Çoxumuz elə ailələrdə böyümüşük ki, uşaq vaxtı heç vaxt pulumuz olmayıb. Qohumların əlimizə verdiyi pulları da valideynlərimiz əlimizdən alıb ki, uşaqsan, nə bilirsən pul xərcləməyi? Şəxsən mən uşaq vaxtından pula o qədər öyrəşməmişdim ki, böyüyüb, işləyib pul qazananda belə, o pulu xərcələyəndə özümü günahkar hesab edirdim, elə bilirdim, mütləq aparıb böyüklərə verməliyəm ki, onlar lazım olan yerə xərcləsin.
Ya da çox imkanlı ailələrdə böyüyən uşaqlar olub ki, cibləri həmişə dolu olub, istədiklərini o qədər rahat ala biliblər ki, axırı yaxşı qurtarmayıb. Zərərli vərdişlərə, qumara, içkiyə qurşanıblar. Harınlayıblar.
Əslində, belə olmamalıdır. Uşaqlar balacalıqdan iqtisadi cəhətdən savadlı olmalıdırlar. Bu da şəxsi təcrübə ilə daha yaxşı mümkün olur. Norveçdə qanunlar uşaqlara verilən cibxərcliyinin miqdarını müəyyən edir. Yaş kateqoriyasına görə uşaqlara verilməli olan həftəlik cibxərcliyi müəyyən edilir. Məsələn hazırda səkkiz yaşlı qızıma həftədə üç avro, on bir yaşlı oğluma isə yeddi avro verməliyəm. Bundan nə az, nə çox vermək olmaz. Onlar da bu pulu istədikləri kimi xərcləməlidirlər. İstəsələr, yığıb özlərinə çoxdan arzuladıqları şeyi ala bilərlər, istəsələr hamısını bir gündə şirniyyata xərcləyə bilərlər. Valideyn məsləhət verə bilər, amma qarışmamalıdır.
Bu yolla uşaq erkən yaşdan pulla doğru davranmağı öyrənir. Bilir ki, pulun hamısını bir gündə xərcləsə, sabaha pulu qalmayacaq. Ya da, yığsa, özünə arzuladığı oyunu, oyuncağı və s. ala biləcək.
Uşaqların iqtisası məlumatlılığını təşkil etmək barədə çoxlu onlayn təlimlər var. Olduqca sadə məsləhətlərlə qısa müddətdə gələcəyin iqtisadçısını yetişdirəcək qədər effektli nəticələr əldə etmək olar.
Özümün istifadə etdiyim yollar da sadədir.
Uşaqları ailə büdcəsi barədə məlumatlandırıram.
Pulsuzluqdan şikayət edib, uşaqları iqtisadi qorxular yaratamaq yerinə, sağlam qənaət və qazanmaq imkanlarlndan danışıram.
Uşağın pullarına toxunmuram. İmpulsiv xərclərə yol verəndə belə, kartlarını əllərindən almıram, sadəcə məlumat verirəm ki, o pulu daha faydalı şəkildə necə istifadə edə bilərdi. Yatırım imkanlarndan xəbər verirəm. Bank faizləri, qiymətli yatırımlar və s. Həfətlik pullarını gecikdirmirəm və ya hamısını bircə gündə xərclədi deyə, kəsmirəm.
Bəs, siz uşaqlarınızın iqtisadi maariflənməsi üçün nələr edirsiniz?
