Hər bir müharibə özünün qəhrəmanlarını doğurur. Həmin qəhrəman da onu doğuran müharibənin simvoluna çevrilir.
Birinci Qarabağ Müharibəsinin simvolu heç şübhəsiz ki, beş gün ərzində erməni işğalçıları ilə təkbaşına döyüşən, əsir düşmüş Xocalı sakinlərinin həyatını xilas etmək üçün işğalçılara təslim olmağa razı olan, bu zaman Azərbaycan bayrağının yerə atılmasına imkan verməmək üçün onu əlinə alaraq düşmənin üzərinə gedən Natiq Qasımovdur.

Rusiyanın işğalçılıq müharibəsinə qarşı Ukrayanın apardığı azadlıq müharibəsinin qəhrəmanı, simvolu Aleksandr Matsiyevskidir.

Moldova doğumlu Aleksandr Matsiyevski vətəndaşı olduğu Ukrayna Rusiya işğalına məruz qalanda əlinə silah alaraq vətənin müdafiəsinə qalxıb. Soledar ətrafında əsir düşüb. Quduzlaşmış ruslar Aleksandr Matsiyevskini sındırmağa çalışırlar. Bu anda Aleksandr Matsiyevski bayrağını əlinə alaraq düşmənin üzərinə gedən Natiq Qasımovun qəhrəmanlığını təkrarlayaraq “Ukraynaya eşq olsun” (Slava Ukraini) şüarını səsləndirir və həlak olur.
Azərbaycanın Vətən, Ukraynanın Azadlıq müharibəsində belə oxşar məqamlar çoxdur. Qənaətimcə, belə oxşar məqamları özündə əks etdirən kitabların yazılması, filmlərin çəkilməsi qəhrəmanlarımızın daha geniş çoğrafiyaya tanıdılmasına böyük töhfə verər.
