GündəmQalmaqalSağlamlıqŞikayət

Azərbaycanda kimyaterapiya vasitələri Cəmil Əliyevin inhisarındadır

Bu gün Milli Onkologiya Mərkəzində baş verən hadisə təkcə həkim-pasient münasibətləri müstəvisində deyil, ümumiyyətlə bütövlükdə cəmiyyət üçün təhlükəli presedent yaradır. Çünki bunun həm fərd, həm də dövlət səviyyəsində dərinə gedən səbəbləri var.

Birincidən başlasaq, öncə bizim insanlarda aqressiyanın aşırı dərəcədə olmasını qeyd etməliyik. Aqressiya da öz növbəsində sosial-iqtisadi çətinliklərdən, məişət səviyyəsində problemlərdən, dövlət-vətəndaş münasibətlərində olan deformasiyalardan və digər səbəblərdən qaynaqlanır.

Milli Onkologiya Mərkəzində xərçəng xəstəsi bir qohumumla bağlı cəmi bir dəfə – 2018-ci ildə olmuşam. Etiraf edim ki, oranın neqativ aurası qarşısında xərçəngə qarşı ən müasir müalicə metodu belə acizdir. Soyğunçuluq, insana aşağılayıcı münasibət də öz yerində. Amma müraciət edən hər kəs bu reallığı qəbul etməyə məhkumdur.

Bunun da öz növbəsində iki səbəbi var: müalicə olunacağına ümid və kimdənsə kiməsə şikayət etməyin mənasız olduğunu qəbul etmək. Xüsusilə də həmin mərkəzin rəhbərinin İlham Əliyevin dayısı Cəmil Əliyev olduğunu biləndə gileylənməyin belə müsbət perspektivlər vəd etmədiyini hər kəs yaxşı anlayır.

Digər tərəfdən dövlət sayı sürətlə artmaqda olan onkoloji xəstələrin müalicəsi üçün xüsusi proqram qəbul etməlidir və həmin müalicə pulsuz olmalıdır. Dəqiqləşdirmək üçün əlavə edim: pulsuz və rüşvətsiz, həm də belə xəstələrin müalicəsi üçün lisenziyası olan müxtəlif xəstəxanalarda.

Azərbaycanda isə ölkəyə kimyaterapiya vasitələrinin idxalı Cəmil Əliyevin inhisarındadır. Bu da bir yana, onun gətirdiyi preparatların mütləq əksəriyyəti artıq illərdir dünyada istifadə olunmayan dərman vasitələridir. Amma… İlham Əliyevin dayısı Cəmil Əliyevə kimsə nəsə deyə bilər?!

Nəticədə, öncə haqsızlığa, yoxsulluğa, xəstəliyə, ədalətsizliyə dözməyib, intihar edənlər vardı. Özü də çoxlu sayda. Indi isə belə görünür ki, etiraz daha aqressiv faza və formaya keçir. Bu da o deməkdir ki, özünü karlığa və korluğa, milləti isə aciz yerinə qoyanlar qulaqlarını və gözlərini açıb yaxşı-yaxşı düşünməlidir.

 

Ərəstun Oruclu

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

İskəndərun limanında zəlzələdən sonra yanğın başlayıb

redaktor

“Qadın həkim də hər kişi xəstəsi ilə siğə etməlidir?..” Din

admin

“Məni ələ verməyin, tutulsam…” – Qənirə Ataşovadan daha bir qalmaqal

redaktor