Şənbə yazısı: Yaxşı ki, insan əbədi deyil.
Uşaqlıqda düşünürdüm ki, ölümsüz həyat daha gözəl olardı. Amma sonra ABŞ-nın Əhali Araşdırmaları Bürosunun bir elmi araşdırmasını oxudum. Orada qeyd edilirdi ki, insanın yaranmasından bu günə qədər Yer üzündə təxminən 117 milyard insan doğulub. Deməli, əgər insan əbədi olsaydı, bu gün planetdə yaşayan insanların sayı 8 milyard deyil, təxminən 117 milyard olardı.
Bu isə indiki dünya əhalisindən təxminən 14 dəfə çox deməkdir.
Bir anlıq təsəvvür edin.
Nə şəhərlər yetərdi, nə su, nə qida, nə enerji, nə də nəfəs aldığımız boşluq. İnsanlar bir birini ovlayıb, insan ətilə qidalanardı
Odur ki, həyatın bu qədər qiymətli olmasının səbəbi də, onun sonlu olmasıdır.
Deməli, ölüm həm də həyatın, təbiətin və cəmiyyətin balansını qoruyan görünməz qanunlardan biridir.
İqtisadi, sosial və resurs tərəfini bir kənara qoysaq belə, məsələnin bir də mənəvi tərəfi var. Əgər insan ölümsüz olsaydı, bəzilərinin güc, nifrət, intiqam və tamah üçün bir-birinə və cəmiyyətə qarşı edə biləcəyi dəhşətləri düşünmək belə insanı qorxudur.
…nə yaxşı ki, əbədi deyilik.
