Dünən bir dostum çox dəhşətli bir faktı açıqladı. Açığı, inanmaq istəmirdim. Çox qorxulu və tükürpədici olaylardan bəhs edirdi. Onun sözlərinə görə, bərbərdə saçını düzəltdirəndə ora iki bədheybət, nursuz simaları olan qadınlar yaxınlaşıb və pişik axtardıqlarını deyib.
Dostum deyir ki, bərbər qadınları oradan qovub. Məlum olub ki, bu qadınlar cadugərlərdir. Pişiyi öldürüb qanları ilə min “hoqqa” çıxarırlar. Sizin də qarşınıza belə pişik axtaranlar çıxsa, dərhal polisə şikayət edin. Mən niyə bu məsələni səhifəmdən paylaşıram, qoy onu da deyim. 10 gün bundan qabaq Azərbaycanın tanınmış həkimlərindən biri ilə (onların böyük klinikaları da var) dostum vasitəsilə tanış oldum. Söhbət əsnasında bildirdi ki, Rusiyada, Türkiyədə və digər böyük ölkələrdə olduğu kimi ölkəmizdə də ailə şəbəkəsindən ibarət dərin fırıldaqçılıq, dələduzluq sistemi işə düşüb. Həmin sistemə görə, evin qadınları və ya onlara tabe olan zənən xeylaqları cadugərlərin köməkliyi ilə varlı-hallı, elit ailələrini dağıdır, pullu kişiləri ələ keçirir, onlarla nikah bağlayandan sonra əmlaklarına sahib olur.
Doğrudur, deyəcəksiniz ki, qanunlar belə getdi, vəkillik institutu-zad… Hamısı boş-boş söhbətlərdir. Həmsöhbətimin oğlunun gözəl ailəsi var idi. Dələduz, şəbəkənin bir üzvü olan qadın onu elə bir tələyə salıb ki, 700 bal toplamış, gözəl əxlaqa sahib həyat yoldaşını, eləcə də iki övladını atıb və bu qadına “uyub”. Xahiş edirəm, heç kimi qınamayın. Burada oğlanın ünvanına kəskin ifadələr işlətmək mənasızdır. Qazanda nə qaynayır, onu heç kim bilə bilməz. Bu məsələ sizə adi məişət problemi kimi gəlməsin. 10 gündür apardığım araşdırma nəticəsində məlum olub ki, həkimin oğlunun ailəsini dağıdan qadın elə bir sistem qurub ki, fələk gəlsə, baş aça bilməz. Oğlanın ailəsi bir yana, ata-anası və digər yaxın qohum-əqrəbası bu işdə lap aciz qalıb. Ana mənimlə söhbətində deyir ki, oğlumu tanıya bilmirəm. Ümumiyyətlə, mənə elə gəlir ki, doğduğum oğul mənə çox yaddır. Sanki heç onun ailəsi və gözəl balaları yoxmuş. Onu necə sxemə salıblarsa, o “tordan” qurtula bilmir. Qadının mənə elə şəkillərini göstərdilər ki, dəhşətə gəldim. Allah adamı belə fəlakətlərdən qorusun! Doğrusu, valideynlərinə çox yazığım gəldi. Əldə etdiyim son məlumata görə, bu şəbəkə barədə ayrı-ayrı qurumlara məlumatlar verilsə də, ilk baxışdan məişət məsələsinə oxşadığı üçün şikayətlərə biganə yanaşılıb. Hə, yeri gəlmişkən, qarşı tərəf də bunlardan şikayətlər edir: Seçim azadlığı, sevgi, tale – qismət-zad. Amma xarici ölkələrdə belə hallar televiziya ekranlarına çıxır, ailələrin əmlaklarına sahib çıxmaq üçün işlənib həyata keçirilmiş incə planlar gec-tez ifşa edilir. Allah bu ailəyə də kömək olsun.
Dostlar, həkim bu barədə danışdıqca mən də sizin kimi hekayəni daha çox qorxu, şayiə və emosional təsir üzərində qurulmuş hesab edirdim. Amma mənə təqdim edilən sənəd və faktlar sübut edir ki, bu, fərdi ailə dramı deyil. Doğrudur, ortada insan münasibətləri, xəyanət, manipulyasiya, maddi maraq kimi hallar realdır, amma bunları avtomatik olaraq geniş, koordinasiyalı bir sistem kimi təqdim etmək üçün dəlillər kifayət qədərdir.
Mənə irad tuta bilərsiniz ki, bəzən insanlar yaxınlarının qərarlarını anlamadıqda (məsələn, ailəni tərk etməsi), bunu “tora düşmək”, “cadunun təsiri” kimi izah etməyə çalışırlar. Amma bu, daha çox emosional yanaşma deyil, bir sistemin törətdiyi faciələr toplusudur. Yəqin ki, bu yaxınlarda həmin sistem barədə ətraflı yazımız olacaq.
