İspaniya, sonra Britaniya, daha sonra ABŞ dünyada ən güclü hərbi donanmaya sahib olmaları sayəsində supergüc olmuşdular. İndi elə dövr başlayıb ki, ən böyük hərbi donanma da supergüc olmağa təminat vermir. Sahildə yerləşdirilmiş gəmi əleyhinə raketlər, PUA-lar və pilotsuz qayıqlar gəmilər üçün ən təhlükəli silahlara çevriliblər. Gəmi sahildən yüz km-lərlə uzaqda dayanmağa məcburdursa, dənizdən effektiv hərbi əməliyyat aparmaq mümkün olmur, milyardlarla dollar qiyməti olan gəmilər 30-100 min dollarlıq pilotsuz aparatların asan hədəfinə çevrilirlər.
2022-ci ilin aprelində Ukrayna Rusiyanın “Moskva” flaqman raket kreyserini 2 gəmi əleyhinə raketlə batırandan, digər gəmilərə pilotsuz kamikadze qayıqlarla hücum edəndən sonra Rusiya Qara dəniz donanmasını Ukrayna sahillərindən təhlükəsiz məsafəyə çəkməyə məcbur oldu və anladı ki, Odessaya dənizdən hücum etmək ağılsızlıqdır. Buna görə də o vaxtdan hərbi əməliyyatlar yalnız qurudan aparılır.
Əslində, ABŞ bu hadisədən dərs götürməli idi. Lakin ABŞ-ın təkəbbürü buna imkan vermirdi. O indiyədək inana bilmir ki, “dənizlər hökmdarı” titulu artıq ləğv edilib. Çünki bunu dərk etmək dünya hegemonluğu illüziyasından əl çəkmək, yalnız Şimali Amerika materikinə qapanmaq deməkdir.
ABŞ XX əsr təsəvvürləri ilə İranla müharibəyə başladı. İran onları batıra bilərdi, bunun üçün onun kifayət qədər imkanı var. Lakin o bunu etmədi*, sadəcə, gəmilərə zərər vurmaqla ABŞ-a müvafiq mesaj göndərdi. ABŞ mesajı başa düşdü, anladı ki, II dünya müharibəsindən sonra ilk dəfə dünya ABŞ hərbi gəmilərinin batırılmasını canlı efirdə izləyə bilər və gəmilərini İran sahillərlindən 1000 km (gəmi əleyhinə raketlərin çata bilməyəcəyi məsafə) uzaqlaşdırdı. Bununla da dənizdən hücum əməliyyatının effektivliyi kəskin aşağı düşdü, xərcləri isə artdı.
Lakin müasir silahları olan rəqiblə gəminin hətta sahildən 1000 km aralıda olması da onun partladılmayacağına təminat vermir. Gəmi kosmik peyklə izlənə, koordinatları müəyyən oluna və idarə olunan hipersəs raketlə hətta 10 min km-dən də vurula bilər. Bunları nəzərə alan hərbi ekspert Duqlas MakQreqor deyir ki, ABŞ artıq Avropanın təhlükəsizliyinə təminat verə bilməz. ABŞ-ın Avropaya dəstəyi Atlantik okeanı vasitəsilə mümkündür. Müasir zamanda Rusiya heç okeana gəmi göndərmədən hipersəs raketlərlə ABŞ-dan Avropaya gələn gəmiləri məhv edə bilər. Belə olan halda ABŞ yüz minlərlə hərbçini, zəruri texnika və sursatı Avropaya necə çatdıra bilər? Avropa ya özü özünü qorumağı öyrənməli, ya da Rusiya ilə qarşılıqlı təhlükəsizlik razılaşmasına getməlidir.
Beləliklə, 5-10 ilə dünya hegemonluğu anlayışı ləğv olunacaq. Heç Çin də buna iddia edə bilməyəcək. Hegemonluq ən çoxu meterik sərhədləri ilə məhdudlaşacaq. Boğazlara nəzarət materikdaxili güc mərkəzləri arasında konsensus əsasında müəyyən olunacaq.
*Niyə İran ABŞ gəmilərini batırmır? Öz ehtimalımı yazıram.
İran ABŞ daxilindəki siyasi vəziyyəti yaxşı izləyir. Görür ki, demokratlarla Tramp arasında ciddi bir uçurum var. İran hədəflərini çox ehtiyatla seçir – zərurətdən artıq ABŞ-a ziyan vurmur. Çünki o elə etmək istəyir ki, demokratlar bunu ABŞ-ın yox, Trampın məğlubiyyəti kimi təqdim edə bilsinlər. Yəni bir növ onları özünün “gizli” müttəfiqinə çevirir. Əbəs yerə deyil ki, İran demokratların təbliğat maşını olan CNN kanalının İrandan canlı reportajlar aparmasına icazə verib. İran ümid edir ki, bu taktika nəticəsində demokratlar Konqresdə müharibənin müddətinin uzadılması əleyhinə olacaqlar.
İran ABŞ-ın aviadaşıyıcısını və ya esmineslərindən birini batırarsa, bu artıq ABŞ-ın alçaldılması olacaq və bundan sonra demokratlar da respublikaçılarla birlikdə İrana qarşı müharibənin uzadılmasını dəstəkləyəcək və qisas almaq istəyəcəklər. Əlbəttə, bu o demək deyil, müharibə uzanarsa, ABŞ İranı məğlub edə biləcək. Sadəcə, bu halda İran daha çox dağıntılara məruz qalacaq və itkilər verəcək – İran isə Pirr qələbəsi istəmir.
