Dünən hörmətli Eldar Əzizov deyib ki, son 20 ildə Bakıya 180 mlrd. manat investisiya yatırılıb.
Bundan öncə 2023-cü ilin oktyabrında hörmətli Mikayıl Cabbarov da elan etmişdi ki, son 20 ildə regionlara 104 mlrd. manat investisiya qoyulub.
Hər iki məmur son 20 ili deyib, Eldar müəllim 2006-cı ildən, Mikayıl müəllim isə 2003-dən bəri yatırılan vəsaitdən danışıb, yəni, bu müddətin bir hissəsində dollar manat qarşısında 0,79 qəpik olduğu dövr olub – bunu nəzərə alsaq, dollar ifadəsində son 20-22 ildə Bakı və regionlara, hardasa, 310-320 mlrd. dollar vəsait xərclənib.
Əla, çox yaxşı, biz də istəyirik ki, ölkəmizdə yatırımlar artsın, amma, hökumətə illərdir anlatmaq olmur ki, istənilən investisiyanın, yatırımın effektivlik indikatorları da olmalıdır.
Məsələn, deyirlər ki, regionlara son 2003-2023-cü illər ərzində 104 mlrd. manat (hardasa 110-115 mlrd. dollar) vəsait yatırılıb – çox gözəl, yaxşı, həmin 20 ildə regionların Azərbaycanda büdcənin formalaşmasında payı faiz nisbətində nə qədər artıb, ümumiyyətlə, artıbmı? Yaxşı, bəs ölkənin ÜDM-nin formalaşmasında payı necə artıb-artıbmı?! Bu qədər yatırım olub, bəs niyə regionlardan Bakıya köç dayanmayıb, hətta artıb?!
Gələk sevə-sevə tikdikləri gözəl Bakımıza – Eldar müəllim deyir ki, şəhərə 2006-2026-cı illərdə 180 mlrd. manat (hardasa, 200-210 mlrd. dollar) vəsait xərclənib, əladu ki, bəs niyə şəhər hər dəfə yağış suyuna təslim olur, nədən nəqliyyat problemi həllini tapmayıb, nə səbəbə hələ də 400 min “qanunsuz” ev var?! Hansı məntiqlə Bakı şəhərinin mərkəzi hissəsi ilə, mərkəzdən cəmi 5-10-15 km aralı yaşayış məkanları arasında bu qədər fantastik fərq var?!
Dəyərli, hörmətli hökumət üzvləri, dünyanın hər yerində, dövlət işində, özəl sektorda – fərqi yoxdur, yatırımla bağlı ən vacib yanaşma onun effektivliyinin ölçülməsi indikatorlarıdır. Yatırımin ölçü indikatoru məmurların villaları, obyektləri, biznesi ola bilməz – hə, bu da göstəricidir, amma, iqtisadi deyil də, hüquq-mühafizə orqanları üçün göstərici ola bilər…
