Avropa Komissiyası mayın 5-də Ermənistana viza rejiminin liberallaşdırılması üzrə Fəaliyyət Planının icrası ilə bağlı ilk hesabatı təqdim edib. Sənəddə Ermənistan hakimiyyətinin Avropa İttifaqı ilə vizasız rejimə keçid üçün zəruri islahatları həyata keçirməkdə siyasi iradə nümayiş etdirdiyi vurğulanır.
Ermənistan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Aİ ilə viza liberallaşdırılması üzrə dialoq 2024-cü ilin sentyabrında başlanıb, Fəaliyyət Planı isə Ermənistana 2025-ci ilin noyabrında təqdim olunub. Plan iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulan 74 göstəricini əhatə edir. Bunlara qanunvericilik və siyasi bazanın yaradılması, eləcə də həmin qaydaların praktik tətbiqi daxildir.
İlk hesabatda Ermənistanın sənəd təhlükəsizliyi, sərhəd idarəçiliyi, miqrasiya və sığınacaq, ictimai təhlükəsizlik və əsas hüquqlar sahəsində əldə etdiyi irəliləyiş qiymətləndirilib.
Sənəddə qeyd olunur ki, Fəaliyyət Planının qəbulundan qısa müddət keçməsinə baxmayaraq, Ermənistan hökuməti artıq bir sıra mühüm qanunvericilik və siyasi dəyişikliklərə başlayıb və bu addımlar Aİ tərəfindən müsbət qiymətləndirilib.
Hesabatda bildirilir ki, Ermənistan 2025-ci ilin iyulunda əhalinin dövlət reyestri haqqında yeni qanun qəbul edib. Bu qanun vahid və təhlükəsiz elektron əhali reyestrinin yaradılmasına imkan verəcək. Bundan əlavə, biometrik identifikasiya sisteminin modernləşdirilməsi üçün dövlət-özəl tərəfdaşlığı sazişi imzalanıb. Yeni pasport və şəxsiyyət vəsiqələrinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının standartlarına uyğun hazırlanacağı qeyd olunur.
Sərhəd idarəçiliyi və miqrasiya sahəsində Ermənistanın 2026–2029-cu illəri əhatə edən inteqrə olunmuş sərhəd idarəçiliyi strategiyası hazırladığı bildirilir. 2026-cı ilin yanvarından vətəndaşlıqla bağlı elektron idarəetmə sisteminin istifadəyə verildiyi, xarici vətəndaşlar üçün iş və yaşayış icazələrinin rəqəmsallaşdırılması istiqamətində işlərin davam etdiyi vurğulanır.
İctimai təhlükəsizlik sahəsində hesabat Ermənistanın 2018-ci ildən etibarən korrupsiyaya qarşı hüquqi və institusional sistemi beynəlxalq standartlara uyğunlaşdırdığını qeyd edir. Ölkənin 2026–2033-cü illəri əhatə edən cinayətkarlığın qarşısının alınması strategiyasını qəbul etdiyi də bildirilir.
Hesabatda Daxili İşlər Nazirliyi yanında yaradılmış Cinayət Statistikası və Araşdırmalar Mərkəzindən də bəhs olunur. Mərkəzin cinayət meyllərini təhlil edəcəyi, risk zonalarını müəyyənləşdirəcəyi və profilaktik tədbirlərlə bağlı tövsiyələr hazırlayacağı qeyd edilir.
Avropa Komissiyası insan alverinə qarşı yeni fəaliyyət planının hazırlanmasını və fərdi məlumatların qorunması üzrə müstəqil qurumun yaradılmasını da müsbət qiymətləndirib.
Əsas hüquqlar sahəsində isə Ermənistanın ayrı-seçkiliyin qarşısının alınması və onunla mübarizə haqqında yeni qanun layihəsi hazırladığı bildirilir. Bundan başqa, 2025-ci ildə uşaqların hüquqları ilə bağlı yeni qanunvericilik qəbul olunub.
Komissiya ümumi dinamikanı müsbət qiymətləndirsə də, vurğulayıb ki, irəliləyiş yalnız qəbul olunan qanunların və siyasətlərin effektiv icrası əsasında qiymətləndiriləcək.
Hesabatda Ermənistan və Aİ arasında əlaqələrin dərinləşdiyi də qeyd olunur. Belə ki, Ermənistan vətəndaşlarına verilən Şengen vizalarının sayı 2019-cu ildəki 51 mindən 2024-cü ildə 86 min 300-ə yüksəlib. Çoxgirişli vizaların payı 43,5 faizə çatıb, vizadan imtina hallarında isə azalma müşahidə olunub.
Avropa Komissiyası bildirib ki, Ermənistan bütün göstəriciləri tam yerinə yetirənədək viza liberallaşdırılması üzrə dialoq davam edəcək. Aİ ekspertlərinin iştirakı ilə yeni qiymətləndirmə missiyalarının Ermənistana səfəri planlaşdırılır. Avropa İttifaqının Ermənistanda islahatlara texniki və maliyyə dəstəyi göstərməyə davam edəcəyi vurğulanıb. (AbzasMedia)
