Azərbaycanda məhkəmə sistemində təqaüdə çıxan hakimlərdən bir hissəsinin yerini onların övladları tutur. Bu “ənənə” bir neçə ildir ki, davam edir.
Tacxeber.com xəbər verir ki, 2025-ci ilin dekabrında son hakim təyinatları ilə bağlı yeni siyahı da təqaüdə göndərilmiş hakimlərin “varisləri” baxımından istisna deyil.
Siyahıda yaş həddi ilə əlaqədar bir müddət əvvəl pensiyaya göndərilmiş Bakı Apellyasiya Məhkəməsinin iki hakiminin övladları gözə dəyir.
Bunlardan biri İlqar Murquzovun oğlu Elmir Murquzov, digəri isə Mirzəli Abbasovun qızı Nərgiz Abbaszadədir.
1960-cı il təvəllüdlü Mirzəli Abbasov 17 il Bakı Apellyasiya Məhkəməsinin hakimi işləyib. O, 2025-ci ilin sentyabrında 65 yaşı tamam olduğuna görə pensiyaya göndərilib. Dekabrda isə qızı Nərgiz Abbaszadə Qəbələ Rayon Məhkəməsinə hakim təyin olunub. O, 2014-cü ildən Ədliyyə Nazirliyi sistemində işləyirdi.
1958-ci il təvəllüdlü İlqar Murquzov də 2008-ci ildən hakim idi. Ondan əvvəl isə prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləmişdi.
İlqar Murquzovun oğlu Elmir Murquzov isə vəkil idi.
Məlumatı Gununsesi.info -ya verən mənbə bildirib ki, o, bir müddət əvvəl məhkəmədə atasına da vəkillik edib.
Elmir Murquzov isə Lənkəran Rayon Məhkəməsinə hakim təyin olunub.
İstər İlqar Murquzov, istərsə də Mirzəli Abbasovun bir çox tanınmış şəxslərlə bağlı hökm və qərarlarda imzası var.
Bunlardan jurnalist Xədicə İsmayıl, Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə təqsirləndirilən Yunis Səfərov, keçmiş MTN generalı Mövlam Şıxəliyev və digərlərinin adlarını çəkmək olar.
Hazırda məhkəmə sistemində çalışan keçmiş hakimlərin digər “varislərinin” adlarını da açıqlayacağıq.
