya da İŞİD-in terrorları ilə. Bu isə İsraillə Türkiynin hərbi qarşıdurma ehtimalını artıracaq. Qırmızı dənizə çəkilən kəmər üçün isə husilər Bab əl-Məndabda problem yarad bilərlər…
Yeni ticarət yollarının nələrə səbəb olduğu haqda 2 qısa məlumat sizin üçün maraqlı olar:
Körfəzdən Avropaya qaz kəməri layihəsi: https://www.facebook.com/asif.shafaggatov.3/posts/3954001068249308
3B dəmir yolu layihəsi: https://www.facebook.com/asif.shafaggatov.3/posts/4047106428938771
Bunlar ABŞ çətiri götürüləndən sonra Yaxın Şərqdə gözlənilən problemlərin bir hissəsidir.
Yavaş-yavaş onlar hamısı həllini tapacaq. Lakin bu zaman bəzi ərəb dövlətləri yox ola, başqaları tərəfindən “udula” və ya parçalana bilərlər. Onsuz da onların çoxu müstəmləkəçilər arasında pay bölgüsü kimi yaradılmışdı.
